Sülh təklifini masa üzərində əbədi saxlamalı deyilik
Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır
Bugünün əsas müzakirə mövzularından biri Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması məsələsidir. Reallıq budur ki, Ermənistanın sülh müqaviləsini imzalaması qaçılmazdır. 30 illik işğal dövründə də işğalçı dövlət sülh danışıqlarının, daha dəqiq desək, Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında maraqlı olduğundan müxtəlif bəhanələrlə keçirilən görüşlərdən yayınır, yaxud da görüşlərdən sonra dərhal hərbi təxribatlar törətməklə diqqəti yayındırmağa çalışırdı. Azərbaycan dövləti, xalqı isə tam əmin idi ki. ədalət gec-tez zəfər çalacaq.
Bu mühüm məqamı da qeyd etməliyik ki, işğal dövründə əksər dünya gücləri Qarabağ münaqişəsinin hərbi, Ermənistan isə diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirirdilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü işğalçı dövlətə və onun havadarlarına nümayiş etdirdi. Bir daha dünya güclərinə çatdırıldı ki, Azərbaycan öz torpaqlarında döyüşərək mənfur düşmənin 30 ilə yaxın dövrdə işğal altında saxladığı torpaqlarını azad, ədaləti bərpa etdi. Ümumilikdə hər bir münaqişəli məsələnin həllində ədalət və beynəlxalq hüquq deyilən məfhumlar unudulmamalıdır. Azərbaycanın döyüş meydanında Qələbəsini şərtləndirən amillər sırasında ötən illər ərzində münaqişənin həlli üçün formalaşdırdığı hüquqi baza əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev «İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı» fikirləri ilə dünyanın ikili siyasətinin münaqişənin həllində böyük maneə olduğunu açıqlayırdı.
Dövlət başçısı çıxışlarında bu məqamı da önə çəkir ki, daim Azərbaycan xalqının işğalla heç zaman barışmayacağını bəyan edirdim. Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməliydik və edəcəkdik: Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu əsas amillərdən biridir. Çünki Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu, bir amalla yaşayırdılar ki, öz torpağına qayıtsınlar.
Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillər sırasında idi. Son illərdə ən müasir texnologiyaya əsaslanan silahlar alındı, ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, bir çox məsələləri həll edir. “Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz” söyləyən dövlət başçısı bildirir ki, bu amillər bizi Qələbəyə apardı. Ölkə Prezidentinin çıxışlarında, müsahibələrində yer alan çağırışlarından biri də budur ki, ədalətin mövcudluğuna şübhə var idi. Amma hadisələr göstərdi ki, ədalət var və buna nail olmaq üçün dözüm, səbir nümayiş etdirmək lazımdır.
Ölkəmiz 30 il bu səbri nümayiş etdirdi. Bununla yanaşı, diplomatik mübarizədə qələbəsini təmin etdi, iqtisadi imkanlarını genişləndirməklə bütün sahələrdə, ordu quruculuğunda biri-birindən əhəmiyyətli addımlar atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Məhz bu gücün, qüdrətin sayəsində ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqləndi. Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayanda dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar məsələyə ikili standartlarla yanaşıb, münaqişənin ədalətli həllinə maraq göstərmədilər, ən əsası problemin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri öz vəzifələrinin nədən ibarət olduğunu dərk etmədilər və bəlkə də dərk etməzdən gəldilər. Əsas məsuliyyəti tərəflərin özünün üzərinə qoymaqla özləri seyrçi mövqedə dayanır, fürsət düşən kimi Ermənistanın müdafiəsinə yönələn bəyanatlarla çıxış edirdilər. Cənab İlham Əliyev tarixi Zəfərimizdən sonra bu reallığı bir daha bəyan etdi: “Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.”
Reallıq budur ki, əgər rəşadətli ordumuz torpaqlarımızı azad etməsəydi 28 il icrasını gözləyən BMT qətnamələri daha 28 il kağız üzərində qalacaqdı. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var? Azərbaycan dövləti islahatların tərəfdarıdır. Ölkə Prezidenti bu məsələnin Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmasının vacibliyini bildirərək bu çağırışı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatı imzaladıqları gün dövlət başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq bildirmişdir ki, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq: “Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq.”
Tarixi Zəfərimizdən sonra qalib ölkənin Prezidenti kimi işğaldan azad olunmuş ərazilərə səfərlər edən və hər səfərində Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan mühüm hadisələrin tarixə yazılması bu məqamın da nümayişidir ki, cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini göstərir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Biz bu torpaqlarda əbədi olacağıq” bəyanatı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj, tutarlı cavabdır.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra xarici mətbuata müsahibələrində jurnalistlərin “Bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı şərtlərlə necə bir prosesə daxil olacaq” sualına cavabında bildirmişdir ki, bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. İstəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik.
Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı gələcək üçün bir hədəfdir. Artıq iki ildən çoxdur ki, Avropa İttifaqının, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində davamlı addımlar atılır. Brüssel gündəliyinin müəllifi olan Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən qəbul olunub. Bu, artıq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımalarının təsdiqidir. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması, sərhədlərin delimitasiyası və sair kimi məsələlərin həlli istiqamətində də addımlar atılır. Amma real görünən budur ki, Ermənistan hələ də tərəddüdlər içərisindədir. Təbii ki, bu tərəddüd hələ də arxivə atılmış ATƏT-in Minsk qrupunun dirçələcəyinə ümiddən irəli gəlir.
Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan, BMT tərəfindən təsdiqlənən 86,6 min kvadrat kilometr çərçivəsində ərazisini tanıdığını rəsmən bəyan etdi. Bu ilin aprel ayının 23-də Laçında sərhəd-keçid məntəqəsi quraşdırmaqla ərazi bütövlüyünü de-fakto bərpa edən Azərbaycanın qətiyyəti Prezident İlham Əliyevin Laçına qayıdan keçmiş köçkünlərlə görüşündə söylədiyi « Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır» sözlərdə əksini tapıb. Həmin görüşdə sülh müqaviləsinin imzalanması üçün elə bir ciddi maneənin qalmadığını diqqətə çatdıran dövlət başçımızın söylədiyi kimi , Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər çərçivəsində sərhədlərin delimitasiyasını aparmalı, qəbul olunmuş bəyanatlarda nəqliyyat infrastrukturunun bərpası barədəki şərtlərə əməl etməli, Zəngəzur dəhlisinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir.
Bu gün Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər ciddi çağırışlarla üzləşir. Belə ki, Ermənistan bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti geniş müzakirələrə səbəb olur. Bu məqamı da qeyd edək ki, bu günlərdə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanatı ölkəmiz tərəfindən sərt reaksiya ilə qarşılandı. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanata münasibətində bildirdi ki, 30 ildə Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi çoxsaylı sualların yaranmasına səbəb oldu. Xarici İşlər Nazirliyi Ermənistanın beynəlxalq hüquqa ziddi növbəti addımına- BMT-yə müraciətinə münasibətində də bildirir ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir. Son üç ildə Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edir. Ermənistanın bu səyləri “blokada” kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib. Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib. Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, işğalçı dövlət Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb və onun Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıması onun əməllərindən fərqlənir.

