Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq
Çinin « Çhina Media Group» media korporasiyasına müsahibəsində ölkəmizin nəqliyyat infrastrukturunun beynəlxalq standartlar səviyyəsində olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı qeyri-müəyyən mövqeyinin heç bir nəticə verməyəcəyini qətiyyətlə bildirib
Azərbaycanın nəqliyyat sisteminin müasirləşdirilməsi, Tarixi İpək Yolunun bərpası üçün qətiyyət göstərən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin də ən çox diqqət yetirdiyi sahələrdən biri nəqliyyat infrastrukturunun genişləndirilməsi, beynəlxalq sistemə qoşulmasıdır. Qara və Xəzər dənizlərindən keçməklə Avropa və Asiyanı birləşdirərək 54 ölkəni əhatə edən Böyük İpək Yolu XXI əsrin ən mühüm, qlobal əhəmiyyətə malik proqramlarından biri kimi dəyərləndirilir. Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artan Azərbaycan yeganə ölkədir ki, adı çəkilən qlobal layihələrin hər ikisində iştirak edir. Regionun lider dövləti olduğunu iqtisadi qüdrəti ilə təsdiqləyən Azərbaycanda beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verilir. Dünyanın ən iri 100 beynəlxalq əhəmiyyətli layihələrindən sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə başa çatdırıldı. Dövlət başçımızın vurğuladığı kimi, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilib. Sabitliyə və təhlükəsizliyə xidmət edən bu yoldan istifadə edən ölkələr arasındakı əməkdaşlıq dərinləşir, Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla tərəfdaş ölkələrin iqtisadi inkişafını sürətləndirəcək əlavə imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, milli iqtisadiyyatın, o cümlədən nəqliyyat sisteminin inkişafındakı rolu da beynəlxalq səviyyədə təsdiqlənir. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. BTQ dəmir yolu Asiya ilə Avropa arasında ən qısa və rahat yol olmaqla yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bu dəmir yolu Çinin elan etdiyi, bir sıra ölkələrin dəstəklədiyi «Bir kəmər, bir yol» layihəsinə qoşulan Azərbaycanı artıq əhəmiyyətli tranzit daşınmalar mərkəzinə çevirib. BTQ-nin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icrası ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb.
Beləliklə , Azərbaycan artıq Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkana çevrilib .
Artıq Orta Dəhliz layihəsinin mərkəzində yerləşən Azərbaycanla dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir, daşınmalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaranır. Diqqətçəkən məqam odur ki, Orta Dəhliz həm də Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərini birləşdirən bir arteriyadır.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra işğaldan azad edilən Şərqi Zəngəzur regionunda aparılan bərpa-quruculuq işləri Zəngəzur dəhlizinin bərpasını da aktuallaşdırıb.
Bakıda, ADA Universitetində keçirilən «Orta dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat» adlı beynəlxalq konfransda Azərbaycanın dünyanın nəqliyyat və enerji layihələrinin əsas icraçısı olması barədə deyilən xoş sözlər ölkəmizə marağı daha da artırıb. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə edilməsi ilə yüklərin Xəzər istiqamətində çatdırılması, Trans-Xəzər imkanlarından geniş istifadə imkanları da artacaq. Çünki Çin tərəfindən maliyyələşdirilən bu layihə daşımalara əhəmiyyətli dərəcədə töhfə verəcək.
«Biz nəqliyyat şirkətlərimizin birgə səylərini bir araya gətirmişik. Çünki əvvəllər, bu şirkətlərin bir növ daha korporativ siyasəti var idi. Mən Azərbaycan dəmir yollarını, dəniz limanını, Xəzər dəniz gəmiçiliyini və bəzi başqalarını nəzərdə tuturam. İndi bizdə tam koordinasiya var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu prosesi koordinasiya edir. Beləliklə, Azərbaycanda vahid pəncərə olacaq ki, bu da bürokratiyanı minimuma endirməklə bu marşrutdan istifadə etmək istəyən şirkətlərin işini asanlaşdıracaq. Əlbəttə ki, nəqliyyat şirkətlərimizin səmərəliliyi. Biz bütün nəqliyyat şirkətlərində korporativ idarəçilik meyarlarını təqdim etmişik. Beləliklə, bu, artıq öz nəticələrini verir» söyləyən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin bərpası ilə bağlı yaranan vəziyyəti də diqqətə çatdırır: «Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir».
Hazırda Xəzərdən, eləcə də Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının bərpası istiqamətində səylər gücləndirilir, danışıqlar aparılır. marşrutlar müəyyənləşdirilir. Bəlli olan budur ki, dəhlizin bərpasına mane olan Ermənistan üçün Zəngəzur dəhlizi daha önəmlidir.
Ölkəmiz Türkiyə ilə əlaqə saxlamaq üçün Bakı-Tbilisi-Qars dəmir yolundan, Gürcüstanın dəniz limanlarından, Naxçıvanla əlaqədə isə İran ərazisindən istifadə edir. Bölgədə sabitliyin yaranması üçün Azərbaycanın təklif etdiyi 3+3 formatı beynəlxalq səviyyədə də dəstəklənir. «Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də «kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi» ilə əlaqədardır» söyləyən Prezident İlham Əliyev havadarlarına arxayınlaşan Ermənistanın Zəngəzur dəhlziinin açılması ilə bağlı qeyri-müəyyən mövqeyinin heç bir nəticə verməyəcəyini dəfələrlə, eyni zamanda, qətiyyətlə bildirib.
Beynəlxalq əhəmiyyət daşıyan, Çinin təşəbbüsü kimi dəstəklənən, «Bir kəmər, bir yol”» layihəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizi Ermənistanın və onun dəstəkçisi İranın istəyib –istəməməsindən asılı olmayaraq açılacaq. Artıq dəhlizin xeyli hissəsində inşa işləri başa çatıb.
Avrasiya məkanında, Orta Dəhliz layihəsində rolu artan Azərbaycanın bu dəhlizin açılması ilə bağlı qətiyyətinin beynəlxalq səviyyədə dəstəklənməsi, əməkdaşlıq körpüsü kmi dəyərləndirilməsi Ermənistanın illüziyalarının qarşısında «qırmızı xətt»dir.
Bu günlərdə Çinin « Çhina Media Group» media korporasiyasına müsahibəsində « Azərbaycan bir rekorda imza atıb – bu, «Bir kəmər, bir yol»” layihəsində iştirak edən ölkələr arasında 307 günə infrastruktur layihəsinin icrasıdır. Bu, ən qısa müddətdə icra deməkdir. Söhbət nəhəng infrastruktur layihəsindən gedir. Azərbaycan buna necə nail olub və «Bir kəmər, bir yol»” layihəsinin faydasını necə görürsünüz» sualını cavablandıran Prezident İlham Əliyevin «İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi» sözlərinin əsas mahiyyətini nəqliyyat, infrastruktur layihələrinə göstərilən diqqət təşkil edirdi. Qeyd olunduğu kimi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən Azərbaycan coğrafi üstünlükləri ilə dünyanın nəqliyyat xəritəsini belə yeniləyir. Yerli infrastrukturu inkişaf etdirmək üçün qoyulan sərmayələr vasitəsilə qonşu ölkələrlə əlaqələr genişləndirilir.
Dünyada baş verən hadisələr də göstərir ki, qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyil.
«Bir kəmər, bir yol»” layihəsinə artıq hazır infrastrukturu ilə qoşulan Azərbaycanda ticarət limanı genişləndirilir. « Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır» söyləyən dövlət başçımız vurğulayıb ki, prioritet vəzifə mövcud dəmir yollarının müasirləşdirilməsi, qatarların sürətinin artırılması, yüklərin ünvanına daha tez çatdırılmasıdır.
Bu istiqamətdə çinli mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, tariflərlə bağlı vahid siyasətin formalaşması, gömrük qaydaları sahəsində qarşılıqlı əlaqələndirmə sisteminin yaranması xüsusi əhəmiyyət daşıyır. Əsas amil odur ki, Azərbaycanın nəqliyyat infrastrukturu beynəlxalq standartlara cavab verir. Çindən Avropaya göndərilən malların daşınması başqa maneələr olmasa dənizlə orta hesabla 36 gün, Transsibir marşrutu ilə 20 gün çəkir. Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə ilə yüklərin nəqli Orta Dəhlizlə isə cəmi 12 günə başa çatır. Daha sərfəli marşrut olacaq Zəngəzur dəhlizinin bərpası yüklərin nəqli ilə bağlı problemlərin həllini daha da asanlaşdıracaq. Yəni Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizindən də istifadə ediləcək. Daşımalarda əməkdaşlıq tərəfdaş ölkələr arasında
inteqrasiyavə bağlılığı artıracaq. «Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik» söyləyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Azərbaycanın mədəni sərvəti olan milli həmrəylik dövlət və xalq tərəfindən lazımınca qorunur. Bu birlik, qarşılıqlı anlaşma hər bir azərbaycanlı üçün qorunmalı, saxlanılmalı və yeni nəsillərə ötürülməli sərvətdir . Çünki yollar təkcə dövlətləri, məsafələri deyil, insanları da yaxınlaşdırır.

