Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi
“Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”, – “Euronews” telekanalına müsahibəsində dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”. Laçın yolunda hərəkət azadlığı bloklanmayıb- Prezident bildirib. Dövlət başçısı qeyd edib ki, aprelin 23-dən sərhəd keçid məntəqəsi qurulan vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib. Azərbaycan Prezidenti əlavə edib ki, Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa edib. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır. Qəbulolunan seçimin sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslandığını bildirən dövlətimizin başçısı qeyd edib ki, “Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar”.Prezident İlham Əliyev deyib ki, əvvəllər hər iki tərəfin təhlükəsizliyini təmin edən Rusiya sülhməramlıları getdikdən sonra onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur. Bunu ən azı onlar qədər Rusiya da yaxşı başa düşür. Bu səbəbdən də Rusiya bölgədəki prosesləri gözdən qoymamağa, vəziyyəti kontrolda saxlamaq üçün vaxtaşırı Azərbaycan-Ermənistan sərhəddində təxribatlar törədilməsinə meyl edir. Çünkü bölgədəki gərgin vəziyyət hazırki durumda daha çox Rusiyanın işinə yarayır. Lakin Rusiya üçün əsas maneələrdən biri Bakıdır. Moskva onu da bilir ki, hadisələrin necə inkişaf edəcəyi Bakının bu məsələdəki mövqeyindən böyük mənada asılıdır. Ona görə də rəsmi Moskva Bakı ilə münasibətləri ilıq saxlamağa çalışır. Azərbaycan bu gün Qarabağdakı Rusiya sülhməramlılarının taleyini müəyyənləşdirəcək imkana malik ən güclü tərəfdir. Bu səbəbdən də iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlərinin nazirlərinin üçtərəfli görüşündə heç vaxt unutmayacağımız bir hadisənin şahidi olduq. Çıxışa hazırlaşan Rusiya xarici işlər naziri Sergey Lavrova yaxınlaşan müşaviri ona “keçmiş DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) termini azərbaycanlıların xoşuna gəlməyə bilər” deyib. Bundan sonra Sergey Lavrov mikrofonun açıq olduğunu görüb və onu söndürüb. Məsələnin bir neçə maraqlı tərəfi var. Rusiya höküməti yaxşı bilir ki, Azərbaycan prezidentinin fərmanıyla Dağlıq Qarabağ adında coğrafi ərazi artıq ləğv olunub, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur – Müşavir Lavrovun qulağına “bu termin Azərbaycanın xoşuna gəlməyəcək” cümləsini pıçıldayıbsa deməli, Lavrov və onun müşavirləri Azərbaycanın xoşuna nəyin gəlmədiyini ya əvvəlki dövlərlə müqayisədə indi daha dəqiq bilirlər, ya da bunu ilk dəfə nəzərə almaq məcburiyyətini özlərində hiss etdilər. Bəli, Bakı 44 günlük müharibə zamanı diplomatik və hərbi zəfərini bu gün daha da taclandırır. Rəsmi Bakı tarixi zəfərlə yaratdığı postkonflikt reallıqlarını hər ötən gün daha da dağa döndərir, Azərbaycanı istəyənlərə də, istəməyənlərə də Bakının şərtləri ilə razılaşmaqdan savayı variant qoymur. Bu gün Azərbaycanın əsas hədəfləri və gündəliyindəki əsas məsələlər hər kəsə bəllidir. Bunu rəsmi Bakı açıq-aydın bəyan edir. Azərbaycan Ermənistanla sülhdə ən maraqlı tərəfdir. Baxmayaraq ki, rəsmi Bakı bu seçimi də İrəvanın ixtiyarına buraxıb: Sülh istəmirlərsə, bizə də lazım deyil! Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində çox aydın şəkildə Azərbaycanın mövqeyini həm Ermənistan hakimiyyətinə, həm də erməni xalqına bəyan etdi. Azərbaycan növbəti dəfə Ermənistana barışıq əlini uzatdı. “Biz Ermənistandakı ermənilərə mesaj veririk ki, biz onların dövləti ilə barışmaq istəyirik”, – deyə dövlət başçısı bildirib. Lakin bu çıxışı eyni zamanda Ermənistana bir xəbərdarlıq mesajı kimi də şərh etmək olar. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə, erməni xalqına bəyan edib ki, onlar hazırkı geosiyasi vəziyyətdən, qüvvələr balansından aydın şəkildə xəbərdar olmalıdırlar. Bu, o deməkdir ki, ayağınızı yorğanınıza görə uzadın. Birdən yenidən Azərbaycana qarşı revanş istəyinə düşərsinizsə, əli ətəyindən uzun olan tərəf yenə siz olacaqsınız. Düzü, növbəti eskalasiya sonrası Ermənistanın nə əli qala bilər, nə də ətəyi. Azərbaycan lideri növbəti dəfə ermənilərə və dünya ictimaiyyətinə Azərbaycanın sülh ölkəsi olduğunu çatdırdı: “Biz başqa müharibə istəmirik. Nə bu gün, nə də gələcəkdə. Digər tərəfdən, Qarabağdakı ermənilər öz “qondarma liderinin” arxasınca getməməlidirlər”. Dövlət başçısı Qarabağ ermənilərinə heç kimin etməyəcəyi, verməyəcəyi imkanları, haq-hüquqları da aydın şəkildə dilə gətirdi: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları və hüquqları, o cümlədən təhsil, mədəniyyət, din və bələdiyyə hüquqları ilə Azərbaycan cəmiyyətinin bir hissəsi kimi normal həyat sürəcək və manipulyasiya girovluğundan qaçacaqlar”. Bəli, Azərbaycan Prezidenti Qarabağ ermənilərinə normal həyat təklif etdi. Cənab Əliyevi başa düşmək üçün isə proseslərə obyektiv baxış çox önəmlidir. “Əlində çəkic olana hər şey mismardır” deyimi bu gün ermənilər üçün aktual hesab edilə bilər. Bu gün bu prinsip və yanaşma ilə isə nə Ermənistan, nə də onun xalqının mənsubları istəklərinə nail ola biləcəklər. Çünkü onların gələcəyi ilə bağlı ən ideal təklif məhz rəsmi Bakıdan gəldi. Hər bir Qarabağ ermənisi bilməlidir ki, onların bu gün təhlükəsizliyinin ən böyük qarantı Azərbaycan lideridir.

