Gündəm 

Ya sülh, ya da dəmir yumruq

Bu gün Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün tarixdə heç vaxt olmadığı qədər əlverişli şərtlər mövcuddur. Azərbaycan bu yaranmış imkandan istifadə edərək regionda yeni bir mərhələnin başlanması üçün təşəbbüslər irəli sürür. Ermənistanla Azərbaycan arasında sülh danışıqları gündəliyə uyğun olaraq aparılır və sülhün bu ilin sonuna qədər mümkünlüyü müzakirə edilir. Azərbaycanın konstruktiv mövqe sərgiləməsi, sülhə və inkişafa meyilli addımlar atması  postmüharibə dövrünün ən əsas reallığıdır.

Azərbaycan bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edir. Beş bənddən ibarət olan  baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Göründüyü kimi, rəsmi Bakının sülhün imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar indiyədək üç platformada – Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə aparılıb. Bizim ölkəmiz hər üç platformada beynəlxalq hüquqa uyğun, konstruktiv mövqe nümayiş etdirib.  Bu danışıqların nəticəsi bütövlükdə Cənubi Qafqazın taleyi üçün mühüm əhəmiyyət daşıyır. Çünki sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Cənubi Qafqazın iqtisadi və siyasi mənzərəsini tamamilə dəyişəcək.

Təəssüf ki, qarşı tərəf müxtəlif manevrlərlə prosesi ləngitməyə çalışır.Düşmənin sərhəd bölgələrində törətdiyi təxribatlar, atəşkəsin pozulması cəhdləri Ermənistanın heç də xain xislətindən əl çəkmək niyyətində olmadığını göstərir. Paşinyan bir tərəfdən sülh sazişini imzalamağa hazır olduğunu iddia etsə də, Ermənistan prosesi uzatmaqla guya Azərbaycana qarşı hərbi gücünü artırmaq məqsədi güdür. Havadarı Fransanın dəstəyilə regional siyasi coğrafiyada at oynatmağa çalışan Ermənistan, xüsusən də Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, şər, böhtan kampaniyaları həyata keçirir, lakin bütün cəhdləri puça çıxır. Məhz sistemli formalaşdırılan siyasətin həyata keçirilməsi sayəsində Ermənistan hər yeni provakasiya ilə özünü daha çətin vəziyyətə salır, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun şəkildə Azərbaycan tərəfindən irəli sürülən şərtləri qəbul etməyə məcbur edilir.

Sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün müxtəlif formatlarda görüşlər keçirilsə də, Ermənistanın barışığa meyil etmədiyi daim bəlli olub. Moskva, Soçi, Brüssel, Praqa, Vaşinqton, Kişineu görüşlərinə nəzər yetirsək görərik ki, Ermənistanın məqsədi danışıqlar prosesinə mane olmaq, hərbi təxribatlara əl atmaqla vaxt qazanmaqdır.

Cənubi Qafqazda davamlı sülhdə maraqlı olmayan tərəflərin Ermənistana gizli və açıq dəstəklərini ifadə etmələrinin şahidiyik. Məsələn, proseslərin gedişi, ayrı-ayrı vaxtlarda atılmış addımlar göstərir ki, Fransa sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmağa, separatçılığı təşviq etməyə çalışır. İslam ölkəsi adlanan İranın da Ermənistana açıq dəstəyi və anti-Azərbaycan mövqeyi ortadadır. Qarabağdakı erməni separatçılarına rusiyalı sülhməramlıların maddi və siyasi dəstəyi də videofaktlarla sübuta yetirilib. Bir sözlə, müharibədən sonrakı 3 ilin təcrübəsinə baxsaq, bu cür yanaşmanın destruktiv mövqeli dövlətlərin və beynəlxalq təşkilatların regiona təsir imkanlarını artırmadığını, əksinə, daha da zəiflətdiyini görərik. Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı ölkəsi olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də çox vacib rol oynayır, eyni zamanda, qlobal sülhə və təhlükəsizliyə öz töhfəsini verir. İqtisadi inkişaf göstəricilərinə, ordunun gücünə, beynəlxalq münasibətlər sistemində etibarlı roluna görə Azərbaycan çox ciddi nailiyyətlər əldə etmiş bir dövlətdir. Bütün bunları nəzərə alaraq, Ermənistanı şirnikləndirən, haylara revanşizm cəhdlərinə dəstək verən qüvvələr, yəni özünü “ermənidən çox erməni” kimi aparan Fransa və digər anti-Azərbaycan dairələri reallığı nə qədər tez anlasalar, bir o qədər yaxşıdır.

Havadarlarının hesabına ayaqda qala bilən Ermənistan üçün şanslar tükənir. Belə ki, Ermənistan bütün regional enerji və nəqliyyat layihələrindən kənardadır. Zəif, təcrid olunmuş, oyuncaq dövlət kimi Ermənistan Cənubi Qafqazın təhlükəsizliyinə hansısa bir töhfə vermək iqtidarında deyil. Bunu anlayan Paşinyan sağa-sola vurnuxsa da, başa düşür ki, İlham Əliyev siyasətinin qarşısında acizdir.

Azərbaycan isə iqtisadi müstəqilliyini əldə edib və yeni uğurlara imza atıb. Respublikamız heç bir güc mərkəzindən, donor təşkilatdan, beynəlxalq maliyyə qurumundan asılı deyil. Öz gücünə arxalanan Azərbaycan diplomatik arenada ön sıralarda qərarlaşıb. Bu gün rəzil olmuş və Azərbaycan qarşısında diz çökmüş bir Ermənistan var. Həmin ölkə yenə də təxribatlarından əl çəkmir. Orada olan bəzi revanşist qüvvələr yenə də sərsəm fikirlər söyləyir, hətta Azərbaycana qarşı ərazi iddialarında olurlar. Dəmir yumruq həmişə işğalçıların başı üzərində olacaq. Unutmasınlar ki, Azərbaycan ərazisində heç vaxt ikinci Ermənistan qurmaq onlara nəsib olmayacaq. Bir daha bu istəkdə olsalar, daha ağır zərbələr alacaqlar. Düşmən xarici himayədarlarına arxalanıb təxribat haqqında fikirləşməkdənsə, daxili qarşıdurma və çəkişmələrinə diqqət ayırsın. İşğalçı hakimiyyətin çirkin siyasəti nəticəsində rəzil olan millətin gələcəyi barədə fikirləşsinlər.

Dövlətimizin başçısı iyulun 24-də Çinin  məşhur “China Global Television Network”  kanalına müsahibəsində Ermənistanla sülh sazişinə toxunaraq bununla bağlı Azərbaycanın mövqeyini tam şəkildə ifadə etdi. Prezident bildirdi ki, Zəfər savaşından sonra tam hərbi üstünlüyünə rəğmən, Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bununla bağlı ölkəmiz öz prinsiplərini açıq şəkildə qeyd edib və bu, beynəlxalq hüquqa söykənir. Ermənistanın da bu prinsiplərə əməl edəcəyi təqdirdə, bölgədə çox tez bir zamanda davamlı sülhə nail olunacağına ümidli olduğunu bildirən Prezident imzalanacaq sülh sazişinin geosiyasi amilə çevrilə biləcəyini, uzunmüddətli qarşıdurmaya son qoyacağını, Qafqazda sülh yaradılacağını və bunun fonunda bütün kommunikasiyaların açılacağını vurğuladı.

Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir. İndiki məqamda seçim Ermənistanındır: Ya sülh, ya da dəmir yumruq.

Daha çox xəbərlər