Gündəm 

“Urmi dəryası” daha üzməli deyil!

İranın molla rejiminin Cənubi Azərbaycana qarşı yürütdüyü ekoloji terror regional fəlakətlərə səbəb ola bilər

Əsrlərdir İran ərazisindəki tarixi torpaqlarımızda yaşayan 40 milyona yaxın soydaşımızın azadlığını məhdudlaşdıran, doğma dilimizdə təhsil də daxil olmaqla əksər hüquq və azadlıqlarından məhrum edən, əsarətdə saxlayan fars-molla rejimi onlara qarşı öz düşmən münasibətini ekoloji terror törətməklə də göstərir. Vaxtilə şəninə “Urmi dəryası (Urmiya gölü) nə üzməlidir”, deyə mahnılar qoşulan Urmiya gölünün İran hakimiyyəti tərəfindən məqsədli şəkildə qurudulması da həmin ekoloji terrorun acı nəticəsidir. Gölün suyunun sürətlə azalması, hətta demək olar tamamilə tükənmək üzrə olması təkcə Güney Azərbaycanda deyil, İranın digər əyalətlərində də regional ekoloji fəlakətlərə yol aça bilər. Əslində bu reallıqdan “mollakratiya”nın rəhbərliyi də məlumatlıdır, ölkənin sosial, iqtisadi, ekoloji və hətta siyasi problemlərlə qarşılaşa biləcəyini bilir. Bilir, ancaq cənublu soydaşlarımız daha çox əziyyət çəksinlər deyə heç bir tədbir görmür…

Məlum olduğu kimi, Cənubi Azərbaycan subtropik qurşağın kontinental bölgəsində yerləşir. Hər tərəfi dağlarla əhatələndiyindən hava kütlələri daxili hissələrə gəlib çata bilmir, ərazidə quru kontinental iqlim hakimdir.  Bu səbəbdən Xəzər dənizi və qərb istiqamətdən gələn rütubətli hava kütlələrinin qarşısında ucalan kənar dağ silsilələrinin yamaclarında illik maksimum 1700 mm-ə qədər yağıntı düşsə də, daxili çökəkliklərdə yağıntının miqdarı 200–400 mm arasında dəyişir. Üstəlik, Cənubi Azərbaycanda çay şəbəkəsi də inkişaf etməmişdir. Ərazisindən axan Araz çayının iri qolları Qoturçay, Qarasuçay və Qırmızıçayın suyundan quraq iqlim səbəbindən suvarma, sənaye və içməli suya olan tələbatın ödənilməsində geniş istifadə edilir. Urmiya gölünə axan çayların çoxu isə az suludur və yay aylarında quruyur. Bu ərazilərdə yayda temperaturun 38–45 °C-yə qədər yüksəldiyini də nəzərə alsaq Urmiya gölünün xilas edilməsi üçün dövlət səviyyəsində tədbirlərin görülməsi zərurətə çevrilir.

Dəniz səviyyəsindən 1275 m yüksəklikdə yerləşən Urmiya gölünün sahəsi əvvəllər 5,8 min km², dərinliyi isə 16 metr təşkil edirdi. Hətta yağışlar zamanı suyun səviyyəsi artaraq ətraf düzənlikləri basırdı. Ancaq bir vaxtlar dünyanın ən böyük duzlu gölü sayılan Urmidə qalan yeganə su gölün ortasındakı 10 sm dərinlikdə olan kiçik bir hissədir.

Urmiya gölünün qurumasının qarşısını almaq olar. Ancaq qeyd etdiyimiz kimi, bu yalnız dövlət hesabına maliyyələşdirilən iri layihələrin reallaşdırılması ilə mümkündür. Tehran hakimiyyəti isə Güneyli soydaşlarımızın müraciətlərinə, narazılıqlarına rəğmən bu mövzuda da özünü karlığa vurmaqda davam edir. Etirazlar isə gündən-günə artmaqdadır.

İran parlamentinin Cənubi Azərbaycanın Marağa şəhərindən olan millət vəkili, Urmiya gölünün bərpası qərargahının Tədqiqat və nəzarət şurasının üzvü Əli Əlizadə gölün ekoloji vəziyyəti ilə bağlı fars rejimini fəaliyyətsizlikdə qınayaraq kəskin tənqid edib. O bildirib ki, Xəzər dənizi, Fars körfəzi və Türkiyədən su nəqli ilə problemi həll etmək olar, amma İranda bunun üçün hər hansı tədbir görülmür: “Gölün bərpası istiqamətində heç bir ciddi iş aparılmır və təxəyyül gücündən istifadə edərək ekoloji problem həll olunmayacaq.”

Adını islam dövləti qoymuş molla hakimiyyətinin Güney Azərbaycanda yürütdüyü ekoloji terror siyasəti təkcə Urmiya gölünü əhatə etmir. Sulduz əyalətində yaşayan soydaşlarımız da bu düşmən siyasətinin qurbanına çevriliblər. Belə ki, Urmuya gölü ətrafında davam edən ekoloji fəlakətlə eyni vaxtda Sulduz (Nəqədə) bölgəsindəki Yadigarlı gölü tamamilə quruyub. “Azad İran” kanalı “Khabar Online” portalına istinadən xəbər verir ki, bundan öncə ekoloqların xəbərdarlıqlarına baxmayaraq, fars rejiminin aidiyyəti məsul şəxsləri Urmiya gölündə yaranmış ekoloji problemin dərinləşməsinin ətraf göllər, o cümlədən Yadigarlı üçün qurumaq təhlükəsi yaratmadığını bildirmişdilər. Əvvəllər 1530 hektar su hövzəsinə malik olan Yadigarlının sahəsi qurumazdan əvvəl 359 hektara qədər azalmışdı. Ancaq Cənubi Azərbaycanın Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Əkbər Qaemi gölün artıq tamamilə quruduğunu bildirib.

Qeyd edək ki, Yadigarlı gölü vaxtilə ölkənin təbiət abidələri siyahısında qeydiyyata alınıb və bir vaxtlar bura minlərlə yerli və köçəri quşların, müxtəlif növ su canlılarının məskəni olub.

Əgər vaxtında tədbir görülməsə Urmiya gölünü də tezliklə Yadigarlının aqibəti gözləyir. Təbiət abidələrinə belə düşmən münasibətin yaradacağı ekoloji fəlakət isə təkcə Cənubi Azərbaycanı deyil, İranı və ümumilikdə regionu təhdid edir. Belə getsə, Urmiyanın sonu daxili problemlərini həll edə bilməyən İranın fars-molla rejiminin də sonunu gətirəcək…

Daha çox xəbərlər