Məktəblərdə kişi müəllimi QITLIĞI – Səbəb
Azərbaycanda təhsil və səhiyyə sahəsində qadınların payı yüksək olaraq qalır. Bu, Dövlət Statistika Komitəsinin 8 Mart münasibətilə açıqladığı statistik göstəricilərində öz əksini tapıb. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu qadınlar təşkil edir. Ali təhsil müəssisələrində müəllimlərin 60 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində isə təxminən 80 faizi qadınlardır.
Səbəb nədir, kişi müəllimlərin orta məktəblərdə sayı niyə azalır?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Bizim təhsil müəssisələrində çalışan işçilərin heyətinin təxminən 20 faizə yaxını kişilərdən ibarətdir. Demək olar ki, böyük əksəriyyət xanımlardır. Kişilərin təhsil sahəsindən uzaqlaşmasının əsas səbəbi isə məhz maddi durumla əlaqədardır. Eyni zamanda, burada ictimai qınaq amili də rol oynayır. Demək olar ki, son 15–20 il ərzində kişilərin təhsil prosesindən kənarda qaldığını müşahidə edirik və təbii ki, onların əsas istəyi ictimai qınaqdan uzaq olmaq və daha yaxşı maddi imkan əldə etməkdir. Bizdə hələ də ailədə dominantlıq kişilərin üzərindədir. Tədricən xanımlar da bu mövqeyi ələ alırlar və bəzi hallarda bunun müəyyən neqativ təsirlərini də görürük, təəssüf ki. Amma yenə də ailənin, əsas ağırlığı və məsuliyyəti kişi üzərində qalır. Nəticə etibarilə müəllim olan şəxs düşünür ki, aldığı maaşla ailəsini saxlamaq çox çətin olacaq. İllərdir ki, kişi müəllimlər ustalıqla, fəhləliklə məşğul olurlar. Təəssüf ki, bəzi hallarda onların dərsdən sonra bu kimi fəaliyyətləri qınaqla və ya ələ salmaqla nəticələnir”.

Ekspert vurğulayıb ki, son dövrlərdə, xüsusilə son 3–4 ildə, bu istiqamətdə müəyyən dəyişikliklər müşahidə olunur:
“Sertifikasiya prosesi ilə əlaqədar olaraq müəllimlərin əməkhaqlarının müəyyən qədər artmasına gətirib çıxardı. İctimai qınaq məsələsi bəzi ixtisaslarda da özünü göstərir. Məsələn, son illərdə ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunan kişi cinsindən olan şəxslərə çox nadir hallarda rast gəlinir. Yaxud məktəblərdə çalışan müəllimlərin arasında barmaqla sayılacaq qədər kişi ibtidai sinif müəllimi var. Eyni vəziyyət məktəbəqədər təlim-tərbiyə ixtisasında da müşahidə olunur. Hansısa bir şəxs bu ixtisası seçərsə, bəzən cəmiyyət həmin şəxsi ictimai qınağa və ya bulinqə məruz qoyur. Ona görə də ilk növbədə təfəkkürdə dəyişikliklərə nail olmalıyıq. Yəni ixtisasın genderi olmur. Əgər biz gender bərabərliyindən danışırıqsa, kişilərin bu cür ictimai qınağa məruz qalması doğru yanaşma deyil. Bundan əlavə, məsələn ipoteka imkanlarının genişləndirilməsi, kredit şərtlərinin yüngülləşdirilməsi və ya bəzi kommunal ödənişlərdən azadolma kimi qərarların qəbul edilməsi də kişilərin təhsil sahəsinə marağını artıra bilər. Müvafiq qurumlar bu istiqamətdə planlı layihələr hazırlasalar, kişilərin təhsil prosesinə qayıdışını daha aydın şəkildə görə bilərik”.
Afaq Mirayiq,
Musavat.com

