Gündəm 

Qarabağda yaşayan ermənilər üçün bir yol var – reinteqrasiya

Postmüharibə dövründə ən çox müzakirə olunan məsələlərdən biri də Xankəndidəki ermənilərlə birgəyaşayış və separatçılarla nə cür danışılacağı idi. 44 günlük müharibədən sonra Azərbaycan bu məsələdə ermənilərə kifayət qədər vaxt verdi. Ancaq onlar bu güzəştdən doğru yararlanmaq əvəzinə, sui-istifadə etməyə çalışdılar. Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törədirlər.

Bu gün Xankəndidə yaşayan dinc ermənilərin böyük əksəriyyəti separatçıların boyunduruğundan çıxmaq və həyatını Azərbaycan vətəndaşları olaraq davam etdirmək istəyir. Amma təəssüf ki, oradakı oyuncaq qurumlar əhalinin təbii meyilinin, istəyinin qarşısını almaq üçün ağlasığmaz yalanlar uydururlar. Sözdə “Artsax Respublikasının Milli Təhlükəsizlik Xidməti” olan oyuncaq “qurum” yalandan iddia edir ki, guya Azərbaycan xüsusi xidmət orqanları “Artsax vətəndaşları” arasında panika yaratmağa çalışır. Guya “son günlərdə Azərbaycan xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə “Artsax Respublikasının” (?) xalqına qarşı növbəti informasiya hücumu həyata keçirib. Erməni dilində dərc olunan yazılarda saxta tezislər və “vətəndaşlıq”, “yüksək maaş”, “hüquqların müdafiəsi” vədləri ilə əhali arasında psixoloji təzyiq göstərməyə, panika yaratmağa çalışır”. Bu separatçıların iddiasıdır. Gerçəklik isə tamamilə başqadır. Məsələ erməni separatçılarının iddia etdiyi kimi deyil.  “Azərbaycanın xüsusi xidmət orqanları Xankəndidəki ermənilərin arasına “nifaq” salır, fikirlərini döndərir, “təxribat” aparır” kimi iddialar tamamilə əsassızdır. Məsələ bundadır ki, Qarabağdakı dinc ermənilər artıq separatçıların boyunduruğundan xilas olmaq, rahat, dinc yaşamaq istəyir. Bəli, həqiqətən də orda ermənilərin fikri dönüb, parçalanıb. Nə qədər erməni etiraf edir ki, biz Azərbaycan vətəndaşı olmaq istəyirik, azərbaycanlılarla bir yerdə yaşamaq arzusundayıq, birgə yaşamalıyıq. Bildiyimiz kimi, oyuncaq “dövlət”də müəyyən istefalar da olub, “məmurlar”ın çoxu istefa verib, onlar irəliyə getmək, separatizmi yürütmək istəmirlər. Sadə ermənilərin və bəzi keçmiş “məmurlar”ın Azərbaycana qarşı təbii meyilini separatçılar başqa cür izah edirlər ki, guya bu, Azərbaycan xüsusi xidmət orqanlarının apardığı təbliğatla bağlıdır. Separatçılar erməni əhalinin könüllü inteqrasiyasının qarşısını almaq üçün bu cür iftiralar atırlar. Azərbaycan dövləti erməni vətəndaşlarımızın reinteqrasiyası üçün çox münbit şərait yaradıb və bu da onların könüllü şəkildə addım atmasına imkanlar açıb. Bu gün 25 min civarında olan erməni azlığın Azərbaycana inteqrasiyasının qarşısını almaq mümkünsüzdür. Bundan əlavə, Qarabağda təxribatlara ara verməyən separatçılar hər dəfə son gərginlikdən sonra müntəzəm olaraq beynəlxalq sülhməramlılara ehtiyac olması ilə bağlı şayiələri qızışdırır. Separatçıların fikrincə, ya 27 sentyabr 2020-ci ilə qədərki vəziyyət qaytarılmalı, ya bölgə Ermənistana tam şəkildə birləşdirilməli və Ermənistan silahlı qüvvələri burada yerləşdirilməlidir, ya da Rusiya digər donmuş münaqişələrdə olduğu kimi daha da irəli gedərək bölgəni özününküləşdirməlidir. Təbii ki, bütün bu cəfəng fikirlər qeyri-realdır və illüziyadan başqa bir şey deyil. Məsələn, hər dəfə beynəlxalq sülhməramlılar haqqında söhbətlərin ortaya atılması rus sülhməramlılarına təzyiq göstərməyə xidmət edir. Bu, işğaldan azad olunmuş ərazilərin yenidən işğal olunması kimi utopik səslənməsə də, yenə də onun həmin illüziya və ya arzudan əhəmiyyətli dərəcədə fərqləndiyini ifadə etmir. Təbii ki, beynəlxalq sülhməramlı qüvvələr mövzusu illüziya və xəyal deyil, lakin bir sıra səbəb və şəraitə görə bunlar burada reallaşa bilməz. Bunu hətta İrəvanın Laçın yoluna qondarma “beynəlxalq faktaraşdırıcı missiya” göndərmək təklifinin də beynəlxalq diqqət və bəyənmə almaması sübut edir.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində bu məsələyə nöqtə qoyub. Sitat: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar… Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır… İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər”.

Daha çox xəbərlər