İslamın saflığını, humanistliyini və insanpərvərliyini nümayiş etdirən bayram – Ramazan
Ümummilli Lider Heydər Əliyev xalqın qəlbən tapındığı İslami dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs dini bayramlarımızın dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir
70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də buna əsla nail olmadı. İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən Ramazan hər zaman olduğu kimi, bu gün də azərbaycanlılar üçün müqəddəs ay olaraq qalır. İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş Sovetlər birliyi dövründə bütün qadağalara baxmayaraq, Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi Ulu Öndər Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, bu sahəyə daim xüsusi diqqətlə yanaşdı. Dahi şəxsiyyət Heydər Əliyev həmişə vurğulayırdı ki, İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir.
Ümummilli Lider xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Ramazan bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz Ulu Öndərin təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Ramazan bayramı iş günü olmayan bayram hesab edilir və bu, dövlətin vətəndaşların vicdan azadlığına necə yüksək həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.
Ramazan bayramını başqa bayramlardan fərqləndirən əsas xüsusiyyət bir ay boyunca gündüzlər ac-susuz qalıb, axşamlar ibadət edən və bu ibadətlərin çətinliklərinə dözən, Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadət edən müsəlmanların bu ayın tələblərindən irəli gələn məsuliyyətin başa çatmasından dolayı hiss etdikləri bir rahatlıq və arxayınlıq duyğusudur. Başqa bayramlarda olduğu kimi, Ramazan bayramı da insanların yaşayış tərzinə öz müsbət təsirini göstərir. Ümumiyyətlə, bu bayramın yaxınlaşması belə insanlarda xoş əhval-ruhiyyə yaradır. Belə xoş emosiyaların insan psixikasına müsbət təsirinin isə sübuta ehtiyacı yoxdur. Bayram günündə insanlar şadlanır, əhatəsi ilə səmimi və isti münasibət saxlayır, ailəsinə daha çox vaxt ayıraraq bayram gəzintisinə çıxırlar. Ramazan bayramının əsas üstünlüklərindən biri də bir ay boyunca insanın etdiyi əməlləri müqabilində mükafatlandırılacağına inamı və bu işin öhdəsindən gəldiyi üçün keçirdiyi sevinc hissidir. Bayram günü İslam şəriətinə görə oruc tutmaq haramdır.
Ramazan bayramı həm də Fitr bayramı adlanır. Bu bayramın başqa bayramlardan bir fərqli xüsusiyyəti də onun milli deyil, ümumbəşəri əhəmiyyətə malik olmasıdır. Bu da bir ay boyunca pis əməllərdən çəkinərək oruc tutub ibadət edən hər bir müsəlmanın əməllərinin boşa getməməsi və mükafatlandırılması üçün Ramazan bayramının şərtlərindən biri kimi, tamamilə yoxsul həyatı yaşamayan hər bir kəsin müəyyən məbləğdə ac-yalavaclar (fəqirlər) üçün sədəqə ayırmasının vacibliyi əmrinə səmimi qəlbdən itaət etməsində özünü göstərir. Bu sədəqəyə də fitrə deyilir. Kasıblara sədəqə verilməsini İslam dini bu bayramda vacib saydığı kimi, adi günlərdə də bu təcrübədən yararlanmağı, kasıbların halına acıyaraq Allahın sənə vermiş olduğu ruzidən başqalarına da pay ayırmağı böyük savab və bundan başqa insaniyyət baxımından da xeyirli və ağıllı əməl kimi hər kəsə tövsiyə edir.

