Mollakratiya saman altından su yeridir
İranla Ermənistan arasında əlaqələr gündən-günə genişlənir. Bu, bir həqiqətdir ki, hazırda Ermənistan Cənubi Qafqazda İran üçün ən mühüm ölkə hesab olunur. Şübhəsiz, bu əməkdaşlığın mərkəzində hər şeydən əvvəl onların ölkəmizə qarşı birgə fəaliyyəti dayanır. Azərbaycanın haqlı tələblərinə biganə yanaşan, təcavüzkar ölkəni dəstəkləməkdə davam edən İran Zəngəzur dəhlizinin açılmasına maneələr törətməklə yanaşı, hayların Laçın yolu ilə bağlı qaldırdığı mənasız “humanitar fəlakətə” də dəstək verməkdədir. Belə ki, indi İranda Laçın yolunun “bağlanmasını” pisləyən imzatoplama kampaniyasına başlanılıb. Kampaniyanı 17 sentyabr 2023-cü ilə qədər davam etdirmək nəzərdə tutulub. Məlumata görə, kampaniya İranda çıxan “Anahit” elmi, mədəni və ədəbi jurnalının redaksiya heyətinin katibi Abbas İqbal Mehranın təşəbbüsü ilə keçirilir.
Hayların xoruna qoşulub Laçın yolunun “bağlanmasını” soyqırımı adlandıran bu fars şovinisti bildirib ki, guya Qarabağda 120 min (???) erməni aclıq həddindədir və onları “xilas” etmək lazımdır. Sonra da əlavə edib ki, guya İranın qonşuluğunda yerləşən Qarabağda baş verən son hadisələr dinindən və milliyyətindən asılı olmayaraq hər bir insana ağrı verir. Halbuki hazırda Qarabağda heç bir humanitar fəlakət yaşanmır. Bu, sadəcə, separatçı rejimin və onun havadarlarının gorbagor olmuş statusun dirildilməsinə, Azərbaycana təzyiq göstərilməsinə, bölgədə yaranmış yeni reallıqlara “meydan oxumağa” hesablanmış növbəti şoularıdır. İkincisi, Azərbaycan heç vaxt erməni sakinlərinin Laçın yolunda sərbəst hərəkətinə, eləcə də ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə əngəl yaratmayıb. Üstəlik, rəsmi Bakı özünün suveren ərazisində yaşayan bir ovuc erməninin ehtiyaclarının qarşılanması məqsədilə onlara Ağdam–Xankəndi yolunu da təklif edib. Separatçılar isə ancaq Laçın yolundan istifadə etmək niyyətindədirlər. Bu isə o deməkdir, ümumiyyətlə, hansısa yolun bağlanmasından söhbət gedə bilməz. Bu, sadəcə hayların yalanlarına uymaq, Ermənistanın manipulyasiyalarına aldanmaqdır. Digər tərəfdən, ay “Qarabağda baş verən son hadisələr dinindən və milliyyətindən asılı olmayaraq hər bir insana ağrı verir” deyən üzdəniraq “musəlman”, elə isə haylar Xocalıda, Ağdabanda, Meşəlidə, Qaradağlıda və sair məkanlarda sənin dinindən olan azərbaycanlıları soyqırımına məruz qoyanda, bir milyon insanı dogma yurd-yuvalarından didərgin salanda niyə belə kampaniyalar təşkil etmədiniz? Bəs o zaman niyə susdunuz? Onda niyə ağrı çəkmədiniz? Niyə müsəlman təəssübkeşliyinizi erməni təəssübkeşliyinə qurban verdiniz?
Qeyd edək ki, bu, mollakratiyanın Azərbaycan əleyhinə atdığı ilk belə addım deyil. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra İranda separatçı rejimi dəstəkləyən neçə-neçə belə aksiya təşkil olunub. İran daxilindəki ayrı-ayrı dairələr, qurumlar Azərbaycan əleyhinə çıxışlar edərək separatizmi dəstəkləyən açıqlamalar veriblər. Hətta cari ilin yanvar ayının 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum olanda, səfirliyimizin yerləşdiyi küçə ilə paralel küçədə erməniləri dəstəkləyən aksiya keçirilib və s. Bu da İranın rəsmi Bakıya qarşı bu kimi “tədbirlərinin” artıq ənənəvi hal aldığından xəbər verir.
Xatırladaq ki, iyulun 5-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin qəbulunda olarkən ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu demişdi. Budurmu dinamika? Bəli, mollakratiya bir tərəfdən Azərbaycanın real gücünü, imkan və potensialını görərək ölkəmizlə münasibətləri düzəltməyə, əlaqələri bərpa etməyə çalışır. Digər tərəfdən də Mehran kimiləri irəli verib, Qarabağdakı ermənilərin müdafiəsinə qaldırır. Üstəlik, “Şahnamə alimi” kimi tanınan Cavad Rəncbər Derəxşinin Azərbaycan xalqına və onun dilinə qarşı növbəti hörmətsizliyinə göz yumur. Bir sözlə, İran mehranlara, derəxşilərə meydan verməklə onlardan Azərbaycan əleyhinə təbliğatında istifadə edir. Bununla da İran, necə deyərlər, saman altından su yeridir. Halbuki Azərbaycan fars-molla rejiminə tətbiq olunan sanksiyalara qoşulmamaqla tarixi qonşusuna ciddi önəm verdiyini dəfələrlə nümayiş etdirib. Əvəzində isə mollakratiyanın həmişə təcavüzkarı dəstəklədiyinin, Azərbaycan əleyhinə çağırışların şahidi olub. Bu da hər bir kəsə sülhdən dəm vuran, lakin bu istiqamətdə real addımlar atmayan Ermənistanın hərəkətlərini xatırladır. Görəsən, mollakratiya Azərbaycana sözdə elan etdiyi xoş məramı əməli baxımdan nə vaxt göstərəcək?

