Gündəm 

Sülhdən başqa çıxış yolu yoxdur

Bunun üçün yeganə yolu isə Ermənistan bütün təxribatçı mövqeyindən geri çəkilməli, Azərbaycanın haqlı tələblərini qəbul etməlidir

Ermə­nistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, dediyini kağız üzərində rəsmiləşdirməyə tələs­mir.  Ermənistan Qarabağ məsələsi ilə bağlı imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Proseslər belə deməyə əsas verir ki, qarşı tərəfin manevr etmək imkanları çox daralıb və uçuruma gedən Ermənistanın yeganə çıxış yolu məhz Azərbaycanla münasibətlərin bərpasını qəbul etməsidir.

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilmiş sayca altıncı görüşün yekunları da təsdiqlədi ki, ölkəmizin ərazi bütövlüyünün təhlükəsizliyinin təmin olunması etibarlı əllərdədir. Bu dəfə görüş müzakirə mövzusu baxımından daha zəngin oldu. Çünki suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyalar, humanitar yardımlar, hüquqlar və təhlükəsizliklər, saxlanılanların, yəni ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu.  Ermənistanın baş naziri həmin görüşdə Azərbaycanın 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını bir daha qəti şəkildə təsdiqlədi.

Üçtərəfli görüşdə sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi” əsas kimi qəbul edilib. Hər iki ölkənin lideri bu sənədə sadiqliklərini bir daha təsdiq ediblər. Bununla yanaşı, sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilməsi də ümidverici haldır. Ən əsası hər iki dövlət başçısı komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər. Ümumiyyətlə, sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Bu məsələlər dövlətimizin başçısı tərəfindən dəfələrlə qaldırılıb. Mühüm məsələlərdən biri də Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivinin müzakirə mövzusu olmasıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu təklifi dəstəkləməsi Azərbaycanın növbəti uğurudur. Çünki nəzərə almaq lazımdır ki, Şarl Mişel Avropa İttifaqının adından çıxış edir.

Görüşdən sonra mətbuata açıqlamasında tərəflərin suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqələr, humanitar tədarük, hüquq-təhlükəsizlik və nəhayət saxlanılanlarla bağlı müzakirə apardığını qeyd edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə, həmçinin Qranadada növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət etmək niyyətini təkrarladığını bildirib: “Razılaşdıq ki, komandalarımız bu gün müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olacaqlar. Real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır”.

Beləliklə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə baş tutan görüşü əslində, rəsmi Bakının iradəsinin bir daha ortaya qoyulmasıdır. Eyni zamanda Şarl Mişelin iştirakı ilə keçən görüş tam demokratik, heç bir tərəfkeşlik olmadan aparılır. Ş.Mişel bu görüşlərdə vasitəçi yox, daha çox dialoqa dəstək verən tərəfdir. Azərbaycan və Brüsselin istəyi regionda daimi sülhün, sabitliyin olmasıdır.

Avropa İttifaqı və ABŞ-ın Azərbaycanın təşəbbüslərini dəstəkləmələri Ermənistanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan artıq Cənubi Qafqazda sülh və sabitliyin təminatçısı kimi qəbul edilir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Üçtərəfli Bəyanatın 4-cü bəndində göstərildiyi kimi, qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidirlər. İstər Vaşinqton, istərsə də Brüssel formatında məhz həmin 4-cü bəndin təcili icra olunması məsələsi əsas müzakirə mövzusudur.

Rəsmi İrəvan Azərbaycanın beş bənddən ibarət olan sülh sazişi üzrə təkliflərini qəbul etdiyini, ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, sülh prosesinə zərər vuran təxribatlarını da davam etdirir. Lakin erməni tərəfinin  sülh müqaviləsinə imza atmaqdan başqa yolu yoxdur. Çünki haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktivdir. Ona görə də İrəvanın tezliklə sülh sazişinə imza atması onun üçün çox faydalı olacaq. Çünki Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasından asılıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər