Müstəqillik tariximizin ən böyük əfvi – 801 məhkum azadlıqdadır
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Əfv olunanlar arasında tanınmış şəxslər var. Belə ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı-Azər Mehdiyev və Zaur Məmmədov əfv edilib. Sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov da əfv edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub. Rafiq Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.
Əfv edilənlər arasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də var. Partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunmuşdu. Belə ki, Dövlət Sərhəd Xidmətinin qəzaya uğramış helikopterindən sağ çıxan iki hərbçi barədə səsləndirdiyi fikirlərə, eləcə də YAP Binəqədi Rayon təşkilatının sabiq sədr əvəzi Ramiz Göyüşov haqqındakı fikirlərinə görə, hər üç şəxs onu şikayət etmişdi. Məhkəmə partiya sədrinin üç iş üzrə ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar vermişdi. Bir müddət sonra isə həbsxanada davaya qarışmışdı. Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilirdi. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinirdi.
Sərəncama əsasən, 14 nəfər əcnəbi vətəndaş əfv edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 11 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Çingiz Qənizadə: “Sərəncam minlərlə insanı sevindirib”
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, əfv sərəncamının verilməsi, sonradan ənənəyə çevrilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hüquq müdafiəçisi Ulu Öndərin 100 illik yubileyi ilə bağlı verilən əfv sərəncamının ümidləri doğrultduğunu vurğuladı: “Ulu öndər hakimiyyətə gəldikdən sonra müstəqillik dövründə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bir çox addımlar atdı. Ölüm hökmünün ləğvi, əfv institutunun tətbiqi, amnistiyanın tətbiqində tərəf kimi çıxış etmək hüquq müdafiəçiləri tərəfindən hər zaman təqdir olunub. Bu əfv sərəncamının say və tərkibə görə geniş olacağı gözlənilirdi, belə də oldu. Əfv institutu tarixində ilk dəfədir ki, 801 nəfər sərəncamın təsir dairəsinə düşdü. Hüquq müdafiəçiləri bu cür humanist addımları hər zaman alqışlayıb. Çox sayda məhbusun əfv olunmasına görə cənab Prezidentə təşəkkür edirik. Əfv olunanların ailə üzvlərini, yaxınlarını nəzərə alsaq, sərəncam minlərlə insanı sevindirib”.
Novella Cəfəroğlu: “Yüzlərlə məhbusun vaxtından əvvəl azadlığa çıxması çox müsbət haldır”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu də qeyd etdi ki, yüzlərlə məhbusun vaxtından əvvəl azadlığa çıxması çox müsbət haldır. O bildirdi ki, yüzlərlə insanın azadlığa çıxması həm onlara, həm də ailələrinə sevinc bəxş edib: “Biz də onların adına çox sevinirik. Bizim təqdimatımızla azadlığa çıxanlar arasında Əli Əliyev, Elçin Məmməd və başqalarının olduğunu deyə bilərəm. Ümumiyyətlə, siyasi motivli həbslərin olmaması arzuolunandır. Siyasi həbslərə görə beynəlxalq təşkilatlar Azərbaycana təzyiq edirlər. 20 ildən artıq müddətdə həbsdə olan məhbusların məsələsinin Milli Məclisə çıxarılmasına və azadlığa buraxılmasına çalışacağıq”.
Zahid Oruc: “İnsan alveri ilə bağlı məsələlərdə nazirin çox prinsipial sərt mövqeyini görürük”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən əfvlə bağlı müzakirələrdə komissiya üzvləri hər bir məhkumun işinə yüksək ədalət, balans, obyektivliklə baxıb. Komitə sədrinin sözlərinə görə, xüsusi olaraq 95% məhkumun işi ilə bağlı daxili işlər naziri kimi Vilayət Eyvazova da müraciət olunub: “Mütləq əksəriyyətinə müxtəlif parametrlərdən humanizm göstərilir. Bir çox işlər də məxfi saxlanılır və bu da başadüşüləndir, çünki cinayət işinin müxtəlif tərəfləri və subyektləri var. Məhz insan alveri ilə bağlı məsələlərdə nazirin çox prinsipial sərt mövqeyini görürük. Bildirir ki, həmin şəxsləri əfv etmək mümkün deyil, çünki sonradan müxtəlif ictimai təhlükəlilik doğuracaq”.
Rəşad Məcid: “2 min müraciət müzakirə olundu”
Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı müstəqillik dövrünün ən böyük əfv aktıdır: “Prezident yanında Əfv Komissiyasının iclasları yanvar ayında başlamışdı. 14 iclas keçirildi, 2 min müraciət müzakirə olundu. Həm Prezident Administrasiyasının şöbələri, həm hüquq-mühafizə orqanları, həm komissiyanın üzvləri hər bir müraciətə həssaslıqla yaşandı. Müsbət rəy verilən sənədlər toplanaraq ölkə başçısına təqdim olundu. Biz cənab Prezidentə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində imzalanan sərəncama görə təşəkkür edirik. Bizə çoxsaylı təşəkkür mesajları gəlir. Bu mesajların hər birinin tək ünvanı cənab prezidentdir”.
Əliməmməd Nuriyev: “Azadlığa buraxılan şəxslər gələcəkdə cinayət törətməkdən çəkinəcəklər”
Hüquq müdafiəçisi, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla yüzlərlə ailəni növbəti dəfə sevindirib: “Azərbaycan Respublikasının əfv tarixində ilk dəfədir bu qədər böyük sayda insan əfv olunur. Həmin şəxslərin əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən, digər qismi azadlıqdan məhrumetmə cəzası yarıbayarı azaldılması ilə bağlı, bəziləri isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzadan azad edilib. Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla əfv olunan şəxsləri, onların ailələrini, yaxınlarını bir sözlə, yüzlərlə ailəni növbəti dəfə sevindirib. Azadlığa buraxılan şəxslər bundan sonra bir vətəndaş kimi ölkəmizin inkişafına öz töhfələrini verə bilər. Həmçinin hesab edirəm ki, sözügedən şəxslər gələcəkdə cinayət törətməkdən çəkinəcək, eyni zamanda yaxşı bir həyat qurmaq imkanından səmərəli istifadə edəcəklər”.
Ombudsman Səbinə Əliyeva Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrası zamanı deyib ki, indiyə qədər 69 əfv sərəncamı imzalanıb, 12 amnistiya aktı qəbul edilib. O bildirib ki, bu dəfə imzalanan sənəd əhatəsinə görə ən geniş əfv sərəncamıdır: “Bu gün çox sevincli gündür. Əfv sərəncamı birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasətinin layiqli davamçısı İlham Əliyev də Ulu Öndərin 100 illiyi ilə bağlı əfv sərəncamı imzaladı. Ombudsman olaraq sərəncama görə təşəkkürümü bildirirəm”.
Səbinə Əliyeva qeyd edib ki, ombudsmanın vəsatəti ilə indiyə qədər 864 nəfər əfvə düşüb: “Bu sərəncamda isə 59 nəfər məhkum ombudsmanın vəsatəti ilə azadlığa buraxılır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 8-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamın icrası Ədliyyə Nazirliyinin Bakı şəhər üzrə Probasiya xidmətində başa çatıb. Sərəncamın icrası Ədliyyə Nazirliyinin Probasiya xidmətində icra olunub.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”