İkili standart: Qərbin sağalmaz xəstəliyi
Xankəndi ermənilərini əllərində alətə çevirən avropalılar Azərbaycana qarşı yeni səlib yürüşünə başlayıblar
Hayastanın Laçın sərhəd-keçid məntəqəsinin qarşısında siyasi şousu hələ də davam edir. Azərbaycanla razılaşdırılmadan ərazilərimizə 19 «TIR» avtomobilində yük göndərən Paşinyan hakimiyyətinin ölkəmiz tərəfindən təklif olunan Ağdam yolundan imtinası və yükü məhz Laçın yolundan keçirməkdə israr etməsi təbii ki, manipulyasiyadır və sülh danıışıqlarından yayınmağa xidmət edir. Onlar bununla həm də dünya ictimaiyyətinin diqqətini guya Azərbaycan tərəfindən «blokadaya alınmalarına» cəlb etməyə çalışırlar. Bu işdə Ermənistana dəstək verən qüvvələr də bir neçə gündür biri-birinin ardınca saxta və məkrli bəyanatlar verirlər. Ayrı-ayrı ölkələrin səfirliklərindən tutmuş, Avropa İttifaqı rəhbərliyinə qədər Azərbaycanı «humanitar böhran»da ittiham edənlər məsələni qəlizləşdirmək niyyətindədirlər.
Təbii ki, yükləri İrəvandan yola salmazdan əvvəl xarici ölkə səfirlərini baxışa dəvət edən ermənilər maşınların Azərbaycana buraxılmayacağını dəqiq bilirdilər. Ona görə də əvvəlcədən İrəvandakı diplomatik korpusun nümayəndələrini məlumatlandırmışdılar ki, bunların apardıqları yükün nədən ibarət olduğuna şahidlik etsinlər.
Avtomobil karvanını sərhədə qədər müşayiət edən Avropa İttifaqının Ermənistandakı missiyası bu oyunun nə ilə başa çatacağını anladığından «şou»nun əsas iştirakçıları rolunda çıxış edirlər. Fransız və almanlardan ibarət bu dəstə Azərbaycan -Ermənistan sərhədində- Laçın sərhəd-keçid məntəqəsinə həsrətlə baxırlar. Məqam tapdıqca kamera qarşısına keçən missionerlər erməni qardaşları ilə həmrəy olduqlarını bildirirlər. Hətta iş o yerə çatıb ki, Parisin meri də burnunu bu işlərə soxmağa başlayıb. Öz şəhərində asayişi bərpa edə və kütlələrin haqlı etirazlarına tutarlı cavab verə bilməyən, Fransa polisi tərəfindən vəhşicəsinə döyülən etirazçıları qorumağa cəsarəti çatmayan bu zatıqırıq mer niyə Laçın yolunda karvanın dayandırılmasından çox narahatdır. Hələ Fransanın xarici işlər naziri, Litvanın Ermənistandakı səfiri, Cibutinin baş naziri, Mozambik rəsmilərinin saxta ittihamları və s… Bir sözlə, Ermənistanla bağlı siyasi şouda hər kəs rolunu məharətlə oynamağa çalışır.
Təbii ki, yükün daşınması üçün alternativ yolu qəbul etməyən Ermənistan və havadarları isə yükün keçirilməsində yox, hadisələrin bu yöndə davam etməsində daha maraqlı görünürlər. Qarabağda yaşayan erməniləri əllərində alətə çevirən bir dəstə xarici riyakar Azərbaycana qarşı yeni xaç yürüşünə başlayıblar.
Bəli, Qərb və onun tabeliyində olan beynəlxalq təşkilatlar hələ də Azərbaycana qarşı qərəzli, ikili standartlar prioritet siyasətlərini davam etdirməkdədirlər. Görünən odur ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın tək regionda deyil, bütövlükdə postsovet məkanında genişlənən nüfuzunu Avropa həzm edə bilmir. Hətta anlamırlar ki, bu yanaşma Avropa İttifaqı (Aİ) kimi nüfuzlu qurumun Azərbaycan və Ermənistanla yekun sülh razılaşmasının əldə olunması istiqamətində təşəbbüslərinə zərbə vurur.
Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir. Lakin bunun əvəzində Avropa İttifaqının qərəzli mövqeyi ilə üzləşir. Bu baxımdan, qurumun xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatında bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur. Bununla da Azərbaycanla Ermənistanın sərhəd ərazilərində qızışdırıcı addımlar atılır, riyakarlıq nümayiş etdirilir. Təkcə bir misal – Aİ-nin Ermənistandakı missiyasının maşın karvanını az qala hərbi konvoy kimi müşayiət etməsi bu riyakarlığın bariz nümunəsidir.
Acı həqiqətdir ki, Azərbaycan Qarabağın erməni işğalı altında olduğu 30 il ərzində bir milyondan artıq insanın hüquq və azadlıqlarının pozulduğunu deyəndə, Qərbdə bu çağırış qulaqardına vurulur, münaqişənin sülh yolu ilə həllinə çağırışlar edilirdi. Ən nəhayət, Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda «insan hüquq və azadlıqlarının pozulması», «müharibəyə son qoyulsun» kimi çağırışlar səsləndirildi.
Bundan başqa, Azərbaycanın Naxçıvan Muxtar Respublikası 30 ildir ki, blokada vəziyyətindədir. Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən sonra da kommunikasiyaların açılmasını əngəlləyir. Halbuki, bununla bağlı 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli razılaşma sənədi imzalamışdı. Bəs Avropa İttifaqı niyə bu məsələdən narahat deyil? Ən azı, heç olmasa, öz simalarını saxlamaq naminə 30 ildən artıq müddətdə blokadada olan bu bölgəyə bir dəfə humanitar yardım məsələsini gündəmə gətiriblərmi? Yox. Ona görə ki, xristian təəssübkeşliyi onların qanına işləyib.
Axı niyə Avropa ittifaqı bu qitəni bürüyən islamofobiya və rasizmə son qoymaqdansa, məhz ermənilərin müdafiəçisi rolunda çıxış edir? Məsələn, Fransada miqrantlara qarşı zorakılıqlar, hətta qətl faktları kifayət qədərdir… Son vaxtların ən aktual mövzusu olan, müsəlmanların müqəddəs kitabı – Qurani-Kərimin yandırılmasını da bu qəbildən hesab etmək olar. Avropa İttifaqının heç bir tədbir görməməsi, bu azmış kimi, bu çirkin, antiinsani əmələ bəraət qazandırması rasizmin, dini və irqi ayrı-seçkiliyin artıq ictimai səviyyədən rəsmi strukturlar səviyyəsinə yüksəldiyini aydın göstərir. Artıq bu məkanda, Avropa İttifaqı Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Şurasında islamofobiyanın ən eybəcər formada özünü təzahür etdirdiyi hamıya bəllidir. Avropa İttifaqı bu məsələdə faktiki olaraq qızışdırıcı mövqe nümayiş etdirir və sonra da prosesləri izləyir. Bu gün guya Qarabağdakı ermənilərin qayğısına qalan, mövcud vəziyyətdən narahatlıq keçirən Avropa ölkələri 90-cı illərdə Ermənistanın işğalı nəticəsində Azərbaycanın bir milyon əhalisinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, humanitar fəlakətdən niyə narahatlıq keçirmirdi?
Digər diqqətçəkici məqam odur ki, Qərbin Azərbaycana qərəzi Ukrayna-Rusiya müharibəsi fonunda da açıq-aydın görünür. Belə ki, ermənilər 1988-ci ildən başlayaraq onminlərlə Azərbaycan vətəndaşını qətlə yetirəndə, 1 milyondan çox soydaşımızı öz doğma torpaqlarından qovub çıxaranda Qərb cıqqırını da çıxarmadı. Ancaq son ilyarımda başlayan Rusiya-Ukrayna müharibəsində ukraynalıların taleyinə biganə qalmadılar. Çünki onlar xristian, biz isə müsəlmanıq. Bax, avropalılar üçün «mühüm»fərq budur.

