Cəmiyyət 

“Məktəb bufetləri direktorların məsuliyyətidir, AQTA-nın yox” – Ekspert

Məktəb həyatı təkcə dərslərdən ibarət deyil. Şagirdlər günlərinin böyük hissəsini məktəbdə keçirir və bu mühit onlar üçün həm sosiallaşma, həm istirahət, həm də gündəlik ehtiyacların qarşılandığı məkandır. Bu ehtiyacların ən vacibi isə qidalanmadır. Çox şagird səhər yeməyi etmədən məktəbə gəlir və ilk növbədə bufetə üz tutur.

Təəssüf ki, bir çox məktəb bufetlərində qazlı içkilər, şokolad, konfet, fast-food və digər yüksək kalorili, lakin vitamin və minerallarla zəif qidalar satılır. Bu məhsullar qısa müddətli doyma təmin etsə də, davamlı istifadəsi piylənmə, şəkərli diabet, mədə-bağırsaq pozğunluqları və diş problemləri kimi sağlamlıq risklərini artırır. Transyağlarla zəngin qidalar uşaqların sağlam qidalanmasına ciddi təhlükə yaradır. Valideynlər, məktəb rəhbərliyi ilə birlikdə bu məsələyə diqqət yetirməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrinin qida bloklarında yoxlamalar aparacaq.

Musavat.com xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin qərarı ilə uşaqların sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi məqsədilə təhsil müəssisələrində tətbiq olunan orta sutkalıq qida normalarına uyğun olaraq bəzi qida məhsullarının istifadəsinə məhdudiyyətlər müəyyən edilib.

Tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların təhsil müəssisələrində istifadəsi qadağan edilib. Bu məhsullar sırasında termiki emaldan keçməmiş ət, quş əti və balıq məhsulları, sup məhsullar və onlardan hazırlanan qidalar, vəhşi heyvan və çöl quşlarının əti, qabığı çirkli və zədələnmiş yumurta, həmçinin ev şəraitində hazırlanmış qidalar yer alır. Bundan başqa, pasterizə olunmamış süd və süd məhsulları, palma, pambıq və raps yağları, hidrogenləşdirilmiş yağlar və marqarinlər (bəzi hallarda istisna olmaqla), fritür yağlarında qızardılmış qidalar, eləcə də sirkə, xardal, qıtıqotu, acı bibər və müxtəlif ədviyyələrin istifadəsi də qadağan olunub.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a deyib ki, məktəblərdə ciddi nəzarət mexanizmləri olmalıdır:

“Təbii ki, valideynlərin məktəbə girişi istənilən zaman ola bilməz. Məktəbə hər valideyn günün istənilən saatında və istədiyi zaman gedə bilməz. Amma valideyn həm də məktəbin subyektlərindən biridir, eyni zamanda, valideynləri məktəbdə təmsil edən valideyn komitələrı mövcuddur. Valideynlər öz övladları ilə bu istiqamətdə müəyyən maarifləndirmə işləri aparmalıdırlar. Köhnəlmiş məhsullar, eyni zamanda sağlamlıqları üçün təhlükəli olan məhsulların məktəblərə daxil olmasının qarşısını almaq üçün həm də məktəb rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Məktəb rəhbərliyi nəzarəti gücləndirməlidir. Məktəb mühiti sağlam olmalıdır. Məktəb təkcə tədris məkanı kimi deyil, həm də məktəb bufetlərində qidaların keyfiyyəti, onların tərkibi, saxlanma şəraiti, gigiyenik normalar — bütün bunlar kompleks yanaşma tələb edir. Məktəb rəhbərliyi bu işdə prinsipial olmalıdır”.

İlqar Orucov qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin eyni anda məktəblərə nəzarət etmək imkanı yoxdur:

“Müəyyən monitorinqlər keçirmək olar. Amma hər gün məktəbdə olan məktəb rəhbərliyidir. Valideynlər övladları ilə danışmalıdır. Məktəb bufetindən alınan məhsulların çekini tullamasınlar. Eyni zamanda, etiketi mümkün qədər saxlasınlar və valideynlərinə göstərsinlər. Hər hansı bir problem olacaqsa, həmin bufeti işlədən fiziki şəxsin və ya hüquqi şəxsin məsuliyyəti gündəmə gətirilsin. Əlbəttə, mən arzu etməzdim, hər hansı bir xoşagəlməz hal yaşansın. Amma bütün mənada bunlar istisna deyil. Mən özüm bu barədə dəfələrlə şahid olmuşam ki, məktəb bufetlərində keyfiyyətsiz ərzaqlar satılır. Gigiyena tələbləri gözlənilmir. Digər tərəfdən, mənşəyi məlum olmayan, ucuz, tərkibi palma və digər zərərli tərkibə malik olan qida məhsulları satılır. Bu kimi hallar mövcuddur”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər