Gündəm 

Sosial islahatlar proqramının əsas hədəfi: Sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim siyasətimiz sosialyönümlü siyasətdir

Azərbaycan dünyada sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin həyata keçirdiyi təkmil sosial-iqtisadi islahatlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Bu fikir beynəlxalq səviyyədə də xüsusi vurğulanır ki,  Azərbaycan dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edir və bu model təqdirəlayiqdir.  Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal  məkan kimi qəbul olunması da bunun təsdiqidir. İqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması daim rastlaşdığı hər bir çətinliyi uğurla həll etməsini şərtləndirir. İqtisadi tərəqqinin güclü sosial siyasət ilə tamamlanması vətəndaş məmnunluğunun artırılmasında əhəmiyyətli rol oynayır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki. dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi vaxtlarda belə Azərbaycan iqtisadi islahatları, sosial layihələri ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməlidir, heç bir sosial layihə təxirə salınmamalıdır. COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi müddətdə ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər an vətəndaşların yanında olmaları, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atdıqları addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı.  Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramı həyata keçirildi. COVID-19 pandemiyasının davam etdiyi dövrdə belə təkmil sosial paketin tətbiqi ilə 4 milyondan artıq ölkə vətəndaşının iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılması təmin edildi. Sahibkarların fəaliyyəti üçün şərait yaradıldı. Bütün dövlətləri narahat edən, insan amili ilə bağlı hesabatlarda hələ də istənilən rəqəmlərlə ifadə olunmayan işsizlik probleminin həlli, korrupsiyaya qarşı mübarizə üçün yollar axtaran ekspertlərə bu sahədə Azərbaycanın təcrübəsi nümunə göstərildi.

Həmin vaxtlarda da sosial xidmətin təkmilləşdirilməsinə xidmət edən  DOST mərkəzlərinin miqyası genişləndi. Onu da qeyd edək ki, DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

Dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Sosial islahatlar proqramının əsas hədəfi də məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Dövlət başçısı İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Prezidentin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Azərbaycan brendi kimi diqqətçəkən sosial layihələrdən  biri də  «ASAN xidmət»dir. Bu layihəni  dünyada ilk və alternativi olmayan yenilik kimi dəstəkləyən BMT-nin rəsmiləri ölkəmizdə yaradılan bu sistemi iqtisadi, sosial inkişafın vəhdəti kimi dəyərləndirirlər. Yeni xidmət növü olan və ailələrin büdcəsinin möhkəmlənməsi naminə «Ailə Biznesinə Asan Dəstək» («ABAD») layihəsinin həyata keçirilməsi ilə iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırılması işi sürətləndirildi. «Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək» söyləyən dövlət başçısı  İlham Əliyevin vurğuladığı kimi, bu proqramın icrasına cəlb olunan insanlar daxili potensialdan, əmək resurslarından istifadə etməklə ailə büdcələrini formalaşdıracaq, halal zəhmətləri ilə pul qazanacaq, eyni zamanda, ölkə iqtisadiyyatına töhfələr verəcəklər.

Azərbaycan brendi olan «ABAD»a marağın artması, sosial sahədə aparılan islahatlar, «ASAN xidmət”in analoqu olan yeni layihənin- Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərinin təşkilini aktuallaşdırdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin açılışı sosial islahatların tərkib hissəsi olmaqla önəmi, çoxşaxəli xidmət strukturu ilə də fərqlənir. Dünya təcrübəsində ilk olan bu yeni xidmət növləri ilə tanışlıq zamanı xarici qonaqlar da bildirirlər ki, DOST konsepsiyası – Azərbaycanın mühüm sosial uğuru, vətəndaş məmnunluğunu ifadə edən alternativi olmayan yenilikdir. Əvvəldə də qeyd etdiyimiz kimi, sosial islahatların coğrafiyasını genişləndirən, istiqamətlərini şaxələndirən dövlət başçımız İlham Əliyevin Fərmanı ilə yaradılan DOST Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindəndir. DOST Agentliyinin fəaliyyətini sosial islahatların müasir növü kimi yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyevin bu fikirlərində  xalqa dəyər, insana qayğı, məhəbbət duyğuları əks olunur: «Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.» 2022-ci ildə  Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri fərmanına layiq görülən DOST Agentliyinin, həmçinin ötən il Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. «Texnologiya alətləri» kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə DOST Agentliyi 20 mindən çox səslə Avropanın nüfuzlu Mükafatına layiq görülmüşdür.  Təşkilata üzv Avropa dövlətlərinin DOST layihəsinə olan marağının göstəricisi kimi həmin səslərin 17 mini qeyd edilən dövlətlərdən gəldi. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda, şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük marağı və onun uğurlu islahat təcrübəsi kimi qəbul edildiyini ehtiva edir.

«Könüllü DOST» proqramı da bu gün aktual olan sosial layihələrdəndir. 2015-ci ildə ölkəmizdə keçirilən Birinci Avropa Oyunları zamanı yaranan və fəaliyyət istiqamətləri genişlənən könüllülük hərəkatı da Azərbaycana məxsus yenilikdir. Yuxarıda adı çəkilən Avropa Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsində də DOST Könüllülərinin fəaliyyətinə dair «Dəyərləri birləşdir – bərabərliyə nail ol”» adlı ərizəsi «Möhtəşəm Heyət» kateqoriyasında Avropa müsabiqəsinin finalçısı oldu. Qeyd edək ki, DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına da layiq görülüb.

Azərbaycanın yeni brendinə çevrilən 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında açılacaq, ən müasir texniki avadanlıqlarla təmin olunan 31 DOST mərkəzinin fəaliyyətini «Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var. Bina çox gözəldir, müasirdir, həm xarici görünüşü, həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaqdır» sözləri ilə ölkə vətəndaşlarına diqqət kimi dəyərləndirən, sosial sahənin dövlət üçün prioritet olduğunu diqqətə çatdıran dövlət başçısı  İlham Əliyev vurğulayır ki, bu sahə ilə bağlı bizim siyasətimiz daha geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir.

«Bizim siyasətimiz sosialyönümlü siyasətdir» çağırışını atdığı addımları ilə təsdiqləyən  dövlət başçısı  işsizliyin aradan qaldırılmasına, qeyri-neft sektorunun inkişafına yönələn islahatlar paketi ölkə vətəndaşları tərəfindən rəğbətlə, sevinclə qarşılanır. «DOST» mərkəzlərinin simasında ölkəmizdə geniş tətbiq olunan sosial islahatlar əksini tapır. DOST mərkəzlərinin tərkibindəki «Çağrı Mərkəzi» ölkə üzrə gündəlik minlərlə  zəng qəbuluna şərait yaradır.

Yeni yaradılan xidmət növündən razılığını  DOST-a dost olaq, DOST-u dünyada tanıdaq» sözləri ilə bildirən ölkə vətəndaşları insanların rahatlığı üçün yaradılan belə yüksək səviyyəli xidmət üçün dövlət başçımıza daim minnətdarlıq edirlər. Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan, şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır.

DOST mərkəzlərində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin tibbi sosial ekspertiza sahələri üzrə bütövlükdə 100-dən artıq  növ üzrə xidmət göstərilməsi insanların əlavə vaxt itkisinin qarşısının alınmasına da imkan yaradır.

DOST mərkəzlərinin coğrafiyası genişlənməkdədir. Dövlətimizin bölgələrə səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sırasında Azərbaycan brendi kimi dünyada tanınan «ASAN xidmət», ABAD, DOST mərkəzlərini də görməkdən məmnunluq hissi keçiririk.

Prezident İlham Əliyev avqustun 7-də Bərdəyə səfəri çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirakı da bunun bariz nümunəsidir. Məlumat üçün qeyd edildi ki, hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır. Qarabağ Regional DOST Mərkəzində  123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir. Prezident İlham Əliyev, həmçinin  Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış oldu. Hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.

Göründüyü kimi, daim yeniliyə, təkmilləşməyə maraq göstərən Azərbaycan imza atdığı ilklərlə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev bu yeniliklərin işğaldan azad edilmiş ərazilərimizdə də əksini tapmasını qarşıya hədəf kimi qoyub. «ASAN xidmət», DOST mərkəzlərinin yaradılması prioritet məsələlər sırasındadır. Bu da dövlətimizin insan amilinə verdiyi dəyərdən irəli gəlir. Beynəlxalq aləmdə islahatçı Prezident kimi tanınan,  idarəçilik  təcrübəsi öyrənilən cənab İlham Əliyevin həyata keçirdiyi yenilik və dəyişikliklərin, özünü doğruldan çağırışlarının vətəndaşlar tərəfindən razılıqla qarşılanması xalq-iqtidar birliyinin təzahürüdür.

Daha çox xəbərlər