Bağça direktoru olmaq üçün 3 illik staj və ali pedaqoji təhsil əsas şərtdir
Bu il məktəbəqədər təhsil müəssisələrinə direktor vəzifəsi ilk dəfə müsabiqə yolu ilə seçiləcək.
ARANTV.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bildirib.
Onun sözlərinə görə, bağça direktorunda həm idarəetmə, həm oradakı tərbiyəçi müəllimlərə olan tövsiyə, valideynlərlə əməkdaşlıq mühüm məqamlardır: “Məktəbəqədər təhsil müəssisələrinin direktorlarında mütləq bu meyarlara cavab verən xüsusiyyətlər olmalıdır. Müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq”.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli isə qeyd edib ki, bağça direktoru olmaq üçün 3 illik staj və ali pedaqoji təhsilli olmaq əsas şərtdir: “Vakant vəzifələr elan olunacaq. Proseslərdə əvvəlcə yalnız hazırda məktəbəqədər təhsil müəssisələrində işləyənlərin müsabiqəyə buraxılması nəzərdə tutulub. Ümumilikdə 60 sual üçün 120 dəqiqə vaxt veriləcək. Hər bir sual 1 balla qiymətləndirilir. Yanlış cavab və ya cavablandırılmayan suallar qiymətə təsir etməyəcək. Test imtahanı üçün 4 meyar var. Hər meyar üzrə minimum 5 bal tələbi var. 30 və yuxarı bal toplayanlar müsahibəyə buraxılacaq. Regional Təhsil İdarələri tərəfindən müsahibə mərhələsi təşkil olunacaq. Növbəti həftənin əvvəlində vakant yerlərin namizədlərə təqdim olunması və elektron müraciət qəbulu nəzərdə tutulub”.

