Bu gün Qarabağda öz sahiblərini gözləyən nə qədər ünvanlar var
İnfrastrukturun bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması illərin məşəqqətinə sinə gərmiş xalqın dözümlülüyünün, qətiyyətinin təcəssümü olmaqla, həm də sülhün, diplomatiyanın münaqişə və təcavüz üzərində qələbəsinin ifadəsidir
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayanır. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Dövlət başçısı hər dəfə rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni obyektlərin təməlini qoyur. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində start verilmişdir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük Qayıdışın başlanğıcı oldu. Bir il bundan əvvəl inşaat işləri başlanılan Ağalıda hazırda 200 evdən ibarət gözəl kənd salınıb. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Eyni zamanda, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu proqramın reallaşmasının davamı olaraq mayın 28-də Laçın şəhərinə ilk əhali qrupunun qayıdışı reallaşdı. Onlara yeni evlərinin açarlarını Prezident İlham Əliyev təqdim etdi. Dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bildirdi ki, burada bütün lazımi şərait yaradılır: “Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq”.
Laçının Baş planına əsasən, şəhərin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Prezident İlham Əliyev bildirmişdir: “Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər”. Dövlətimizin başçısı cəmi 7-8 ay ərzində Laçının böyük hissəsinin tamamilə yenidən qurulduğunu bildirib: “İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşaçaqdır”.
Qeyd edək ki işğaldan azad edilmiş digər ərazilərimiz – Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli və Şuşa şəhərlərində də quruculuq işləri sürətlə aparılır. İnfrastruktur layihələr, xəstəxanalar, yaşayış binaları, məktəblər, mədəniyyət obyektləri, eləcə də məscidlər bərpa edilir. Muzeylər, hava limanları tikilir, dəmir yolları çəkilir. Qarabağda ümumilikdə, 2022-2026-cı illərdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulur. Ağdam rayonunda isə daha 9700 mənzilin tikilməsi planlaşdırılıb. 2025-ci ildə Ağdam şəhəri və ilk bərpa olunacaq kəndlərə əhalinin köçürülməsi həyata keçiriləcək. Layihəyə Cümə məscidi, İşğal muzeyi, Pavilyon, Bayraq meydanı və Pənahəli xanın imarəti daxildir. Şəhər yollarının yenidən salınması məqsədilə 59 kilometr şəhərdaxili yolların və müvafiq kommunikasiya xətlərinin layihələri hazırlanır. Qarabağ iqtisadi rayonunun “yaşıl enerji” zonası elan edilməsi ilə əlaqədar olaraq Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması qərara alınıb. Şəhərin Baş planına əsasən inzibati ərazinin də layihələndirilməsi istiqamətində işlərə başlanılıb. Məlumat üçün bildirək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Beləliklə, püşkatmada iştirak etmiş ailələr qısa müddətdə Füzuli şəhərinə yola salınacaqlar. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma işləri sürətlə aparılır. Bölgədə məktəblərin, mədəniyyət obyektlərinin və digər zəruri iaşə obyektlərinin tikintisi də çox uğurla gedir. Bu gün Qarabağda öz sahibini gözləyən nə qədər ünvanlar var. Ölkə başçısının da qeyd etdiyi kimi, biz zamanla öz tarixi torpaqlarımıza dönəcəyik. Axı, biz düşməndən fərqli olaraq qurub-yaradan xalqıq.

