Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir-VİDEO
Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzülmüşdür.
Bərdə Rayon Mədəniyyət Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini, Bərdə rayonuna səfərlərini özündə əks etdirən sərgiyə baxış keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Bərdə rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı geniş məruzə etmişdir. Rayon rəhbəri dolğun rəqəmlərlə və faktlarla Sovet dövründə və müstəqillik illərindəki fəaliyyəti zamanı Ümummilli Liderin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmasından, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından danışmışdır. Eyni zamanda qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə 14 dəfə Bərdəyə səfər etmiş, rayon ictimaiyyəti və sadə əmək adamları ilə şəxsən görüşmüş, rayonun sosial-iqtisadi inkişafında, kənd təsərrüfatının dirçəlişində mühüm rolu olunub.
Qeyd edilib ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, dahi rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən “Əsrin adamı” adlı sənədli filmin nümayişi ilə başa çatıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təntənəli bayram konserti keçirilib.
Xalqımızın Ümummilli Lideri müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bərdə şəhərində konsert proqramı təşkil edilib.
Bərdə şəhər Mərkəzi meydanında baş tutan konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət xadimlərinin və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin müxtəlif musiqi nömrələrini dinləyiblər.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Prezident təqaüdçüsü, əmək qəhrəmanı, Ulu öndərlə dəfələrlə görüşmüş Tərlan Musayeva, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, gənclər, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertin sonunda rayon sakinlərinin böyük maraqla qarşıladığı işıqlı əməlləri, ölməz xatirəsi ilə həmişə bizimlə olan, günəş kimi Azərbaycanı əbədi nura qərq edən Ulu Öndərin xatirəsinə hörmət əlaməti olaraq 100 ədəd “Dilək şarı” uçurdulmuş, səmanı al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığı keçirilib.
Arantv