Cəmiyyətə işıq bəxş edən alim ömrü
Zərifə xanım Əliyeva Azərbaycan və dünya tibb tarixinə öz adını qızıl hərflərlə yazdırmış fədakar bir alim idi. Onun dərin mənalı və şərəfli həyat yolu, çoxşaxəli fəaliyyəti gələcək nəsillər üçün əsl nümunədir. Həmçinin Ulu Öndərimizin ömür-gün yoldaşı, gözəl ana, nümunəvi Azərbaycan qadını idi. Zəngin daxili aləmi, yüksək mənəviyyatı, həssas qəlbi onun əsl insan, həkim olmasından xəbər verirdi. Azərbaycanın qadın alimlərinin ən gözəl nümunəsi olan Zərifə xanım bütün həyatını insanlara işıq bəxş etməyə, onların dünyasını aydınlatmağa, yenidən həyata qaytarmağa həsr etmişdir.
Apardığı zəngin araşdırmalar, əldə etdiyi dəyərli elmi nəticələrlə yanaşı, “Əsl həkim necə olmalıdır”, “Həkim – xəstə münasibətləri” kimi məsələlər də Zərifə xanımı daim düşündürmüş, o, öz tədqiqatlarında yeri gəldikcə bu mövzulara toxunmuş, məqalələr, monoqrafiyalar yazmışdır. “Yüksək əqidə”, “Həkimin yüksək vəzifəsi”, “Oftalmologiyanın aktual problemləri” əsərlərində tibbi etika, vəzifə borcu məsələlərini şərh edərək həkim və xəstənin qarşılıqlı əlaqələrinin qaydalarını müəyyən etmişdir. Zərifə xanım Əliyeva sağlamlığını itirmiş həssas insanların qəlblərinə toxunmağın, onları ilk növbədə öz isti münasibəti ilə müalicə etməyin həkimin birinci vəzifəsi olduğu qənaətinə gəlmişdir. Təsadüfi deyil ki, həmkarları həmişə ən ərköyün xəstələrin Zərifə xanıma tapşırıldığını deyirdilər. Zərifə Əliyevanın fikrincə, xəstəliyi müalicə etmək hələ son məqsəd deyil. Həkim həm də xəstəni şəxsiyyət kimi yenidən həyata qaytarmağı bacarmalıdır.
Zərifə xanım Əliyeva, eyni zamanda, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Həmişə Zərifə xanımdan böyük hörmət və məhəbbətlə söz açan Heydər Əliyev deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Zərifə Əliyeva özünün coxşaxəli fəaliyyəti ilə Azərbaycan ictimaiyyətinin də böyük hörmətini qazanmışdır. Özünün kamil insani keyfiyyətləri, müdrikliyi ilə həm iş həyatında, həm də şəxsi həyatında nümunə olan Zərifə xanım mənalı ömür yolu, həyatı və fəliyyəti ilə Azərbaycan qadınının ən gözəl nümunəsinə çevrilmişdi. Rusiyalı həmkarı, Əməkdar elm xadimi N.Şulpina onun haqqında yazırdı: “Bir qadın kimi də Zərifə Əziz qızı haqqında bir neçə kəlmə deməyə bilmərəm. Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Onun görkəmi, qalın saçları, sifətinin qövsləri, cizgisi, açıq alnı, insanın qəlbini riqqətə gətirən qara gözləri heyranlıq doğurmaya bilməzdi. Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu. Mən onu heç zaman əsəbi, qəzəbli görməmişəm. O, həmişə gülərüz, xeyirxah idi. Zərifə xanımın əlləri xüsusi ilə də valeh edirdi. Bu balaca qadın-cərrah əlləri sanki təmasda olduğu hər şeyə istilik verirdi, eyni zamanda bu əllərdə ailə qayğılarının, qadın əməyinin izlərini də sezmək mümkün idi”.
Zərifə xanım öz peşəsini həddən artıq çox sevirdi. Onun nə qədər müqəddəs bir iş olduğunu və insanlara işıq bəxş etməyin ucalığını yaxşı anlayırdı. O, öz sahəsi üzrə kadr hazırlığında da fəal iştirak etmiş, onun rəhbərliyi ilə böyük bir həkim və alimlər nəsli yetişmişdir.
Apreldə dünyaya göz açan Zərifə Əliyeva elə aprel ayında da vaxtsız bu dünyadan köçdü. Lakin unutmayaq ki, insan həyatının uzun və ya qısalığı onun yaşadığı illərdən daha çox əməlləri, həyatın mənası ilə ölçülür. Bu mənada Zərifə xanımın həyat yolunun tez qırılmasına baxmayaraq, o, əslində ən uzunömürlü insanlardan sayıla bilər. Çünki o, öz xeyirxah əməlləri ilə, yaratdığı əsərlərlə yaşayır.
Nuray Əliyeva,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

