Laçın-Xankəndi yolunda dəfn edilən erməni ümidləri
Azərbaycanın qətiyyətli addımları Ermənistanda hərbi- siyasi qarşıdurmanı sürətləndirib
Laçın-Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin Ermənistan və Xankəndidəki separatçılar üzərindəki növbəti qələbəsidir. Bununla da Azərbaycan dövləti ermənilərin ərazilərimizə qeyri-qanuni girişinin və silah daşınmalarının qarşısını alacaq.
Qeyd edək ki, işğalçı ölkə bu yoldan sui-istifadə etməklə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçılara silah daşıyırdı. Bu isə10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın müddəalarına zidd olmaqla regionda sabitliyə və təhlükəsizliyə ciddi təhlükələr yaradırdı. Xüsusilə, son zamanlar Azərbaycan ərazilərində basdırılan Ermənistan istehsalı olan minalar və separatçıların digər hərbi təxribatları dediklərimizin təsdiqidir.
Bu, bir reallıqdır ki, Vətən müharibəsindən sonra dövlətimiz işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Bununla da 30 illik həsrətdən sonra soydaşlarımızın doğma yurdlarına Böyük Qayıdışına başlanılıb. Artıq 2023-cü ildən başlayaraq mülki əhalimizin Laçın rayonu ərazisinə də köçürülməsi planlaşdırılır. Ermənilərin isə Laçın yolundan sui-istifadə edərək qanunsuz əməllər törətməsi, silah daşıması mülki insanlarımızın həyatı üçün hər zaman ciddi təhlükələr yarada bilər. Bu səbəbdən də Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli idi və gördü də…
Bununla da Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərin qarşısına iki seçim qoyulmuş oldu: birinci seçim onların Azərbaycan dövlətinin təklifini qəbul edib reinteqrasiya məsələləri üzrə təmaslara başlamalarıdır. Təbii ki, yerli erməni əhali bu barədə nə qədər tez qərar versə, həyat tərzləri də bir o qədər tez yaxşılaşa bilər. İkinci seçim isə Prezident İlham Əliyevin də dediyi kimi, yaşamağa başqa yer tapmalarıdır.
Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağda yaşayan mülki ermənilərin bu yoldan istifadəsini nəinki, məhdudlaşdırmır, əksinə, onların Azərbaycan ərazisindən giriş və çıxışını həm leqallaşdırır, həm də asanlaşdırır. Bundan başqa, Qarabağ ermənilərinin taleyində Ermənistanın azalmış rolu fiziki olaraq sıfra endirilir. Eyni zamanda, Zəngəzur dəhlizi və üstəgəl sülh müqaviləsi aktiv müzakirə obyektinə çevrilir.
Təbii ki, Azərbaycan dövlətinin bu qəti addımı Xankəndidəki separatçı rejim rəhbərlərini ciddi şəkildə narahat edib. Xüsusilə Araik Arutyunyan Rusiyanı Azərbaycanın bu addımına qəti şəkildə mane olmağa çağırıb. Hətta qondarma rejimin təcili toplanmış «Təhlükəsizlik Şurası» sərsəm bəyanatla çıxış edərək bildirib ki, aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması Qarabağdakı ermənilərin birmənalı olaraq Azərbaycanın girovuna çevrilməsi deməkdir. Hətta onlar daha dərinə gedərək ölkəmizi təhdid etməyə də «cəsarət» ediblər: «Qarabağlı ermənilərin üzləşdikləri təhlükəsizlik və humanitar problemlərin həlli üçün ən qısa zamanda effektiv addımların atılmasını gözləyirik. Belə addımlar atılmazsa biz bundan sonra nə etmək gərəkdiyini düşünməli olacağıq».
Göründüyü kimi, hətta onlar öz himayəadarlarını -Rusiyanın sülhməramlı kontingentini hədələyiblər. Əslində, separatçıların bu bəyanatı qorxudan hürən itin başqa bir mənzərəsidir.
Təbii ki, Azərbaycanın Laçın -Xankəndi yolunda nəzarət- buraxılış məntəqəsi qurması heç bir beynəlxalq normativ-hüquqi aktların, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın şərtlərini pozmur. Tam əksinə, bu, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərə Ermənistandan qanunsuz olaraq silah-sursat və canlı qüvvənin daşınmasının son qoyulmaqla ordumuza və vətəndaşlarımıza qarşı erməni separatçılarının silahlı təxribatlarının qarşısını alacaq.
Şübhə yoxdur ki, məntəqənin quraşdırılmasından sonra ermənilərin ənənəvi dezinformasiya yayımı daha da genişlənəcək. Artıq Ermənistan parlamentinin spikeri Alen Simonyan sərhəd nəzarət-buraxılış məntəqəsinin inşa edilməsinə həyasızcasına münasibət bildirərək bunu insan hüquqlarının pozulması kimi «dəyərləndirib». O anlamır ki, bu açıqlaması beynəlxalq hüquqa zidd olmaqla bərabər, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülhə və əmin-amanlığa təhlükə yaradır.
Təbii ki, belə sərsəmləmələr Azərbaycan dövlətinin qətiyyətli addımlarını əngəlləyə bilməyəcək. Həm Ermənistan, həm də onun himayədarları birdəfəlik anlamalıdırlar ki, silahlı erməni birləşmələrinə, terrorçu qruplara və diversant dəstələrə Azərbaycan ərazisində yer yoxdur. Bir sözlə, ermənilərin son ümidi də Laçın-Xankəndi yolunda dəfn edildi.
Təzadlı hadisə odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan son bəyanatlarında dəfələrlə bildirib ki, Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu, bir daha göstərir ki, Xankəndidəki separatçı rejim ilə Ermənistandakı revanşist qüvvələrin, hətta hakimiyyətin içərisində Paşinyanla ciddi qarşıdurmalar mövcuddur və bu yaxın günlərdə Ermənistanda yeni toqquşmalarla nəticələnə bilər.

