Uğurla, ardıcıl, məqsədyönlü…
Zəfərin təntənəsi : Qarabağ və Şərqi Zəngəzur müasir infrastrukturun yaradıldığı bərpa-quruculuq məkanına çevrilib
Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki dünyada əks-səda doğuran şanlı Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə sürətli inkişaf və bərpa dövrü başlanıb. Azərbaycan dövlətinin müəyyənləşdirdiyi bərpa və quruculuq missiyasının uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər olunub. Ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insanların rahat və firavan yaşayışının təməlinin qoyulması üçün mühüm infrastruktur layihələri icra olunub. Sevindirici haldır ki, Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçirir.
Digər təyinatlı infrastruktur obyektlərinin tikintisi ilə bağlı da statistika kifayət qədər zəngindir. Bütövlükdə, ayrılan vəsaitlər hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda geniş sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə yeni avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə üç hava limanı yaradılır. Onlardan ikisi Füzulidə və Zəngilanda olmaqla istifadəyə verilib. Laçında inşa olunan sayca üçüncü beynəlxalq səviyyəli hava limanının inşası da sürətlə davam edir.
Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunub. Hazırda bu iqtisadi rayonlarda elektrik enerjisi təminatı məqsədilə ötürücü və paylayıcı şəbəkənin qurulması üçün genişmiqyaslı və təxirəsalınmaz tədbirlər həyata keçirilir, rayon və şəhərlərin əksəriyyətinə ölkənin ümumi enerji sistemindən elektrik enerjisi verilməsi üçün infrastruktur formalaşdırılır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən indiyədək işğaldan azad olunan ərazilərdə 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib və hazırda Kəlbəcər, Laçın və Zəngilanda tikintisi aparılan 7 su elektrik stansiyasında işlər yaxın aylarda yekunlaşacaq. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyasının tikintisinə başlanılıb.
Bütün bunlarla yanaşı, Qarabağda bərpa-quruculuq işlərinə başlanan ilk vaxtlardan təhsil müəssisələrinin tikintisi də diqqət mərkəzində saxlanılır. Hazırda 4 məktəb layihəsi həyata keçirilir. Tərtər rayonunun Suqovuşan tam orta məktəbində bərpa işləri yekunlaşıb, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır.
Qarabağ və Şərqi Zəngəzurda mədəni və dini irsin qorunub saxlanılması da prioritet istiqamətlərdən biridir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Suqovuşan və Hadrut qəsəbələrində isə yeni məscidlərin tikintisi üzrə layihələndirmə işləri aparılır. Pənahəli xanın sarayı – İmarətdə və Şahbulaq qalasında yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq. İmarətdə yerləşən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın qəbirüstü abidəsi özünün ilkin görkəmində artıq bərpa olunub. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilən ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələdə, 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi qarşıda əsas hədəflərdir.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Heydər Əliyev Fondu da yaxından iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda fond tərəfindən 10-dan çox məscid inşa edilir və ya əsaslı şəkildə bərpa olunur.
Hazırda işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın reallaşdırılması üçün müasir şəhərsalma qaydaları nəzərə alınmaqla Qarabağ və Şərqi Zəngəzurda yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrastruktura malik “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Bu əsasda bütün bölgədə müasir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastruktur qurulur, kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi yaradılır. Artıq demək olar ki, işğaldan azad olunmuş bütün regionlarımızda böyük quruculuq-abadlıq işləri aparılır. Amma bu işdə ilk qaranquş, ilk abadlaşdırılan region Zəngilan rayonunun Ağalı kəndi oldu. 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulan “Ağıllı kənd” layihəsinin təməli qısa zamanda yeni sakinlərin Ağalıya qovuşmasına böyük təkan verdi. Sürətli və planlaşdırılmış şəkildə aparılan fəaliyyət nəticəsində 2022-ci il iyulun 19-dan başlayaraq Ağalı kəndinə qayıdış çərçivəsində dörd mərhələdə 41 ailə köçürüldü. Bu, təxminən 200 nəfər demək idi.
Böyük Qayıdış proqramı cari ildə də uğurla davam etdirilir. Mart ayının 16-da – əziz Novruz bayramı ərəfəsində 20 ailənin Talış kəndinə köçürülməsi təmin olundu. Üç onillik ərzində ağır köçkünlük taleyi yaşayan soydaşlarımız 30 ildən sonra doğma yurd yerlərində Novruz tonqalları yandırmağın sevincini yaşayıblar.
Laçında Azərbaycan bayrağının ucaldılması və bura soydaşlarımızın köçürülməsinə start verilməsi də əlamətdar hadisədir. Son bir neçə ayda Laçına məcburi köçkün soydaşlarımızın mərhələlərlə köçü baş tutub. Prezident İlham Əliyev doğma yurd yerlərinə qayıdan ailələrlə görüşərək, onlara xeyir-dualarını verib. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq.
İyulun 25-də Laçına qayıdışın 8-ci köç prosesi gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 19 ailəyə qucaq açıb və daha 89 nəfər laçınlı yurduna qovuşub. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Sosial infrastruktur baxımından 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və 32 kəndin tikilməsi planlaşdırılıb. Artıq Talış kəndində 1-ci faza üzrə 20 fərdi yaşayış evi və 10 qeyri-yaşayış obyekti tamamlanaraq keçmiş məcburi köçkünlərə təhvil verilib.
Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir Beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Əminliklə demək olar ki, möhtərəm Prezidentimizin gərgin əməyi və səyi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq işləri sürətlə aparılır, yaxın gələcəkdə bütün məcburi köçkün bacı və qardaşlarımız dədə-baba yurdlarına qayıdacaqlar.

