Gündəm 

Ermənistan İran və Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir, Qərb isə susur…

Rusiyanın böhran yaşadığı  hazırkı dönəmdə iqtisadi baxımdan  ondan asılı olan bir ölkənin iqtisadiyyatının sürətli artımı təbii və leqal şəkildə baş verə bilməzdi. Əlbəttə ki, bu süni aktivliyə təkan verən başlıca amillərdən biri isə Ermənistanın sanksiyalardan yayınaraq Rusiya ilə iqtisadi əlaqələri davam etdirməyə çalışan ölkələrə yardım etməsidir. Həm də Rusiyaya sanksiyaların təsirini azaldır.

Ermənistan Statistika Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 69% artaraq 14.1 milyard ABŞ dollarına çatmışdır. Həmin dövrdə Ermənistanın ixracı isə 78% artaraq 5.3 milyard dollara, idxal isə 63.5% artaraq 8.7 milyard dollar təşkil etmişdir. Bundan əvvəl, 2021-ci ildə pandemiya ilə əlaqəli böhranın yaşandığı 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi cəmi 17.7% artaraq 8.38 milyard dollara çatmışdı. Ona görə də heç bir ciddi iqtisadi əsas olmadan Ermənistanda ticarət dövriyyəsinin kəskin artması və Rusiya-Ukrayna müharibəsinin baş verdiyi dövrlə üst-üstə düşməsi şübhə yaradır. Halbuki, müharibə Rusiyada iqtisadi inkişafı zəiflətdiyindən və Ermənistan iqtisadiyyatı da Rusiyadan çox asılı olduğundan Ermənistanın müxtəlif iqtisadi göstəricilərində, o cümlədən xarici ticarətində ciddi azalmalar müşahidə edilməli idi.

Ermənistanın əsas ticarət tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi isə 2022-ci ildə 92%-ə qədər artaraq 5 milyard dolları ötmüşdür. Bu dövrdə Rusiyaya ixrac 2.4 dəfə artaraq 2.4 milyard dollara, idxal isə 40%-dən çox artaraq 2.63 milyard dollara bərabər olmuşdur. Bunun nəticəsində Rusiyanın Ermənistanın ixracında payı 2022-ci ildə əvvəlki illə müqayisədə 23.5%-dən 45%-ə qədər artmışdır. Rusiyada yaşanan iqtisadi böhran səbəbindən müxtəlif məhsullara olan tələbatın azalmasına görə Ermənistandan Rusiyaya ixracın azalacağı, Rusiyada istehsal imkanları zəiflədiyinə görə isə Rusiyadan Ermənistana da ixracın azalması gözlənilirdi. Lakin əks prosesin getdiyinin şahidi olduq. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Ermənistan ticarət əlaqələrində müşahidə edilən kəskin artım iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının nəticəsi deyil, daha çox süni xarakterə malikdir. Bu da sözsüz ki, sanksiyalardan yayınmaq məqsədilə Ermənistanın Rusiyaya ixrac üçün vasitəçi ölkə kimi istifadə edilməsi ilə bağlı şübhələrin yaranmasına əsas verir.

Ermənistandan Rusiyaya ixracın daha kəskin artması onu deməyə əsas verir ki, bu ölkə Rusiyaya daha çox xarici ölkələrdən məhsul idxal etməyə kömək edir. Bunu əsaslandırmaq üçün 2022-ci ildə Ermənistana ixracı kəskin artmış ölkələri nəzərdən keçirək. 2022-ci ildə Vyetnamdan Ermənistana ixrac 380% artaraq 175 milyon dolları ötmüşdür, Meksikadan ixrac 324% artaraq 60.9 milyon dollara, Yaponiyadan ixrac 252% artaraq 195 milyon dollara, Qazaxıstandan ixrac 201% artaraq 23.5 milyon dollara, Hindistandan ixrac 190% artaraq 259.2 milyon dollara, Filippindən ixrac 181% artaraq 9.5 milyon dollara, Tailanddan ixrac 131% artaraq 54.7 milyon dollara, Malayziyadan ixrac 131% artaraq 26.9 milyon dollara, Cənubi Koreyadan ixrac 102% artaraq 94.8 milyon dollara, Özbəkistandan ixrac isə 101% artaraq 23.8 milyon dollara çatmışdır.

Qeyd edilən ölkələrdən bir çoxunun yenidən ixrac üçün Ermənistandan istifadə etməsi ehtimalı böyükdür. Ona görə ki, bu ölkələrin Rusiya ilə ticarət əlaqələri çox inkişaf etmişdir.

Yeri gəlmişkən sözügedən məsələ ilə bağlı daha bir mühüm nüansa toxunaq. “The New York Times”  qəzeti ABŞ və Avropa İttifaqının yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlayıb. Məlumatlara görə, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur. Söhbət Rusiyanın Ukraynanı vurduğu raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərin və digər elektron cihazların kütləvi satışından gedir.

Sanksiyalardan qaçmaq baxımından Qərb bloku ölkələrinin Ermənistana ixracının necə dəyişməsi daha əhəmiyyətlidir. Statistik rəqəmlər göstərir ki, Qərb blokuna aid olan əsas dövlətlərin 2022-ci ildə Ermənistana ixracı artmışdır. Ümumilikdə, 2022-ci ildə Avropa İttifaqından Ermənistana ixrac əvvəlki illə müqayisədə 70%-dən çox artaraq 1.3 milyard dollara çatmışdır. Bir sıra Qərb blokuna aid ölkələrdə isə bu artım çox böyük olmuşdur.

Göründüyü kimi, bütün bu faktlar Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biri olduğunu sübut edir. Rusiya ilə sıx iqtisadi əlaqələrə malik olan ölkələrin çoxunun Ermənistana ixracı anormal şəkildə artmışdır. Bir çox ölkələrdən ixracın dəfələrlə artması və bəzi hallarda çox yüksək məbləğlərə çatması onu deməyə əsas verir ki, bu ölkələrin əksəriyyəti Rusiyaya ixracın azalan həcmlərini Ermənistan vasitəsilə Rusiyaya ixrac etməklə kompensasiya etməyə çalışmışdır. Eyni zamanda, Rusiyanın müttəfiqi olan Belarusa da Ermənistandan ixrac 2022-ci ildə 2.6 dəfə artmışdır. Belarusa qarşı da sanksiyalar tətbiq edilmişdir və ona görə də bu ölkəyə ixracda sanksiyalardan yayınmaq üçün müxtəlif ölkələrin Ermənistandan istifadə etməsi ehtimalları böyükdür.

Ermənistanın Rusiyaya yenidənixracda iştirak etməsini həm də o faktor təsidiqləyir ki, Ermənistan böyük iqtisadiyyata və istehsal imkanlarına malik deyil. Buna görə də Ermənistanda istehsal səviyyəsinin bir il ərzində Rusiyaya ixracı kəskin artıracaq qədər artması mümkün deyildir. Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra bir çox mütəxəssislər qeyd edirdilər ki, sanksiyalar effektiv olmayacaqdır. Ona görə ki, Rusiya Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan Ermənistan kimi ölkələrdən istədiyi məhsulları maneəsiz idxal edə biləcək.

Eyni zamanda, uzun illərdir Ermənistan İrana da sanksiyalardan yayınmağa kömək edir və artıq bu istiqamətdə təcrübəyə malikdir. Xüsusilə də Ermənistanın özünün bank sistemi vasitəsilə İrana sanksiyalardan yayınmaq üçün pul köçürmələrini həyata keçirməyə, beynəlxalq maliyyə sistemlərinə çıxış əldə etməyə və çirkli pulları yumağa kömək edir. Buna baxmayaraq, ABŞ və digər Qərb dövlətləri neçə illərdir buna göz yumur. Hazırda isə Qərb eyni yanaşmanı Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsinə tətbiq edir.

Ermənistanın istər İranla bağlı, istərsə də Rusiya ilə bağlı sanksiyalardan yayınmaqda vasitəçi rolunu oynamasına aid kifayət qədər dəlillər olsa da sanksiyaları tətbiq edən və əsas dəstəkçiləri olan Qərb bloku ölkələri bununla bağlı bu ölkəyə qarşı hər hansı ciddi bir addım atmır və ya bu məsələ ilə bağlı hər hansı bir ciddi bəyanat vermir. Sanksiyalardan yan keçmək üçün əsas mərkəzlərdən birinə çevrilmiş Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsinə Qərb ölkələri yenə reaksiya verməsələr, bu blokun Ukraynaya dəstəyinin səmimiliyi sual altında qalacaq.

Daha çox xəbərlər