Gündəm 

Erməni diasporu pərən-pərən düşüb

Dünya çapında onları it yerinə də qoyan yoxdur

İkinci Qarabağ müharibəsinin mühüm nəticələrindən biri də Ermənistanın məğlubiyyəti ilə yanaşı, erməni diasporunun da dünya miqyasında mövqeyinin əhəmiyyətli dərəcədə zəifləməsi oldu. İndi erməni diasporunun tarixən güclü olduğu ABŞ, Fransa və Rusiyada təsir qüvvəsini itirdiyi müşahidə edilir. Erməni diasporunun mövqelərinin sarsılması ABŞ-da özünü qabarıq büruzə verir. Bunu ABŞ Prezident Administrasiyasının 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana cəmi 24 milyon ABŞ dolları ayırması da təsdiq edir. Halbuki, erməni lobbisinin istəkləri qarşılığında Ağ ev 2022-ci il üçün Ermənistana 45 milyon dollar ayırmışdı. Göründüyü kimi, ABŞ Ermənistana ayrılaraq təsdiqlənən yardımı 21 milyon dollar azaldıb. Erməni lobbisi münaqişə dövründə hər il Qarabağdakı erməni icmasına kömək adı altında separatçılara ABŞ-dan əlavə yardım alırdı. Amma 44 günlük müharibənin nəticələrindən sonra vəziyyət Azərbaycanın istədiyi məcrada dəyişdi və 2023-cü ilin dövlət büdcəsində Qarabağ erməniləri üçün ümumiyyətlə heç bir yardım nəzərdə tutulmadı.

Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan Feysbuk səhifəsində yazıb ki, erməni diasporu ölkədən uzaqlaşır və bunun da ən əsas səbəbi mövcud hakimiyyətdir: “Birləşmiş Ştatlara 10 günlük işgüzar səfərimin nəticələrinə yekun vuraraq bir çox partiya, ictimai və populyar görüşlər keçirərək, qeyd etməyi zəruri sayıram ki, müharibədən (44 günlük müharibə-Red) sonra ölkədəki mövcud vəziyyətə görə diaspor məyusluq və qeyri-müəyyənlik vəziyyətindədir. Erməni diasporunun potensialı və imkanlarından nəinki tam istifadə olunmur, əksinə, mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində onlar ölkədən uzaqlaşdırılıb”.

Erməni diasporu Fransada da təsir gücünü itirir. Fransada prezident seçkilərinin nəticələri də bunu təsdiq edir. Məlumdur ki, ötən il Fransada keçirilən prezident seçkilərinin birinci turunun yekun nəticələri erməni lobbisinin seçkilərə müdaxilə cəhdində tam iflasa uğradığını göstərmişdi. Belə ki, irqçi Erik Zemmur və təxribatçı Valeri Pekress müvafiq olaraq 7,1 faiz və 4,8 faiz toplayaraq siyahının sonunda yer almışdırlar. Fransanın qeyri-məhdud dəstəyinə ümid edən erməni diasporu isə bütün gücünü məhz son iki namizədə sərf etmişdi. Amma məlum oldu ki, diaspor onun düşündüyü qədər güclü deyil. Elə Rusiyada da erməni diasporunun mövqeyi zəifləyir. Ermənistan mediasında son dövrlərdə yer alan fikirlər fonunda o da bəlli olur ki, erməni diasporu Rusiyada da Azərbaycana daha böyük fərq hesabı ilə uduzmağa başlayıb. Bunun sübutu kimi Rusiya Erməniləri İttifaqının Azərbaycanın fəaliyyəti sayəsində təsir gücünün zəifləməsi göstərilir. Hayastanın “Past” qəzeti də yazır ki, indiki vəziyyət təkcə Ermənistan üçün deyil, bütün ermənilər, o cümlədən diaspor üçün ölümcüldür. Məsələ burasındadır ki, müharibədən sonra erməni diasporu çox sürətlə parçalanmağa və kimliyini itirməyə başladı. Nəşr qeyd edir ki, əvvəllər diaspor erməniləri öz milli mənsubiyyətləri ilə fəxr edir, bunu daim vurğulayırdılarsa, indi onların çoxu təslim olmuş Ermənistanla birləşmək istəmir və özlərinə başqa kimlik aid etməyə üstünlük verirlər: “Yaxud əvvəllər bir çox diaspor erməniləri arasında öz vətənlərinə qayıtmaq arzusu var idisə, bəziləri hətta gələcəyini Ermənistanda görürdüsə, indi bu istək xeyli dərəcədə itib, çünki Ermənistan hətta öz sərhədlərinin toxunulmazlığını təmin edə bilmir. Məhz buna görə də uzun illər əvvəl Suriyada vətəndaş müharibəsi başlayanda bir çox suriyalı ermənilər Ermənistana köçməyə üstünlük verirdisə, indi Ukraynada hərbi əməliyyatlar getdiyi bir vaxtda böyük erməni icmasının üzvləri Rusiyaya, Polşaya və digər Avropa ölkələrinə getməyə üstünlük verirlər. Diaspor erməni icmalarının birləşməsi məsələsi hətta sual altındadır. Diasporda baş verən bu cür proseslər təsadüfi ola bilməz. Bu hakimiyyət orqanları fəaliyyətlərinin lap əvvəlindən diasporun adı ilə daim manipulyasiya etsələr də, diaspor erməni icmaları ilə işləyə bilmədilər. Diaspor Nazirliyini bağladılar, sonra filial, Diasporla İş üzrə Baş Komissarlıq Aparatını açdılar və məzmun baxımından müxtəlif ölkələrdəki icmalarımızı birləşdirmək, erməni kimliyini qoruyub saxlamaq üçün demək olar ki, heç nə etmədilər. Diasporla iş üzrə baş komissar həmin dövrdə ancaq vergi ödəyicilərinin hesabına mükafatlar paylayıb, xaricə gedib. Nikol Paşinyan isə böyük erməni icmalarının olduğu ölkələrə qeyri-peşəkar səfir göndərməklə həmin icmaların birləşməsinə son ümidləri də yox etdi, çünki o insanlar ancaq vəzifələrin “dadını çıxarmaqla” məşğuldurlar. İstənilən məsələdə olduğu kimi, diasporla işdə də hər şey ancaq boş piar üzərində qurulub. Məsələn, sosial şəbəkələrdə müəyyən yaşda olan qadınlar müxalifəti söyəndə belə bir təəssürat yarandı ki, hakimiyyət diaspordakı dəstəkdən bəhrələnir. Amma reallıqda diaspor Paşinyana və komandasına etibar etsəydi, 4 ildən sonra Ermənistana çoxlu sayda qayıdanlar olardı, investisiyalar yatırılardı. Müharibə illərində diasporun potensialından belə düzgün istifadə olunmayıb. Məsələn, diaspor ermənilərinin imkanları hesabına konkret problemlər həll oluna bilərdi. Lakin hakimiyyətin düşüncəsi nümayişlərdən, küçələrin bağlanmasından o yana getmir, ona görə də döyüşlərin qızmar mərhələsində erməni icmasının nümayəndələrini küçələri bağlamağa çağırsalar da, nəticədə heç bir məsələ həllini tapmayıb. Sonra hakimiyyət “Hayastan” ümumerməni fondunun hesabından diasporun topladığı pulları götürüb büdcəyə daxil etdi ki, hesabat vermədən istədikləri kimi istifadə etsinlər”. Beləliklə, bütövlükdə təkcə Rusiya da və Qərbdə erməni diasporunun anti-Azərbaycan fəaliyyətinin fiaskoya uğraması müşahidə edilir. Bunun real göstəricisi odur ki, erməni diasporunun bütün cəhdlərinə baxmayaraq, ABŞ, Avropa dövlətləri, Azərbaycanla ən müxtəlif sahələr üzrə əməkdaşlığını dərinləşdirməklə yanaşı, azad edilmiş ərazilərdə də ölkəmizlə sıx işbirliyi qurur.

Daha çox xəbərlər