Gündəm 

Tülkü, tülkü, tünbəki…

Xankəndidəki quldurbaşı beynəlxalq ictimaiyyətdən nə istəyir?

Xankəndidən təzə “xəbər” var. Qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyan yenidən beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Başdan-ayağa ölkəmizin ünvanına böhtanlarla dolu olan həmin müraciətdə quldurbaşı beynəlxalq ictimaiyyətdən “artsax xalqı”na qarşı “soyqırımı”nın qarşısını almağı və “blokada”nın aradan qaldırılmasını tələb edib. Baş separatçı indiyədək dəfələrlə belə çağırışlar səsləndirib və hər çağırışında da tutuquşu kimi  “soyqırımı” və “blokada” ifadələrini dilə gətirib.

Bəri başdan qeyd edək ki, soyqırımı milli, etnik, irqi və ya dini mənsubiyyətə görə, hər hansı bir xalqın və etnik qrupun qəsdən məhv edilməsi məqsədini güdən hərəkət anlamındadır. Azərbaycan isə Araikin mənsub olduğu tayfadan fərqli olaraq, indiyədək heç bir zaman bu və digər etnik qrupa qarşı belə bir hərəkətə yol verməyib və belə bir addım atmaq niyyətində də deyil. Rəsmi Bakı sadəcə, işğaldan azad etdiyi öz suveren ərazisində qayda-qanun yaratmaqla məşğuldur. Yeri gəlmişkən, Qarabağda ermənilərin yaşadığı ərazinin Azərbaycana məxsus olduğunu Ermə­nistanın baş naziri Nikol Paşinyan özü də etiraf edib.

Bu mənada əyləşdiyi və “fəaliyyət göstərdiyi” məkanın Azərbaycan Res­publikasının suveren ərazisi olduğunu yaxşı dərk edən Araik də bilir ki, çoxmillətli və müstəqil ölkə olan Azərbaycan öz ərazisindəki, daha doğrusu, Qarabağ iqtisadi rayonundakı ermənilərin də hüquq və təhlükəsizliyini Konstitusiyası əsasında təmin etmək istəyir. Buna onun tam haqqı var. Bunun isə yeganə yolu reinteqrasiyadır. Məgər bu soyqırımıdır? Araik isə heç bir məntiqə əsaslanmadan bunu beynəlxalq aləmə soyqırımı kimi təqdim etməyə çalışır. Soyqırımının nə olduğunu  bir cümlə ilə Araikə izah etmək istərdik. Soyqırımı Ermənistanın Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Xocalıda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla dinc əhalini kütləvi surətdə qətlə yetirməsi, kəndləri, şəhərləri yandırması, milli mədəniyyət abidələrini dağıtmasıdır. Amma Araik bu məsələdə Azərbaycanın adını hallandırır. Bu isə o deməkdir ki, Araik Arutyunyan öz müraciətində Qərb dövlətlərinin dəstəyini almaq üçün xislətinə uyğun şəkildə hiy­ləgər gedişlər edir.

Hamıya gün kimi aydındır ki, Ermənistan rəhbərliyi və Qarabağdakı qanunsuz rejimin qalıqları, o cümlədən Araik Arutyunyan Qarabağ bölgəsinin erməni sakinlərinə təzyiq göstərir, öz siyasi məqsədlərinə çatmaq və reinteqrasiyaya qəsdən mane olmaq üçün yerli sakinləri girov kimi istismar edirlər. Amma utanıb-qızarmadan  ərz edirlər ki, guya Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. İstəmirlər, istəməsinlər. Necə deyərlər, can onların, cəhənnəm onların. O  Ermənistan, o da onlar. Yəni, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər  iki yoldan birini seçməlidirlər. Ya Azərbaycan vətəndaşı kimi öz hüquq və vəzifələrinə sahib çıxmalı, ya da  özləri-özlərini uydurma “soyqırımına” məruz qoyub torpaqlarımızı tərk etməlidirlər. Məgər onlara bu seçimdə mane olan var? Bir məsələni də xatırladaq: Azərbaycan Respublikası Prezi­dentinin Administrasiyası Qarabağın er­məni nümayəndələrini iki dəfə Bakıya gö­rüşə çağırıb. Üstəlik, Prezident İlham Əliyev çıxışlarında separatçı rejimin təmsilçilərinə amnistiyanın şamil ediləcə­yinin mümkünlüyünü vurğulayıb.

Araikin fikrincə, aclıq soyqırımın görünməyən tərəfi imiş. Şübhəsiz, onun belə ifadələrdən istifadə etməsi vəziyyəti gərginləşdirməyə xidmət edir. Halbuki Azərbaycan Laçın yolu ilə yanaşı, Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını qarşılamaq üçün Ağdam-Xankəndi yolunu da təklif edib. Amma qanunsuz rejimin qalıqları Qarabağda sadə erməniləri girov götürür və bu yoldan istifadə etməkdən imtina edirlər. Şübhəsiz, onlar aclıqla üzləşsəydilər bu imkandan istifadə edərdilər. Onları buna təhrik edən isə araiklərdir. Elə bu kimi səbəblərdən artıq Qarabağ erməniləri Araik Arutyunyanı “devirmək” çağırışları səsləndirirlər.

Bu  məqamda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyovun Fransanın erməni lobbisinə yaxın “Le Monde” nəşrinə verdiyi müsahibəsindəki bu sözləri diqqətə çatdırmaq istərdik: “Əgər acsınızsa, şərt qoymamalısınız. Nə fərqi var ki, ərzaq hansı yolla – Laçından, Ağdamdan, Füzulidən gətiriləcək? Əsas odur ki, lazımi məhsulları ala biləsən. Amma kənardan açıqca Azərbaycana təzyiq göstərmək üçün məsələnin süni şəkildə siyasiləşdirilməsi görünür”.

Buradan belə məntiqi nəticəyə gəlmək olar ki, Azərbaycan blokada yaratmır, əksinə, yardım təklif edir. Lakin qeyri-qanuni rejimin qalıqları öz təxribatlarından, yalanlarından utanmırlar ki, utanmırlar. Halbuki Ermənistan 30 ildən artıqdır Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır. Bu blokada Naxçıvanın Azərbaycanın digər hissəsi ilə quru əlaqəsinə mane olur, insanların gediş-gəlişini və malların daşınmasını əngəlləyir. Bax, budur blokada!

Araik Arutyunyan müraciətinin sonunda artıq tarixin arxivinə atılmış  ATƏT-in Minsk qrupuna, Avropa Şurasına, Av­ropa İttifaqına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, eyni zamanda, er­məni diasporuna da çağırış edib. Şübhəsiz, əsas məqsəd Azərbaycana təzyiqlərin edil­məsinə, ölkəmizə qarşı müxtəlif təzyiq metodlarından istifadə olunmasına nail olmaqdır. Gündən-günə inkişaf edən, 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yaradan, dünyada söz sahib olan Azərbaycana öz haqq işi uğrunda mübarizədə  heç bir qüvvə mane ola bilməyəcək. Belə bir reallıqda həmin  müraciətin heç bir nəticəsinin olmayaca­ğını hamı, elə quldurbaşı özü də yaxşı bilir. Bu, sadəcə Araikin əsrlər boyu formalaşmış erməni xislətindən, tülkülüyündən irəli gələn bir hərəkətdir. Elə bu tülkülüyünə görə də onun adının “Ginnesin Rekordlar Kitabı”na düşəcəyi istisna deyil.

Daha çox xəbərlər