Cəmiyyət 

Zavala gələn “Alagöz” çaxırı

Hər dəfə oralara gedəndə kustar, ya yarımkustar istehsal olan yerli ərzaqlardan – bastıq, alana, qax meyvələr, qaxac (qovurma), dağ pencərləri, ovma-eymə-küp pendirlər, çaşır, bolu, sobu və baldırğan tutmaları, çəki və alabalıq qurusu, mürəbbə və bəkməzlər alıb gətirirəm. Uşaqlıqdan vərdiş etdiyim damaq dadımı dəyişə bilmirəm, həm də arada dost-tanışa ərməğan edirəm. İstəsəniz, buna “kürü diplomatiyası”nın məhəlli versiyası da deyə bilərsiniz, mətbəx regionçuluğu da.
“Qavırma-çaşır diplomatiyam”dan sui-istifadə edən dostlardan biri son səfərimdə orda istehsal olunan alkoqollu içki xahiş etmişdi. Qayıdanbaş Şəhərin bazar və marketlərini dolandım (biz “şəhər” deyəndə yalnız oranı nəzərdə tuturuq, digər şəhərlər isə eləcə Bakıdır, Şəkidir, Sumqayıtdır və s. Odur ki, xüsusiləşmə səbəbindən “şəhər “sözünü böyük hərflə yazıram).

– Yaxşı matah mal istəyirsənsə, “Kəhərölən” marketinə baş çək,- dedilər.
Bir iki dəfə yanından ötsəm də, adına və təyinatına fikir verməmişdim o binanın. Adın mənasını öyrəndim. Dedilər, yurd adıdır. Əslində o yurdun alim övladı Pavlik bəy Morozovxanlı toponimi belə redaktəyə məruz qoyub, “Madyanölən”miş əski adı.
“Axı toponimlə belə oynamazlar” deyirəm.
-Yox, dedilər, -alim adamdır sübut elədi ki, “Madyanölən” toponimini ermənilər bizim türk ruhumuzu kiçiltmək üçün uydurublar. Lap həylə ha…

“Bəs, öz adını niyə dəyişmədi” demək istəyirdim ki, fikrimi oxuyurmuş kimi cavab verdilər. Demə, dünya miqyaslı alimi- biəməlimiz bu barədə gözəl əsər yazıb sübut edibmiş ki, Tanrının Məsihinin özü də, bütün həvariləri, o cümlədən Şau l(Pavel) da türk oğlu türk olublar, ona görə də Pavlik kimi milli addan imtina etmək yox, ona layiq olmaq lazımdır.
Belə maariflənmədən sonra vitrinlərdə matah çaxır axtarışına çıxdım. Və tapdım – “Alagöz xum çaxırı”. Çeşməyimi çıxarıb üzərindəki iki türk dilinin qarışığında yazılmış yazını oxuyuram-“Eski türk runalarından götürülmüş nushaya binaen üretilmişdir”. Arxasında eyni dildə əlavə maarifçi qeyd də vardı: “Çaxır eski kıpçakça kelimedir. Kuzey Kafkasya türkleri hüsusi yoğurt türüne de “kefir” demektetirler ki, bu da “çaxır” kelimesinden töremiştir”.

Bu dəyərli məlumatlardan sonra şərabın niyə “Kəhərölən” deyil də “Alagöz” adlandırılması ilə maraqlandım. İzah verdilər ki, bəs deməyəsən, professor-müəllimin əcdadları Xorasanın Alagöz dağları ətəklərindən pərvazlanaraq çerez Meşkin Cara keçiblərmiş. Oradan da ha bu yaxınlarda Şərura eniblər. Xəritəni göz önümə gətirərəm: Xorasan- Meşkin -Car –Şərur. Nəsə düz gəlmir axı. Arada o qədər bölgələr, məntəqələr hara getdi bəs?
Adam zaman-zaman gah vedili, gah zəngəzurlu, gah ayrımelli, gah naxçıvanlı, gah şərurlu olub. İndi bu “Xorasandan çerez Meşkin Cara” nə söhbətdir? Nəhayət, şıkkı (bizim oralarda “şəhərli” deməkdir) ixtiyarlardan biri tapılıb məni başa saldı ki, dəyərli alimimiz hər dəfə Yuxarılardakı dəyişiklikləri nəzərə alır. Gözəl alim kimi şaman babalarımızın qamlama ayinini öyrənib. “Mən anamın ilkiyəm, ağzı qara tülküyəm, mən çöndüm, sən də çön!” deyib əfsun oxuyur, qabıq da dəyişir. Belə də pis iş də görmür ki! Ha bu cür ləduni elmə vaqif olan şəxs İngiltərədə yaşasaydı, cəmiyyətə nə qədər fayda verərdi. Bizdə də cəmiyyətimizə uyğun pəstahlar çıxarır. Mən də bir az fikir eləyib, böyük alimimizə haqq qazandırdım. İnsanlar xasiyyətcə vələdüzzina olub indilər; ata- babalarına deyil, zəmanələrinə bənzəyirlər (Həzrət Əlidən improvizə).
Amma dostum o çaxırdan çox razı qalmışdı. Deyirdi istemal eləyəndən sonra hiss edib ki, damarlarında boz qırın yovşan ətri, Terek nəhrinin qıjıltısı, Tanrıdağdan əsən küləklərin vıyıltsı cövlan edir. Yenə olsa, əvəzində bir- iki iş də aşıracağını söz vermişdi. Bu günlər xəbər aldım ki, islahatlardan sonra haman çaxırın da istehsalı zavala gəlib. Məyus oldum, “qavırma-çaşır diplomatiyama “ böyük zərbədir. Heyf!
Çaxır haqda, görkəmli feyləsuflarımız demişkən, belə dərin fəlsəfi ekzistensial düşüncələrdən ayrılıb gündəlik xəbərlərə baxır, türkün sözü, gündem takibi yapıyorum. Burda da Morozovxanlının açıqlaması gözümü deşdi. Simsarının qəzəbə ürcah olması ilə başlayan prosesi son illər izlənən uğurlu daxili siyasətin növbəti təzahürü kimi dəyərləndirmişdi. Lap heylə ha… Kişiyə heyran oldum. Adam dediyi kimi də edib. Demişdi ki, Pavlik Morozovxanlı adına layiq olmaq lazımdır, oldu da. Hələ sələfinə bir təpik vurub xeyli irəli də getdi. Fəxr edirəm, professor, çox yaşa!
P.S. Belə bir ad və çaxır növü yoxdur. Yazı sırf təxəyyül məhsuludur.

Daha çox xəbərlər