Bir daha “Qisas”?
Qarabağdakı separatçılar arasında gündən-günə artan qarşıdurma erməniləri fəlakətə sürükləyir…
Ermənistan hakimiyyətinin və Azərbaycanın erməni azlığın yaşadığı Qarabağ iqtisadi rayonunda hələ ki mövcudluğunu sürdürən sepratçı qurumun “rəhbərliyinin” “blokada”, humanitar fəlakət”, “Laçın yolunun bağlanması” adları altında dünya ictimaiyyətini çaşdırmaq məqsədilə təşkil etdikləri siyasi şou iflasa uğramaqdadır. İrəvandan guya humanitar yardım daşıdığı iddia edilən, əslində isə dövlət sərhədimizi qeyri-qanuni keçməklə ərazi bütövlüyümüzə qarşı təxribat məqsədilə göndərilmiş on doqquz yük maşınından ibarət avtomobil karvanının günlərdir Ermənistanın Qafan rayonu ərazisində, Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığında dayanması heç bir işə yaramadı. Avropa İttifaqının Ermənistandakı missiyasının üzvlərinin təpə başından apardıqları “müşahidələr” də, qurumun xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin və ermənipərəst fransız deputatların qərəzli bəyanatları da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qətiyyətli mövqeyinə təsir göstərə bilmədi. Hər kəs belə ucuz vasitələrlə sərhədlərimizi “su yoluna” çevirməyin mümkünsüzlüyünü nəhayət, anlamalıdır. Çünki düşmənlər üçün bu yol sərhəddə buraxılış məntəqəsinin qurulmasından xeyli əvvəl, 2020-xi ilin sonlarında 44 günlük müharibədəki çanlı Qələbəmizdən sonra bağlanıb.
Dövlət sərhədimizə qarşı son təxribat cəhdləri də baş tutmayan ermənilərin avqustun 3-də Xankəndidən Laçındakı nəzarət-buraxılış məntəqəsinə “sülh yürüşü” adı altında növbəti oyunları onların yalanlarını və əslində, Qarabağda heç bir “humanitar böhran”ın olmadığını nümayiş etdirdi. Dolayısı ilə, separatçılar son davranışları sayəsində özləri özlərini ifşa etmiş oldular. Çünki günlərdir Ermənistan mətbuatında guya Qarabağda yanacaq çatışmazlığının olduğu, nəinki Xankəndi şəhərində, hətta kəndlərə işləyən avtobusların hərəkətinin dayandırıldığı haqqında məlumatlar yayılır, ağlaşmalar qurulurdu. Maraqlıdır, bəs indi birdən-birə 20 avtobusun Xankədidən Laçına və geriyə hərəkət etməsi üçün lazım olan yanacaq haradan peyda oldu? Demək ki, yanacaq qıtlığı haqqında yazılanlar da ərzaq, tibbi ləvazimat və s. barədə deyilənlər kimi dünya ictimaiyyətini aldatmağa hesablanmış yalan xəbər, beynəlxalq terminlə desək, fake news-dur. Separatçıları narahat edən isə Qarabağdakı erməni azlığın sosial, humanitar problemləri deyil, orada saxladıqları qeyri-qanuni silahlı erməni birləşmələrinə hərbi təminat yolunun bağlanmasıdır. Yoxsa ki, həqiqətən Qarabağda yaşayan erməni azlığın nümayəndələrinin ərzaq və tibbi ləvazimat ehtiyacları olsaydı bu təminatın Azərbaycanın təklif etdiyi, maliyyə baxımından daha sərfəli olan Ağdam-Xankəndi marşrutu ilə daşınmasına nəinki qarşı çıxmaz, əksinə sevinərdilər. Elə sosial şəbəkələrdə Xankədidəki restoranlardan və kafelərdən paylaşılan görüntülər də “humanitar fəlakət”dən deyil, zəngin süfrələrdən xəbər verir…
Laçındakı nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini pozmaq, erməni maşınlarının qanunsuz keçidinə nail olmaq məqsədilə qərəzli siyasi bəyanatlar vasitəsilə təzyiq göstərmək istəyənlər qarşısında Azərbaycanın nümayiş etdirdiyi qətiyyət Qarabağdakı separatçılar arasında fikir ayrılığının və qarşıdurmanın güclənməsinə səbəb olub. Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Xankəndidə qondarma “respublikanın” “prezidenti” Araik Arutyunyan erməni azlığın yerli “hakimiyyətə” qarşı gündən-günə artan narazılığının ehtimal olunan nəticələrini nəzərə alaraq qısa müddətdə vəziyyəti müzakirə edib qərarlar verə biləcək yeni qurum yaratmaq niyyətindədir. Artıq kənar aktorların proseslərə təsir imkanlarının tükəndiyini başa düşən Arutyunyan bu yolla məsuliyyəti öz üzərindən atmaq, yaxud başqaları ilə bölüşmək fikrindədir. Yeni yaradılacaq qurum Qarabağdakı erməni azlığının hamısının fikrini ifadə etməlidir. Lakin deyəsən, Xankəndidə heç kim bu məsuliyyətə şərik olmaq istəmir. Qəzet iddia edir ki, əhali arasında nüfuz sahibi olan insanlar, məsələn, keçmiş prezidentlər məsuliyyəti öz üzərlərinə götürməkdən imtina edirlər: “Digərlərinin bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü qrup şəxslərin iştirakı isə yalnız dağıdıcı effekt verə bilər.”
Bi neçə gün öncə separatçıların başçısı Xankədidə yerli televiziyaya vasitəsilə eksklüziv bəyanat verəcəyini açıqlayıb. “Hraparak”ın məlumatına görə, bəzi dairələr bu bəyanatı və ümumilikdə qondarma qurumun son addımlarını Azərbaycanın dialoq təklifini qəbul etmək, hətta bəzi məsələlərdə güzəştə getmək istəyi ilə izah edirlər. Onların fikrincə, Araik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir. O, açıq şəkildə “inteqrasiya yoxdur” bəyanatlarına qoşulur, amma reallıqda gizli şəkildə danışıqlar istiqamətində addımlar atır.
Avqustun 3-ü Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından bir il ötdü. Məhz 2022-ci ilin bu günü Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər və nəticədə hərbiqulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Eyni zamanda, separatçılar Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərdilər. Rəşadətli ordumuzun bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, düşmənin xeyli sayda canlı qüvvəsi, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.
Tutduğu qeyri-konstruktiv mövqe səbəbindən sülh danışıqlarını pozmağa, yaxud ləngitməyə çalışan Ermənistan hakimiyyəti, Qarabağdakı başda Araik Arutyunyan olmaqla separatçı qüvvələr çox da uzaq olmayan bu tarixi yəqin ki, yaxşı xatırlayırlar. Azərbaycanın səbrinin tükənməsinin nə demək olduğunu artıq dəfələrlə darmadağın edilmiş mövqelərinin, məhv edilmiş terrorçuların timsalında bilirlər. Odur ki, nə qədər ki gec deyil, Azərbaycanın dialoq təklifi dəyərləndirilməli, reinteqrasiya proseinə start verilməlidir. Əks halda, separatçıları, terrorçuları və onların havadarlarını yeni “Qisas”lar gözləyir…

