Alıcılara XƏBƏRDARLIQ: “Bazarda kifayət qədər saxta qızıl var”
Dünya bazarında baş verən iqtisadi təlatümlər insanları çətin duruma salıb. Bu gün çoxlarını düşündürən əsas sual budur ki, ehtiyat vəsaitlərini necə və hansı formada saxlamaq daha yaxşı olar. Çünki xarici valyutaların dayanıqlılığına şübhələr var. Yerli banklar isə əksəriyyət tərəfindən etibarlı tərəfdaş kimi görülmür.
Bu zaman isə iki yol qalır:
Bunlardan biri daşınmaz əmlak bazarıdır. Lakin bu sahədəki yüksək qiymətlər orta statistik azərbaycanlının imkanları ilə tərs mütənasibdir.
İkinci variant isə qızıl yatırımıdır. Amma indiki halda bu bazar da çox risklidir. Çünki qiymətli metallar bazarına dövlət nəzarəti olmadığı üçün ixtiyari vətəndaşın hər an aldanmaq riski var.
Mövzu ilə bağlı Bizim.media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanın əmtəə bazarının ən çox çirklənmiş seqmentlərindən biri qiymətli metallar, daş-qaş və qızıl məmulatları bazarıdır:
“Qızıl bazarına nəzarət edən Əyar Palatası 5 il əvvəl ləğv olundu. Əvəzində isə heç bir ququm yaradılmadı. Halbuki həmin palata ölkəmizə gətirilən qızıl məmulatlarını yoxlayırdı, keyfiyyəti standartlara cavab verdiyi təqdirdə isə məhsulun üzərinə öz möhürünü vururdu.
Biz də əhali ilə iş aparırdıq ki, aldığınız qızıl məmulatlarının üzərində palatanın möhürünün olmasına fikir verin. Əgər məmulatın üzərində möhür var idisə, deməli qızıl keyfiyyətli idi”.
Eyyub Hüseynov təəssüflə qeyd etdi ki, hazırda qızıl bazarına heç bir nəzarət mexanizmi yoxdur:
“Ona görə də bu sahədə hazırda çox böyük problem yaşanır. Eləcə də Nazirlər Kabinetinin 1998-ci il 24 may tarixli 114 saylı qərarına görə, qızıl və qızıl məmulatları və qiymətli daşlar Azərbaycan ərazisindəki pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilib.
Bu qərarda o da qeyd edilib ki, satıcılar qızıl məmulatlarını geri qaytarmaya və dəyişdirməyə bilərlər. Baxmayaraq ki, bu qərar daha çox qızıl satışı ilə məşğul olanların marağına xidmət edir. İstehlakçınınsa hüququ kobud şəkildə pozulur. Məsələn, Azad İstehlakçılar Birliyinə şikayət daxil olub ki, 20 min manata aldığım qızıl saat işləmir, satıcı isə saatı nə geri alır, nə dəyişir.
Beləcə, istehlakçılar çıxılmaz vəziyyətə düşürlər. Qanundakı boşluğa görə biz də şikayətçiyə kömək edə bilmirik”.
Birliyin sədri onu da əlavə edib ki, hazırda ölkəmizdə qızıl satıcıları “Üç muşketyor” qaydaları ilə, yəni “birimiz hamımız üçün, hamımız birimiz üçün” qaydası ilə işləyirlər:
“Hazırda qızıl bazarına heç bir nəzarət yoxdur. Ona görə də ən qısa zamanda bu məsələ ilə bağlı hökumət ortaya mövqe qoymalıdır. Çünki ölkənin əmtəə bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli qızıl var. Və saxta qızıl alan vətəndaşlar aldandıqlarını bildikləri təqdirdə heç bir hərəkət edə bilmir, itki ilə barışmaq zorunda qalırlar. İctimai təşkilat olaraq biz də qanundakı boşluqlar üzündən istehlakçıya kömək edə bilmirik”.