Kanadalı prodüsser: Media sahəsində sürətlə gedən dəyişikliklərə uyğunlaşmağa məcburuq
Media sahəsində dəyişikliklər çox sürətlə gedir. Məcburuq ki, dəyişikliklərə uyğunlaşaq, əks halda bu sahəni tərk etməliyik.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu” adlı sessiyada çıxışı zamanı kanadalı amerikan jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volfe söyləyib.
“ABŞ-da səhər yuxudan oyananda eşidirik ki, hər hansı media subyekti ləğv olunub və ya fəaliyyətini dayandırıb. Media sahəsində çalışanlar hər an işlərini itirmək təhlükəsi qarşısındadırlar. Kanadada bəzi media orqanları başqa ölkələrdəki bürolarını bağlayıblar. İş yerini itirənlərin sayı çoxalır və bu da əlavə problemlərə yol açır”, – deyə o bildirib.
COVID-19 pandemiyasının yaratdığı yeni reallıqlara da toxunan Dana Volfe deyib: “Bunun üstün cəhətləri ondan ibarət oldu ki, evdə oturaraq “Zoom” platforması üzərindən bütün dünya ilə əlaqə qurmağı öyrəndik. Artıq canlı tədbirlərin keçirilməsinə başlanılıb. Amma mən prodüsser olaraq evdən də işləməyi bacarmalıyam. Mənim yoldaşım evdə telefon xətti vasitəsilə bir studio qurub. O, 24 televiziya kanalını eyni anda izləyə bilir. Bu inkişaf daha böyük dəyişikliyə yol açacaq”.

