Bazardan QİYMƏ ƏT alanların nəzərinə: “Təhlükə mənbəyidir”
Son vaxtlar insanlar bazarlardan əti hazır qiymə şəklində almağa daha çox üstünlük verirlər.
Bəzən görürük ki, ət kəsilən kimi onu təmizləmədən çəkib qiymə halına salır və satışa çıxarırlar. Lakin bu cür məhsulların təhlükəsizliyi məsələsi ilə bağlı bir sıra suallar yaranır. Çünki ətin necə emal olunması və saxlanması qida təhlükəsizliyi baxımından mühüm rol oynayır. Eyni zamanda bazarlarda geniş satılan emal olunmuş ət məhsulları – kolbasa və oxşar qidalar – tərkibindəki müxtəlif qatqı maddələrinə görə mütəmadi və çox miqdarda istehlak edildikdə sağlamlıq üçün risk yarada bilər.

Emal olunmuş ət məhsulları sağlamlıq baxımından niyə risklidir? Qiymə ət hansı səbəbdən qida təhlükəsizliyi üçün təhdid yaradır?
Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, ümumiyyətlə, ət məhsullarından mütəmadi istifadə sağlamlıq üçün risk yarada bilər:
“Əsas məsələ ətin saxlanma şəraitidir. Əgər ətin saxlanma qaydalarına və satış zamanı tətbiq olunmalı tələblərə əməl edilməzsə, təhlükəsizlik məsələləri ortaya çıxır. Buraya temperatur rejimi, daşınma, ətin saxlanması və satış zamanı istifadə olunan alətlərin gigiyenik qaydada olmaması daxildir. Bu qaydalara əməl edilmədikdə ət riskli məhsul hesab oluna bilər. Digər tərəfdən, toyuq və hinduşka kimi quş ətlərində salmonella bakteriyasının inkişafı üçün şərait yarana bilər ki, bu da insan sağlamlığı üçün ciddi risk təşkil edir. Bundan əlavə, emal olunmuş ət məhsulları da risklidir. Kolbasa, hisə ət məhsullarının tərkibində müxtəlif rəngləndiricilər və konservantlar əlavə olunur. Hər zaman deyirik ki, qlutomat insan orqanizmi üçün ən ciddi ziyanverən kimyəvi məhsuldur. Əsasən də kolbasanın tərkibinə vurular. İstehsalçılar çox vaxt bunu gizlədirlər. Bu məhsullar müştərilər üçün istənilən göstərilməmiş formada təqdim olunur. Normadan artıq istifadə insanlarda asılılıq yarada və ciddi problemlərə səbəb ola bilər. Həmçinin, belə məhsullarda duz və doymuş yağ miqdarı normadan artıq olarsa, bu ürək-damar xəstəliklərinə, qan təzyiqi pozuntularına və hətta mədə xərçənginə belə səbəb olur”.
Ekspert qiymə ətlə bağlı diqqət olunası məqamlara toxunub:
“Ət satışı məntəqələrində ətin çirklənən hissəsi, yəni ətin kəsilə bilən səthində bakteriyalar topalaşır. O kəsilib atılarsa, ətin daxili hissəsinə nüfuz edə bilməz. Amma bu gün qiymə şəklində təqdim olunan ətlərdə bakteriyalar ətin bütün hissəsinə yayılmış olur. Nəticədə E.coli, salmonella və digər patogen bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Əgər temperatur da düzgün seçilməzsə, ət kifayət qədər bişirilməzsə və çiy hissəsi olarsa, bakteriyalar qida zəhərlənməsinə səbəb ola bilər”.
Afaq Mirayiq,
MUsavat.com

