Qorxaq siyasətçi quyruq bulayar
Ciddi siyasətçilər və dövlət adamları irəli sürdükləri fikirlərin arxasından heç vaxt çəkilmirlər. Geri çəkilməyi özlərinə həqarət sayırlar. Ancaq elələri də var ki, başları girmədiyi kola bədənlərini də dürtməyə çalışırlar. Amma alınmır…
Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Telefon danışığı zamanı nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər. Abdullahian bununla neçənci dəfədir ki, tüpürdüyünü yalayır. O, öz qələtlərini yemək üçün yenə də buna məcbur qalıb. Nahaq yerə deməyiblər ki, ağılsız baş bədənə əziyyət verər.
İlk dəfə deyil ki,İran aranı qarışdırandan sonra belə üsula əl atır. İranın xarici siyasət nümayəndələri heç bir səbəb olmadan gərginləşdirdikləri Azərbaycan-İran münasibətlərini müzakirə etmək üçün Azərbaycana müraciət etməli olurlar. Məqsəd gün kimi aydındır: Onlar yaratdıqları gərginliyə əvvəlcə Azərbaycanın necə reaksiya verəcəyini bilmək, yəni, nəbzini tutmaq istəyirlər. Sonrakı addımlarını bu reaksiyalara uyğun atmağı götür-qoy edirlər. Sərt reaksiya görən kimi yumşaldıcı tədbirlərə keçirlər, “Azərbaycan gözümüzün nurudur”, “əzizimizdir”, “dostumuzdur” deyirlər. Yalançının ataba-atasına lənət olsun.
Yəni, İranın danışıqlara cəhd etməsi heç də gərginliyin azaldılmasında meyilli olması, səmimi peşmançılıq çəkməsi anlamına gəlmir. Molla rejimi hiyləgər və aqressiv olmaqla bərabər, həm də qorxaqdır. Hazırkı münasibətlər göstərir ki, indi böyük ehtimalla Azərbaycana qarşı nümayiş etdirdikləri əzələ nümayişlərinin təsirlərini ölçməyə çalışırlar. Digər tərəfdən, İranın kütbaş xarici siyasət nümayəndələri bu müzakirələrdə səmimi olsalar belə, unudulmamalıdır ki, İranda xarici siyasət də daxil, artıq bütün sahələr tamamilə silahlı qüvvələrin, xüsusən də SEPAH-ın əlinə keçib. SEPAH dövlətin müəyyən etdiyi xarici siyasətinə tamamilə zidd mövqe tuta bilir. SEPAH-ın anqutboğaz generalları və polkovnikləri heç kəslə hesablaşmırlar, hətta dövlətə başçılıq edənlərlə də. Qısaca desək, əmmaməli siyasətçilərin ipi artıq dünyada terror təşkilatı kimi tanınan SEPAH-ın əlindədir. SEPAHçılar dövlətin ali rəhbərlərini heçə sayaraq xarici ölkələrə müharibə anonsu göndərir, ultimatum verir, barmaq silkələyirlər. Nə prezident, nə parlament sədri, nə də ali dini rəhbər bu səlahiyyətli quldurlara öz yerini göstərir. Bir sözlə, silahlı terrorçular mollaların başına çatı salıb hara gəldi dartırlar.
İran öz cəmiyyətinin etnik quruluşu baxımından müstəqil Azərbaycan Respublikasının varlığını, inkişafını, güclənməsini özünün mövcudluğunun davamına qarşı təhlükə olaraq görür. Hər vasitə ilə onun inkişafının və güclənməsinin qarşısını almaq istəyir. Bu baxımdan İranın Azərbaycana qarşı düşmənçilik münasibətinin bitəcəyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Həmişə kimlər tərəfindənsə Azərbaycan cəmiyyətində “İran böyük dövlətdir, onu qıcıqlandırmaq lazım deyil” kimi fikirlərin səsləndirildiyinə də şahid olmuşuq. Bunu cəmiyyətə sırıyanlar elə İranın ölkəmizdə sülənən dələduzlarıdır. Onlar daha da irəli gedərək “kərimə” dövləti də quraşdırmaq fikrinə düşmüşdülər. Lakin Azərbaycanın hüquq-mühafizə orqanları düşmən torunda çabalayan nacinsləri həbs edib layiq olduqları yerə göndərirlər. İyrənclik və ikrah doğuran hal odur ki, xalqına xain çıxanlar bir büküm nəşəyə görə öz həyatlarını da qumara qoyurlar.
Sual oluna bilər ki, biz İranın heç bir daxili işinə qarışmadığımız halda nə üçün birdən-birə bu ölkənin başçıları bizə qarşı belə düşmən mövqe tutdular?
Cavab göz önündə baş verən hadisələrdir. İran 30 ildən artıqdır ki, Azərbaycanın çağdaş, insani dəyərlərə söykənən bir dövlət olmasından, demokratik inkişafından, müstəqil siyasət aparmasından, dini-məzhəb, etnik qruplara qarşı tolerant münasibətindən, dünya dövlətləri arasında layiqli yer tutmasından, onlarla strateji tərəfdaşlığından qıcıqlanmaqdadır. İranı qıcıqlandırmamaq üçün bunların hansından əl çəkə bilərik və nə üçün əl çəkməliyik? Bunlardan vaz keçə bilməyəcəyimizə görə geriyə yeganə bir yol qalır – 40 milyonluq Güney Azərbaycan da daxil olmaqla, bütün imkanlarımızı, potensialımızı səfərbər edərək İranın müstəqilliyimizə, demokratiyamıza, insani dəyərlərə, cəmiyyətimizə qarşı hücumlarını dəf etmək və lazımi cavabı vermək. Bu halda İran quyruğunu özünə qısacaq. Biz artıq bu yolla gedirik. İran müstəqil Azərbaycanın hərbi və iqtisadi gücünü hiss etdikcə geri çəkilir. Əvvəlki hadisələrdən alınan nəticələr bunu açıq göstərir.
Zəif Ermənistandan başqa dostu olmayan İran daha bir güclü ölkə ilə düşmən olmaq istəmir. Ətrafındakı dövlətlərin heç biri İrana etibar etmir və onunla dostluq əlaqələri saxlamır. Hətta Ermənistana Qərbdən bir gözağartması gələn kimi İrandan uzaqlaşacaq.
İtdən soruşurlar ki, niyə hürürsən? Deyir ki, qorxuduram. Yenə soruşurlar: Bəs, quyruğunu niyə bulayırsan? Deyir: Özüm də qorxuram axı. Araz qırağına qoşun çəkən İran niyə hücum etmədi? Azərbaycana tərəf tuşladığı raketlərin ağzını niyə geri döndərdi? Arazı keçmək üçün sürüyüb gətirdiyi panton körpüləri niyə geri qaytardı? Çünki özü də qorxurdu. İndi mollalar qırdıqları qələtlərə görə və Azərbaycanın sərt reaksiyalarına görə geri çəkilirlər. Bu, bizim uğurumuzdur və onu davam etdirməliyik.

