Cəmiyyət 

Biz bu torpaqlarda əbədi yaşayacağıq

İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verildi və “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başlandı. Bu gün həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra olunur. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza yaradılıb.

Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən işlərin nəticəsi həqiqətən qürur vericidir. Vətən müharibəsindən on ay sonra Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına endi. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də Füzuli hava limanına enərək Qarabağa ilk dəfə hava yolu vasitəsilə yük çatdırıb. Ardınca isə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi,  ekoloji təmiz,  səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki,  azad edilmiş ərazilər “yaşıl enerji zonası” olacaq. Mütəxəssislərin fikrincə, Kəlbəcər və Laçın rayonlarında böyük külək enerjisi potensialı, Zəngilan, Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisi potensialı vardır. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin ilkin qiymətləndirmələrinə görə, azad edilmiş ərazilərdə 4 min meqavatdan çox Günəş, 5 yüz meqavatadək külək enerjisi potensialı vardır. Artıq yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır.

Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən “Böyük Qayıdış” proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını nəzərdə tutur..

Dövlət Proqramının əsas məqsədlərindən birincisi işğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, ən önəmlisi isə ərazilərin yenidən qurulması, bərpası, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı torpaqların, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi və sonrakı mərhələlərdə dayanıqlı inkişafa nail olunmasıdır. Bunun üçün də ərazilər minalardan təmizləndikdən sonra ardınca bərpa-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Bir sözlə, doğma torpaqlara qayıdış üçün hər cür şərait yaradılır.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Laçın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Hazırda şəhərdə 4 minə yaxın işçi qüvvəsi gecə-gündüz növbəli şəkildə çalışır. 30 illik işğaldan sonra Laçının görünüşü dəyişir, yeni və müasir bir görkəmə qovuşur. 2024-cü ilin oktyabr ayında isə Laçın şəhərinin 100 yaşı tamam olur. Təbii ki, Laçın şəhərinə köçürülən ailələr şəhərin yüz illiyini öz yeni evlərində qarşılayacaqlar.

Hesabatda bildirilir ki, Kəlbəcər rayonu üzrə vəsait qoyuluşu 345 milyon 239,7 min manat (artım 4,1 dəfə) təşkil edib. Zəngilan rayonunun inkişafına ayrılan investisiyaların həcmi isə ötən ilin birinci yarımilliyi ilə müqayisədə 18,8 faiz azalıb. Belə ki, bu ilin 6 ayı ərzində Zəngilan rayonuna 155 milyon 988,4 min manat məbləğində investisiya qoyulub. 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 4 milyard 18 milyon 769,9 min manat (cari məzənnə ilə təxminən 2,4 milyard dollar) investisiya yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur. Bir sözlə ifadə etməli olsaq bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

Daha çox xəbərlər