Gündəm 

Məğlubiyyətdən doymayan Ermənistan…

BMT Təhlükəsizlik Şurası düşmən ölkənin və ermənipərəst Fransanın indiyədək Azərbaycana üç dəfə uduzduğu platformadır

Ermənistan Cənubi Qafqazda yenidən gərginlik yaratmaqla “oyundankənar” vəziyyətdən çıxmağa çalışan ermənipərəst Fransanın da dəstəyi və himayəsi altında son üç ildə dördüncü dəfə BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməyə hazırlaşır. Əvvəlki hər iki cəhdi uğursuzluqla, hətta diplomatik rüsvayçılıqla nəticələnən düşmən ölkə indi yenidən TŞ-ni siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək istəyir. Azərbaycanın öz suveren ərazisində beynəlxalq qanunlara uyğun atdığı addımları Qarabağda yaşayan erməni azlığa qarşı “soyqırımı” siyasəti kimi təqdim etməyə çalışan Ermənistanın siyasi hakimiyyəti yenidən dünya ictimaiyyətini aldatmaq və çaşdırmaqla hər hansı nəticənin əldə olunmayacağını bilməmiş deyil. Ancaq düşmənin hədəfi Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarını ləngitmək, hətta mümkün olarsa əldə edilmiş razılaşmalardan imtina etməkdir. Görünür, şifahi olaraq Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklavlar da daxil olmaqla tam şəkildə tanıdıqlarını bəyan edən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsindəki və xaricdəki revanşıst dairələrin təzyiqləri qarşısında geri addım qərarına gəlib. Nəticənin Ermənistan və onun dövlətçiliyi üçün böyük fəlakətlər “vəd etdiyini” bilsə belə.

Bəs düşmən ölkə BMT TŞ-yə müraciət etməklə hansısa konkret nəticə əldə edə bilərmi? Belə bir ehtimal yoxdur. Əvvəla ona görə ki, heç kimin Azərbaycanın daxili işlərinə müdaxilə etmək hüququ yoxdur. Üstəlik, Ermənistan özü sözügedən qurumun 1993-cü ildə qəbul olunmuş işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə və TŞ sədrinin həmin məzmunlu bəyanatlarına 30 ilə yaxın müddət ərzində məhəl qoymayan bir ölkədir. Həmişə olduğu kimi, əsl erməni xislətinə uyğun davranışlardır: Sən özün üzərinə qoyulmuş beynəlxalq öhdəliklərə saymazyana yanaş, qətnamələri icra etmə, ancaq indi eyni qurumdan sənin xeyrinə qərar çıxarmasını tələb et. Yəni, əslində qaniçən, işğalçı, azərbaycanlılara qarşı aşkar nifrət və kinlə bəslənən, davamlı soyqırımı siyaəti yürüdən də ermənilərdir, ancaq sözdə “məzlum”, “əzilən”, “haqqı tapdanan” da.

İkincisi, Ermənistanın Qarabağda “humanitar vəziyyətin pisləşməsi”, “blokadanın davam etdirilməsi” kimi əsassız, siyasi spekulyativ iddialarla BMT TŞ-yə müraciəti vəziyyəti gərginləşdirməyə hesablandığı üçün regionda davamlı sülhün əldə edilməsinə çalışan böyük aktorların maraqları ilə ziddiyyət təşkil edir. Çünki düşmən növbəti dəfə ABŞ-ın, Avropa İttifaqının, Rusiyanın vasitəçiliyi ilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə qəsdən və məqsədyönlü şəkildə mane olmağa çalışır.

Xatırladaq ki, bundan əvvəl 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, 2022-ci ilin sentyabr hadisələrindən sonra və həmin ilin sonlarında Ermənistan və ermənipərəst Fransa birləşərək BMT TŞ-də Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi üçün müraciət ediblər və hər üç halda rüsvayçı məğlubiyyətlə üzləşiblər. Xüsusilə Ermənistanın indiki iddiaları ilə oxşar üçüncü müraciəti “bacılar” üçün fiasko ilə yadda qalıb. Belə ki, həmin vaxt iki düşmən ölkənin birləşərək Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, eləcə də könüllülərin iştirakı ilə Laçın yolunda keçirilən aksiyaları BMT TŞ-nin üzvlərinə “yolun bağlanması”, “humanitar böhran” kimi sırımaq, dünya ictimaiyyətini aldatmaq cəhdləri ciddi uğursuzluqla yekunlaşmışdı. TŞ-də 2022-ci il dekabrın 20-21-dən başlanan müzakirələrdə nəticə əldə edə bilməyən Fransa-Ermənistan cütlüyü öz məkrli niyyətlərindən yenə də əl çəkmək istəməmişdilər. Bu dəfə isə BMT TŞ-nin daimi üzvü və həmin vaxtkı sədri kimi Fransa Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst bəyanat layihəsinin mətnini müzakirələrə təqdim etmişdi. Layihəyə münasibət birmənalı olmadığından nəticə əldə etmək üçün prosesləri bilavasitə Fransa Prezidenti Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Fransa rəhbərliyi düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və daha sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Həmin günlərdə Ermənistanın nümayəndəsi Armen Qriqoryan da TŞ-də qətnamə qəbul edilməsinin Ermənistanın əsas məqsədlərindən olduğunu nümayiş etdirirdi. Ancaq proses nə qədər canfəşanlıq etsə də, bütün resurslarını işə salsa da bir bəyanatı qəbul etdirə bilməyən Fransa üçün, sözün əsl mənasında, böyük rüsvayçılıqla nəticələnmişdi. Belə ki, əvvəla bəyanatın mətni fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirilmiş, mətndən “Dağlıq Qarabağ” ifadəsi çıxarılmış, əvəzində “humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər”, “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edilmişdi. Rəsmi Bakı Böyük Britaniya, BƏƏ, Rusiya, Albaniya və digər tərəfdaşlarının köməyi ilə mətni o qədər “yumşalda” bilmişdi ki, 6-7 redaksiya dəyişikliyindən sonra bəyanat artıq Azərbaycanın əleyhinə deyil, lehinə olan bir sənədə çevrilmişdi. Bundan sonra öz meydanında məğlub olduğunu anlayan Fransa sənəddən rəsmən imtina etməli olmuşdu.

Göründüyü kimi, Ermənistanın BMT TŞ-də uğur qazanması, Azərbaycan əleyhinə hər hansı sənəd qəbul etdirməsi hətta himayədarlarının dəstəyi ilə də mümkün deyil. Ermənilərin məğlubiyyətini şərtləndirən ən mühüm amil isə onların müraciətlərindəki iddiaların yalan və böhtan olmasıdır. Azərbaycan ermənilərdən fərqli olaraq sülh çağırışlarına sadiqliyini də, Qarabağdakı ermənilərə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi marşrutunun açıq olduğunu da dünyaya nümayiş etdirib. Deməli, “böhran” ya heç yoxdur, ya da əgər iddia etdikləri kimi varsa çıxış yolu da var. Özü də BMT-də deyil, Azərbaycanda…

Daha çox xəbərlər