Cəmiyyət 

Rəsmə işıq lazım olduğu kimi, qəlbə də musiqi lazımdır! Heydər Əliyev Mərkəzində klassik musiqi bayramı keçirilib – FOTO

Heydər Əliyev Mərkəzində Azərbaycan və dünya klassik musiqisi bayramı keçirilib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, gecə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Müasir dünyada insan ona həm müsbət, həm də mənfi xarakterli güclü təsirə malik bir çox müxtəlif mənbələrin əhatəsində yaşayır və inkişaf edir. Klassik musiqi isə əqli qabiliyyətə böyük təsir göstərir, emosional fəallığın artmasına kömək edir və hətta sağlamlığa məhsuldar təsir göstərir. Klassik musiqi əsərləri dərinlik, məzmunluluq, forma mükəmməlliyi ilə ideya əhəmiyyətini özündə birləşdirir. Burada istənilən dinləyicinin mənəvi ehityaclarını qarşılayan böyük dərya cəmlənib – burada həm stimul, həm ehtiras, həm ağrı, həm də acı var. Klassik musiqini ürəyinə buraxmaq eynən pəncərəni açaraq təmiz hava ilə nəfəs almaq kimidir. Rəsmə işıq lazım olduğu kimi, qəlbə də musiqi lazımdır!

Bu dünya əməkdar artist Fuad İbrahimov, beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın xalq artistləri Dinara Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor), həmçinin İtaliyanın məşhur opera ifaçısı Ambrocio Maestrinin (bariton) çıxış etdiyi qala konsertdə nümayiş olundu. Gecədə Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Françesko Çilea, Umberto Cordano, Cakomo Puççini, Cuzeppe Verdi, Pyetro Maskanyi və Sergey Rahmaninovun əsərləri səsləndirildi.

Səhnə ustalarının çıxışları layiqli alqışlarla müşaiyət olunurdu, ən əsası isə gecədə insanın ruhu dincəlirdi…

Rusiya Böyük Teatrının solisti Dinara Əliyeva: “Konsert proqramında azərbaycanlı və italyan bəstəkarların məşhur əsərləri təqdim olunub. Biz hər bir əsərə ürəyimizin bir parçasını qoyurduq və bu hissləri izləyicilərə ötürməyə çalışırdıq”.

Ambrocio Maestri İtaliya, Almaniya, Portuqaliya, İspaniya, ABŞ, Avstriya və digər ölkələrdə dünya səhnələrində çıxış edib: “Mən bu gözəl şəhərə, Bakıya səfər etməkdən və Heydər Əliyev Mərkəzində çıxış etməkdən çox məmnunam!”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dünya ulduzu Yusif Eyvazov: “Heydər Əliyev Mərkəzinin səhnəsində dostlarımla, tanınmış sənətkarlarla, o cümlədən İtaliyadan qonağımız Ambrocio Maestri ilə milli və dünya musiqisinin şah əsərlərini təqdim etdik. Burada klassik musiqini təqdim etmək böyük şərəf və xoşbəxtlikdir və bu, ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir”.

 

Məqaləyə dair fotomateriallar:

Daha çox xəbərlər