Əsas səhifə 

Yaddaş silinmir, silinməyəcək və silinməməlidir

Dövlət başçısı İlham Əliyev ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərdən bəhs edərkən bildirir ki, biz erməni xalqının tarixi mirasına əl dəymirik

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarix heç nəyi silmir, zaman keçdikcə baş verən hadisələrin mahiyyətini daha dərindən dərk etmək, düzgün dəyərləndirmək üçün zəngin mənbə rolunu oynayır. 30 il Azərbaycan dünyaya “həqiqətlərə ədalətin gözü ilə baxaq” çağırışı etsə də, erməni sevgisi, daha dəqiq desək, maraqların ədaləti üstələməsi  ikili standartlara əsaslanan siyasətin davam etdirilməsinə səbəb oldu.

Azərbaycan 30 il dünyadan ədalət gözləsə də,  BMT qətnamələri kağız üzərində saraldı, əksər dünya gücləri hadisələrə seyrçi mövqedən yanaşmağa daha çox üstünlük verdilər. Reallıq bu idi ki, BMT qətnamələri bəzən 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 30 il gözləməklə yanaşı,  belə bir əsassız fikir yeganə çıxış yolu oldu: Təcavüzkarın kimliyinin açıqlanması birtərəflilik kimi dəyərləndirilə bilər, münaqişənin həllinə maneə yaradar. Maraqlı yanaşma deyildirmi? Təcavüzkar adı ilə çağırılmır, amma münaqişənin ədalətli həllindən bəhs edilir? Onu da nəzərə alaq ki, hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı  4 qətnaməsinin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlər təcavüzkarı adı ilə çağırmaq istəmədi.

Dünyanın ikili standartlara əsaslanan siyasəti münaqişənin həlli prosesinin uzanmasını, eyni zamanda, Ermənistanın xalqımızın başına gətirdiyi faciələrinin miqyasının genişlənməsini şərtləndirdi. Nəhayət, Azərbaycan özü təkbaşına BMT qətnamələrini icra etdi, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə bitsə də, növbəti səhifəyə keçsək də ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaq. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirir ki,  biz gələcəyə baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.

Bu günlərdə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyev  “Ermənilər Azərbaycanın mədəni irsinə qarşı planlaşdırılmış bu dağıntıları nəyə görə etdilər” sualını cavablandırarkən bildirmişdir ki,  öz şərhlərimdə qeyd etdim ki, bu günə qədər də başa düşə bilmirəm bu qəddarlığın, bu nifrətin mənbəyi haradan qaynaqlanır? Çünki ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar. Onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə «Kürəkçay» müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış «Gülüstan» və «Türkmənçay» müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları – bütün bunlar tarixən təsdiqlənir. Onlar Qarabağ torpağına, o cümlədən Şuşaya  qonaq kimi gəlmişdilər. Ermənilər  iddia edirdilər ki, Şuşa erməni şəhəridir: «Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır və keçən il Azərbaycanda “Şuşa İli” elan olunmuşdur. Çünki biz Şuşanın 270 illiyini qeyd edirdik. Yaradılandan işğala qədər Şuşada yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub. Əgər Şuşa erməni şəhəri idisə, nə üçün belə acınacaqlı vəziyyətdə idi? Nə üçün Şuşanın 17 bulağı da işğal dövründə ermənilər tərəfindən qurudulmuşdur? Mən Şuşaya 2021-ci il noyabrın 14-də gələndə xüsusilə maraqlandım. Çünki Şuşa 17 məscid, 17 bulaq şəhəri idi. Əgər bu, sizin şəhəriniz idisə, nə üçün siz bulaqları qurutdunuz? Nə üçün siz Şuşada bir daşı daş üstə qoymadınız?»

O ki qaldı digər şəhərlərə, ermənilərin  Azərbaycana, xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır. Qəbir daşlarını oğurlayıb orada azərbaycanlıların adlarını sildirib öz yaxınları üçün qəbir daşları kimi istifadə edirdilər. Bu, hansı mənəviyyata sığan bir məsələdir? Yaxud azərbaycanlıların qəbirlərini qazıb orada ölülərin kəllələrindən qızıl dişlərini çıxararaq əridib bazarda satmaq hansı mənəviyyata sığır?

Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın siyasi yolla ölkəmizə qaytarılmalı idi. Həmin sənəddə bu rayonların qaytarılma tarixləri də qeyd edilmişdir. Ermənistan  Rusiyanın vasitəçiliyi ilə  Kəlbəcərin 2020-ci il 15 noyabr tarixində boşaldılmasının mümkünsüzlüyünü bildirərək əlavə vaxt istədi. Azərbaycan humanistliyini nümayiş etdirərək əlavə 10 gün vaxt verdi.Ermənilər bu humanistliyə cavab olaraq nə etdilər?  O biabırçı mənzərəni  unutmamışıq. Ağacları, evləri yandırırdılar. Qanunsuz məskunlaşdıqları  evlərdə ən ucuz əşyaları belə  söküb  aparırdılar. Bütün bunlar  bütün dünyanın gözü qarşısında baş verdi. Buna  hansı adı vermək olar?

Ermənilərin vəhşiliklərinin, törətdikləri dağıntıların əsasında  bölgəni tamamilə erməniləşdirmək dayanırdı. Azərbaycanın mədəni irsini silməyə çalışırdılar. İşğaldan azad edilmiş ərazilərimiz bu vəhşiliklərə şahidlik edir.

Ermənilərin bu vandal hərəkətlərinin qarşısında Azərbaycan hansı yolu tutur. «Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Bax, burada, Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, bizim münasibətimiz budur və biz onlardan törətdikləri əməllərə görə qisas almaq fikrində deyilik» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki,  hələ müharibə vaxtı və müharibədən sonra  qisası döyüş meydanında alacağımızı bildirdim və aldıq. Şəhidlərimizin qanını da döyüş meydanında aldıq.

Dünya Azərbaycan xalqı ilə ermənilərin arasında fərqi gördü. Azərbaycan Silahlı Qüvvələri heç vaxt dinc əhalini atəşə tutmadı.  Amma erməni ordusu 44 günlük İkinci Qarabağ müharibəsi dövründə məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanın sərhəddən uzaq ərazilərini, Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutdular.  Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirdi. Ölkə Prezidenti törədilən bu cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

Bunlar tariximizin acı səhifələridir. Bunları silmək, ört-basdır etmək mümkün deyil. Xalqımız XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını necə unuda bilər? Xocalı faciəsi Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb. Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutdular. Xocalı soyqırımının statistikasına diqqət yetirək: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edildi. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürüldü, işgəncələrə məruz qaldı və şikəst edildilər.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu yaddaş silinmir, silinməyəcək və silinməməlidir. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır: «Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın. Çünki biz bir dəfə səhv buraxmışdıq, qonşulara çox inandıq və sonra onun acısını çəkməli olduq.»

Ermənilər bu vəhşiliklərinə baxmayaraq utanmadan  özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim edirdilər. Amma əsl simaları 44 günlük Vətən  müharibəsi dövründə dünya ictimaiyyətinə bəlli oldu. Bir məscidi saxlamaqla  tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər  məscidlərimizdə donuz saxlamaqla ümumilikdə islam dünyasına hörmətsizlik etdilər.  Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər  müharibə qurtaran kimi dərhal   erməni xalqının dini abidələrinin  qorunması ilə bağlı fikirlər  səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayır. Hansısa dövlətin,  beynəlxalq təşkilatın diktəsi ilə deyil, öz tolerant, multikultural dəyərlərin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da  bunu bilir. Dövlətimizin başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə, eyni zamanda, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajını ünvanlamışdır.

Dövlətimizin başçısı İlham Əliyev  bildirir ki,  biz müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu bizim  təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında tarixi missiyamızdır.   Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.

Daha çox xəbərlər