“Humanitar böhran”, yoxsa “humanitar böhtan”?
Paşinyan bölgəni yeni müharibəyə sürükləyir
Ermənistan hələ də Azərbaycana qarşı çoxvariantlı təxribatlarını davam etdirməkdədir. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan reallıqları qəbul etmək, sülh üçün əməli addımlar atmaq əvəzinə öz himayədarlarına güvənərək bölgəni yeni müharibəyə sürükləyir. Səbəb isə Ermənistandan Xankəndinə göndərilən yük maşınlarının Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd keçid- məntəqəsindən buraxılmaması göstərilir. Amma onlar anlamırlar ki, Laçın -Xankəndi yolunu bağlamaq Azərbaycanın suveren hüququdur. Əvəzində Azərbaycandan Ermənistana Ağdam –Xankəndi yolu kimi daha mükəmməl variant təklif edilir.
Bu gün Ermənistan hakimiyyətinin və onun havadarlarının məqsədi «humanitar böhran» şousu yaratmaqla Azərbaycana qarşı «humanitar böhtan» kampaniyasını genişləndirməkdir. və bu prosesə beynəlxalq təşkilatları da cəlb etməkdir. Təbii ki, faşizmin bir qolu olan müasir erməni zehniyyəti hələ də anlamır ki, rəsmi Bakı Ermənistanın icazəsiz göndərdiyi «humanitar yükü» öz ərazisinə buraxmayacaq. Hətta ən geniş şəkildə beynəlxalq təzyiqlərə və təsirlərə rəğmən Azərbaycan dövləti öz suveren hüquqlarının tapdanmasına icazə verməyəcək.
Qeyd edək ki, Ermənistan rəhbərliyinin təxribatlarına uyan bəzi beynəlxalq ermənipərəst siyasi dairələr ölkəmizə qarşı müəyyən «bəyanatlar» səsləndiriblər. Ancaq o «bəyanatlar» heç də ermənilərin ümid bəslədikləri effekti vermədi. Ona görə ki, Azərbaycan dövləti Ermənistanın beynəlxalq hüquq normalarını pozmaqla, məqsədyönlü şəkildə təxribat törətdiyini sübuta yetirdi. Axı əslində Ermənistan üçün «humanitar yük»ün hansı marşrut üzrə keçirilməsinin heç bir fərqi olmamalıdır. Halbuki, Ermənistan hələ də Laçın –Xankəndi yolunun açılmasında israr edir. Bəli, Azərbaycan dövlətinin vaxtında Laçında sərhəd-keçid məntəqəsinin yaratması uğurlu addım olmaqla Ermənistanın əl-qolunu bağlayan mühum hadisə idi. Ona görə ki, artıq ermənilər Laçın yolundan hərbi məqsədlərlə istifadə etmək şanslarını itiriblər. Bununla bərabər, Ermənistan indi Azərbaycanın Xankəndi və ətraf bölgəsində cərəyan edən proseslərə təsir imkanlarını da itirib. Bu isə o deməkdir ki, Nikol Paşinyan hakimiyyəti Xankəndidəki və ətraf qəsəbələrdəki erməni azlığının gələcək taleyinin həll edilməsi proseslərində tamamilə oyundankənar vəziyyətə salınıb.
Təbii ki, Ermənistanın Laçın yolu istiqamətində davam edən təxribatları yeni ciddi silahlı toqquşmalara gətirib çıxara bilər. Erməni şərəfsizliyinin və riyakarlığının pik nöqtəsi ondadır ki, onlar bu dəfə Laçın postuna erməni terror dəstəsini mülki şəxslər adı altında göndərmək niyyətindədirlər. Özün bu terrorçuların rəhbəri kimi təqdim edən erməni Laçın yolunu zorla açacaqlarını bildirib. İddia edilir ki, onlar artıq Ermənistanın Azərbaycanla sərhəd bölgəsindədirlər.
Burada maraqlı bir nüansa da diqqət yetirmək lazımdır. Belə ki, terrorçular İrəvanda Laçın yolunun açılması tələbi ilə aksiya keçirərkən Ermənistan polisi onlardan bəzilərini həbs etmişdi. Bununla da guya bu terrorçuların Paşinyan hakimiyyəti ilə qarşıdurma vəziyyətində olması görüntüsü yaratmağa çalışdılar. Bu da Paşiniyanın növbəti riyakarlığıdır. Guya Ermənistan hakimiyyəti «səlibçi terrorçular»ın törədəcəyi hadisələrlə ölkə rəhbərliyinin əlaqəsinin olmadığını sübut etmək istəyir. Bununla da Ermənistan hakimiyyəti terrorçuların sərhəd bölgəsində törədə biləcəkləri cinayətlərdən özünü indidən sığortalamağa cəhd edir. Ancaq tam çılpaqlığı ilə görünür ki, terror dəstəsini Laçınla sərhədə məhz Paşinyan hakimiyyəti təlimatlandıraraq göndərib.

