Günümüzün çağırışı: İstənilən vəziyyətdə və şəraitdə iqtisadiyyatın dayanıqlılığını təmin etməliyik
Dövlət başçısı İlham Əliyev Şuşa Media Qlobal Forumundakı çıxışında bir daha enerji sektorunda hədəfləri açıqladı
İyulun 21-də keçirilən Şuşa Qlobal Media Forumunda gündəmə gətirilən məsələlər ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlət başçısı İlham Əliyev çıxışında və tədbir iştirakçılarının suallarını cavablandırarkən diqqəti günümüzün əsas hədəflərinə yönəltdi və bildirdi ki, iki istiqamət prioritetdir: Qarabağın və Zəngəzurun dirçəlməsi, ölkəmizin hərbi gücünün artırılması.
Təbii ki, bu hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq ölkəmizin iqtisadi imkanları ilə sıx bağlıdır. Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Reallıq budur ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanmasını şərtləndirdi. Hər il ölkəmizdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu sahədə qazandığı uğurların, həmçinin qarşıdakı dövrün hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır. Əsas olan gündəmə gətirilən hər bir enerji layihəsinin uğurlu sonluqla başa çatdırılması və yeni layihəyə yol açmasıdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs edərkən hər zaman bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq mümkün olmazdı. Əməkdaşlığın regional çərçivədən başlayaraq getdikcə coğrafiyasını genişləndirməsi, beynəlxalq miqyas alması da deyilənlərin təsdiqidir.
Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP-ın uğurla başa çatdırılması elə bir dövrə təsadüf etdi ki, dünya, o cümlədən Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirir, ən əsası dünyanın inkişaf etmiş ölkələri belə iqtisadi durğunluq dövrünü yaşayırdı. Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən iqtisadi islahatların dərinləşdirilməsi ilə yanaşı, heç bir layihənin təxirə salınmayacağını da bildirmişdi. Azərbaycan COVID-19-la mübarizənin qlobal problem olduğunu önə çəkərək, səylərin birləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Qlobal Media Forumunda da bu kimi məqamlara xüsusi diqqət yönəldildi.
Azərbaycan üzləşdiyi hər bir çətinlikdən uğurla çıxır, ən əsası digər ölkələrin də yaşanan çətinliklərdən az itki ilə çıxmasına dəstək olmağa çalışır. Ölkəmizin pandemiya dövründə 80-dən artıq ölkəyə humanitar və maddi dəstək göstərməsi də deyilənlərin təsdiqidir. Bu müddətdə dövlət başçısı İlham Əliyevin açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərə diqqət yetirsək enerji təchizatının yaxşılaşdırılmasına xidmət edən elektrik stansiyalarına xüsusi diqqət yetirilməsinin özünü qabarıq şəkildə büruzə verdiyini görərik. İşğaldan azad edilmiş ərazilərimizdə də elektrik stansiyalarının bərpası və yenidən tikintisi əsas yer tutur. Hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır.
Qlobal Media Forumunda «Onu unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur» söyləyən dövlət başçısı İlham Əliyev özlüyündə yaranan «Nəyə görə» sualına cavab olaraq bildirdi ki, çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16 milyard kubmetrdən 32 milyard kubmetrə çatdırılmalıdır. Bu, əvvəllər bizdən gözlənilmirdi. Lakin indi gözlənilir və vəziyyət dəyişib. Odur ki, genişlənmə haqqında niyə danışırıq? Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir: «Məsələn, 2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq. Sizinlə görüşmədiyimiz bu aylarda biz ən azı 300 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz yatağının kəşfini elan etmişik və artıq ilk quyu “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldardır. Odur ki, bizim boru kəmərləri sisteminin genişlənməsi öz resurslarımızın artması ilə bağlıdır. Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır.»
Cənab İlham Əliyev yenə də yaranan «Bu mühüm layihəni kim maliyyələşdirəcək» sualına cavab olaraq vurğuladı ki, bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq: «Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi də yeni-yeni suallar ortaya qoyur.»
Media Forumunda o da bildirildi ki, hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də bu mərasimdə iştirak edirdi. Həmin layihəyə əsasən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın sentyabr-oktyabr aylarında təqdim olunacağı gözlənilir.
Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcək. 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalanıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, elektrik enerjisi istehsal etmək üçün təbii qaza da qənaət etməyə imkan verəcək və həmin həcmləri beynəlxalq bazara çıxaracağıq.
Ümumilikdə enerji təhlükəsizliyi qlobal gündəliyin aktual məsələlərindəndir. Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Azərbaycan bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlindən gələni edir Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpa olunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var.
Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, həm iştirakçı, həm də dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər Ulu Öndər Heydər Əliyevin tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından əvvəl söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir.
Azərbaycanın qazandığı uğurların miqyasına diqqət yetirsək Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını qeyd edə bilərik. Azərbaycana artan maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsindən aydın görünür. Son 20 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır. Bu investisiyaların yarıdan çoxunu xarici investisiyalar təşkil edir. Xatırlasaq, dövlət başçısı İlham Əliyev 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində də iqtisadi amilin qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirilməsində rolunu xüsusi qeyd etmişdi. “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavab olaraq ölkə Prezidenti bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Ölkə Prezidenti bu reallığı da vurğulamışdı ki, artıq bu istiqamətdə çox böyük işlər görülüb.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüz üçün möhkəm baza formalaşdırıb. “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi imkanlarının artmasına yol açdı. Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir. 2003-cü ildən sonrakı dövrdə qeyri-neft sektorunun inkişafının prioritetliyi uğurlu neft siyasətinin məntiqi davamıdır. Dövlət başçısı İlham Əliyev enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Cənub Qaz Dəhlizi layihəsinin uğurlu sonluqla başa çatması uğurlarımızın təqdimatı oldu. Prezident bildirir ki, bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir.
Hazırda Azərbaycan postmünaqişə dövrünün reallıqlarını yaşamaqla yanaşı, onların beynəlxalq səviyyədə qəbulu və təqdimatı istiqamətində səylər göstərir və nəticə göz önündədir. Hazırkı dövrdə bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olan Avropa İttifaqı ilə ölkəmizin əlaqələrinin inkişaf səviyyəsi məlumdur. Azərbaycan quruma üzv dövlətlərin üçdə ikisi ilə əməkdaşlıq memorandumu imzalayıb. Əminliklə qeyd edə bilərik ki, postmünaqişə dövrünün reallıqları fonunda regionda və dünyada söz sahibliyini möhkəmləndirən Azərbaycan bundan sonra da yeni-yeni enerji layihələrinin təşəbbüskarı kimi çıxış edəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq.
Gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla yerinə yetirir. Azərbaycan bu tarixi layihəni – 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçirdi. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır. Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir. Cənab İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində bildirmişdir ki, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə və ya problem var. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var.
Məhz Ümummilli Liderin Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu nəticəsidir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Tarixi Zəfərimiz dövlət başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünün aparılmasına xidmət edən Fərmanını, eyni zamanda, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritietlər»in təsdiqləməsini şərtləndirdi. Bu sənədə əsasən 5 prioritetin reallığa çevrilməsi nəzərdə tutulub ki, bunlar da özündə müasir dövrün çağırışlarını ehtiva edirlər. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimiz müasir tələblər səviyyəsində bərpa edilir. Azərbaycan qısa zamanda «ağıllı şəhər» və «ağıllı kənd» layihələri ilə dünyada tanınacaq. Dövlət başçısı İlham Əliyev qarşıya bu tapşırığı qoyub ki, bütün işğaldan azad edilmiş ərazilərimiz müasir yeniliklərə söykənərək bərpa edilməli, soydaşlarımıza bütün zəruri imkanlar yaradılmalıdır. Hər bir bölgənin malik olduğu potensialdan istifadə etməklə həm ölkəmizin enerji sektorunda qazandığı uğurların miqyasını genişləndirmək, həm də dayanıqlı iqtisadi inkişafını təmin etmək mümkündür. Bərpaolunan enerji mənbələrindən səmərəli istifadə günümüzün əsas hədəfləri sırasındandır.
Dövlət başçısı İlham Əliyev enerji sektorunda hədəfləri açıqlayarkən bildirdi ki, qeyri-energetika sahəsində də məhz Qarabağı və Şərqi Zəngəzuru görürəm. Çünki təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resurslarına görə bu regionlar bizim ümumi daxili məhsulda ciddi artım təmin edəcək. Növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisini başa çatdıracağıq: «Artıq 50 meqavatdan çox istismara verilib. Müqayisə üçün, mən ola bilsin ki, bir az təfərrüata varıram, amma ola bilsin sizin üçün maraqlı ola bilər. Qarabağda su elektrik stansiyalarının istifadə səmərəliliyi Azərbaycanın hər hansı digər bölgəsi ilə müqayisədə dəfələrlə yüksəkdir. Yəni, o dərəcədə güclü axın var çatlar o dərəcədə suludur. Hər bir elektrik stansiyası öz səmərəlilik əmsalına malikdir, buxar, qaz, istərsə də su elektrik stansiyası olsun. Yəni, burada son dərəcə səmərəlilik mövcuddur.» Onu da qeyd edək ki, Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq.
Göründüyü kimi, Azərbaycan enerji sektorunda qazandığı uğurların davamlılığını təmin etmək üçün böyük potensiala malikdir. Bu baxımdan cənab İlham Əliyev Azərbaycanın gələcəyi ilə bağlı ünvanlanan sualı cavablandırarkən bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. Amma deməzdim ki, bu, təməl xarakter daşıyır. İşğal altındakı ərazilərin azad olunmasından sonra əlbəttə ki, sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var, həmrəylik var. Bu çağırış edildi ki, istənilən vəziyyətdə və şəraitdə iqtisadiyyatın dayanıqlılığını təmin etməliyik: «Təbii ki, biz ehtiyat yaradırıq, valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır.»

