Milli mətbuatımızın xilaskarı
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi
Azərbaycanda milli, müstəqil mətbuatın inkişaf tarixi, peşəkar medianın yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulunda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında rus dili ilə yanaşı, Azərbaycan dilinin də dövlət dili kimi təsbit olunması ilə mətbuatımızda uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən bəhs edən yazılar yazılmağa başlanıldı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı.
Qeyd etmək yerinə düşər ki, 1991-ci ildə müstəqilliyimizin ikinci dəfə əldə olunmasının ardından mətbuat sahəsindəki vəziyyət də digər sahələrdə olduğu kimi ürəkaçan deyildi. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, ölkənin silahlı qruplaşmaların mübarizə meydanına çevrilməsi və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir plüralizmi kimi məfhumlar Azərbaycanda yad meyarlara çevrilmişdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Amma mətbuatın inkişafının qarşısını alan, onu dar çərçivədə məhdudlaşdıran antidemokratik siyasətə Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə son verildi. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində əsl inqilab xarakteri daşıyırdı və bu müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayılır. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü.
1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Bu sənədlə mətbuatda dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı. Ulu Öndər Heydər Əliyev bu qərarı verməklə böyük siyasi iradə nümayiş etdirdi. Bununla da Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən sonra jurnalistlərin öz peşələrinə münasibətdə məsuliyyəti də artdı. 6 avqust Fərmanı həm də o dövrdə postsovet məkanında ilk olaraq Azərbaycan mətbuatının dövlət nəzarətindən çıxmasına şərait yaratmışdı. Yəni, bu məzmunlu Fərman yalnız Azərbaycanda verilmişdi. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün dövlətimizin başçısının rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının daha da genişləndirilməsinə xidmət edən addımlar, o cümlədən, mətbuatın inkişafı istiqamətində göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Belə ki, məhz Prezident İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silindi, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olundu, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi və bu gün də edilir.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı qlobal informasiya məkanına daxil olub. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, ölkə başçısının tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlət başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. MEDİA Agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların daha sürətlə və mütəşəkkil qaydada aparılmasına imkan verir. Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir.

