İkiüzlülüyün daha bir ünvanı
Bəli, okeanın o tayında ölkəmizə qarşı ikiüzlü və riyakar siyasət davam edir. Bu ölkə rəsmiləri Azərbaycanla təmaslar zamanı belə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya ABŞ-da antiAzərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Azərbaycana qarşı tətbiq edilən “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi buna sübutdur. Onda da bu ədalətsiz düzəlişi guya bir neçə ermənipərəst konqresmen və senatorun üstünə atmışdılar. Yəni, loru dildə “biz etmirik, lobbiçilər edir” deyirdilər. Düzdür, erməni lobbisi orada güclüdür. Ancaq dünyanın superdövləti erməni lobbisinin önündə acizmi qalıb? Bəlkə bir ovuc erməni ABŞ dövətinin iradəsini sındıra bilər? Bunlar bəlkə də gülünc suallardır. Cavabını orta məktəb şagirdinin də bildiyi suallardır. Bizimlə bağlı məsələ ondadır ki, ABŞ Dövlət Departamenti və onun qeyri-rəsmi “mətbuat orqanları” kimi tanınan KİV-ləri mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirirlər. Qısaca desək, heç nə dəyişməyib.
Yaddan çıxarmayaq ki, ABŞ-da keçirilən “Qlobal Demokratiya Sammiti”nə Ermənistan dəvət olunsa da, Azərbaycan və Türkiyə dəvət olunmamışdı. Demokratiyanın əlifbasından xəbəri olmayan bir sıra ölkələrin, o cümlədən Ermənistanın həmin tədbirə çağırılması, Azərbaycanın və qardaş Türkiyənin dəvət edilməməsi əlbəttə, böyük ədalətsizlikdir, amma bizim üçün elə də əhəmiyyətli deyil. Çünki bu gün türk dünyasının böyüməsi bəzilərini narahat edir. Onlar türk dünyası inkişaf etdikcə gerçək demokratiyanın necə olduğunu görəcəklər…
Danılmaz faktdır ki, ABŞ tərəfindən Gürcüstan və Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana verilməyib. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə işləyəndə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstanın ərazisi bütövlüyünə dəstək verirdi. R.Uilson Azərbaycanda işlədiyi zaman isə bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmadı. Bu, ayrı-seçkilik və ikili standart deyil, bəs nədir?.
2014-cü ildə Rusiya Ukraynanın Donbas ərazisinə humanitar yardım göndərmək məqsədilə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdı. Bu təşəbbüs dərhal ABŞ və beynəlxalq birlik tərəfindən rədd edilmişdi. Hətta müzakirələrdə ABŞ-ın BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə cəhdi kimi qiymətləndirdi. Bildirdilər ki, humanitar yardım ərazi bütövlüyünə hörmət edilməklə həyata keçirilə bilər. Ancaq işğalçı Ermənistan nə ABŞ, nə də demokratiyadan, insan hüquqlarından dəm vuran bir çox dövlətlər tərəfindən heç bir təsirə və qınağa məruz qoyulmadı. Başqa vaxtlar demokratiyadan, ədalətdən, ərazi bütövlüyündən danışanlar niyə indi bu sözləri Azərbaycan haqqında demirlər? Əksinə, Ermənistandan göndərilən yüklər üçün Azərbaycandan sərhədlərin açılmasını tələb edirlər? Sual oluna bilər ki, özlərinin sərhədləri onlara düşmən olan ölkələrin üzünə açıqdırmı? Üstəlik də arada sülh müqaviləsi olmadan və silahların susmadığı bir şəraitdə. Təbii ki, yox.
İndi ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu cür siyasətlə ABŞ özünün regiondakı mövqelərinə zərbə vura bilər. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlər bölgədə işbirliyi qurmaq istəyən istənilən ölkə üçün son dərəcə önəmlidir. Bölgədə hər hansı iri beynəlxalq layihənin həyata keçirilməsi Azərbaycansız mümkün deyil. Azərbaycan Prezidenti bir çox beynəlxalq tədbirlərdə və zirvə görüşlərində bildirib ki, biz bütün ölkələrlə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq arzulayırıq. Ölkəmizin son otuz ildə atdığı bütün addımlar göstərir ki, Azərbaycanın sözü ilə əməli birdir. Hamı ilə mehriban dostluq və qardaşlıq münasibətləri yaratmağa çalışır və demək olar ki, öz məqsədinə nail olur. Ona görə də başqalarından tələb edirik ki, bizimlə səmimi davransınlar. Bu, həm də beynəlxalq hüququn şərtlərindən biridir.

