Gündəm 

Ağdam-Xankəndi yolundan istifadəyə dair razılıq olub, amma…

Ölkəmiz regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Münaqişə bitdikdən sonra Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması, mübahisəli məsələlərin həll edilməsi məqsədi ilə keçirilən bütün görüşlər Prezident İlham Əliyevin yüksək diplomatik məharəti, qətiyyətli siyasəti nəticəsində ölkəmizin xeyrinə yekunlaşır və görüşlərdən sonra qəbul edilmiş bəyanatlar da Azərbaycanın üstünlüyünü təsdiq edir. Ermənistan daim öhdəlikləri yerinə yetirməyən, Azərbaycan isə hər zaman vədinə sadiq qalan ölkə kimi diqqət çəkib.

Azərbaycan tərəfi  üç ilə yaxındır ki, Ermənistanın 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanatın  müddəalarından  irəli gələn  öhdəlikləri yerinə yetirmədiyini bildirsə də  bəzi dünya gücləri ənənələrinə uyğun olaraq susmağa üstünlük verirlər. 30 il işğalçıya dəstək olub  torpaqlarımızın unudulacağı ilə bağlı özlərində əminlik yaradan  Ermənistan və ona havadarlıq edən dövlətlər  Azərbaycanın dəyişməz mövqeyi fonunda hazırkı durumun yaşanacağından  xəbərdar idilər. Rəsmi Bakı dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantı istisna edilmir. 44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqidir. Bu gün bəzi dünya güclərinin yenə eyni mövqeyi sərgilədikləri müşahidə edilir.  Azərbaycan ədaləti bərpa etdi, Qarabağ münaqişəsini tarixə qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu bəyan etdi. Amma Ermənistan konstruktiv mövqe ortaya qoymur, dünya yenə də  seyrçi mövqedə dayanır. Artıq Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən edib. Prezident İlham Əliyev «Euronews» televiziyasına müsahibəsində hazırda regiondakı gərgin vəziyyətin səbəbkarının Ermənistan olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıraraq bildirib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağda məskunlaşan separatçıların başqa çıxış yolunun olmaması səbəbindən Azərbaycana qarşı təxribatlar və təhdidlərlə müşayiət olunan çıxışların heç bir real qüvvəsi və nəticəsi olmayacaq. Bu gün Azərbaycan Ordusu bölgəyə hərtərəfli şəkildə nəzarəti həyata keçirir. Hər zaman olduğu kimi, bu gün də Ermənistan yalnız özünün maraqlı olduğu məsələləri qabardaraq gündəmdə saxlamağa çalışır.

Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildirsələr də hələ ki, hansısa qurumun, dövlətin konkret addım atdığını görmək mümkün deyil. Azərbaycan sülh müqaviləsini təklif etməklə yanaşı, onun qısa zamanda imzalanmasının vacibliyini ən yüksək tribunalardan bəyan edir.  30 illik işğal dövrünün reallıqlarından fərqli olaraq  hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf olaraq bu çağırışı  edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz. Bu, Ermənistan üçün son şansdır. Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermənistan tərəfindən real hərəkətlilik müşahidə edilmir. Bütün hallarda hələ də mövcudluğu inkar edilməyən ikili standartlara əsaslanan siyasət öz sözünü deyir. Bu baxımdan ki, görünür Azərbaycan Ordusunun  44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq,  işğalçı dövlətə verdiyi dərs unudulub. Dünyanın bəzi gücləri  zamanında Ermənistana nümayiş etdirdiyi destruktiv mövqeyə görə sanksiyalar tətbiq etsəydilər,  hər halda  İkinci Qarabağ müharibəsi baş verməyəcəkdi. Beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexanizm əsasında tətbiqini apxa plana keçirən bəzi dünya gücləri bunun  yaratdığı faciələri artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ  münaqişəsinin timsalında gördü. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi Vətən müharibəsindən ötən üç ilə yaxın müddətdə də müəyyən qanunsuzluqlar törədib. Bu qanun pozuntuları isə cinayət məsuliyyətinə cəlb edilməli olan bəzi separatçıların Laçın yolu vasitəsilə ərazidən çıxarılması və ya gətirilməsidir. Bəlli olub ki, həmin addımları atan qurum eyni zamanda Qarabağdakı separatçı ermənilərə hərbi təyinatlı vasitələrin daşınmasını da həyata keçirib. Bildiyimiz kimi,  Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin əsas istiqaməti əsir və girovlara kömək göstərməkdir. Təəssüf ki, adı çəkilən komitə nə Vətən müharibəsinə kimi, nə də müharibədən sonra azərbaycanlı əsir və girovlara yetərincə dəstək olub, nə də humanitar yardım edib. Demək olar ki, 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq. Əksinə, BQXK proseslərdə tərəf kimi çıxış edib və müharibə dövründə və postmünaqişə periodunda bu strukturun əməkdaşlarının hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr var.

Avqustun 11-də Rusiyanın «Kommersant» qəzetində dərc edilən məqalədə Ağdam-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən istifadə müqabilində Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən keçidə imkan yaradacağına dair ilkin razılıqlar barədə fikirlər səsləndirilib. Bu fikirlərlə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhində qeyd edilib ki, son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi. Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozublar. Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib. Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Diqqət çəkən məqamlardan biri də budur ki, ermənilər yenə də  saxta informasiyalar yaymaqla həqiqəti gizlətməyə və dünyanın diqqətini özlərinə çəkməyə cəhd edirlər.

Bu gün reallıqları diktə edən qalib Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, ölkəmiz rahat və təhlükəsizlik şəraitində yaşayacaq.

Daha çox xəbərlər