Bölgələrdə sosial rifah daha da yaxşılaşır
Dövlətimizin başçısının regionlara səfərləri iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür. Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. Dövlət başçısının bir müddət əvvəl ölkəmizin Qərb bölgəsinə səfəri də mühüm tarixi hadisələrlə diqqət mərkəzində oldu. Səfər zamanı Prezident tərəfindən açılışı edilən sosial obyektlərin hər biri fəaliyyəti ilə bölgə sakinlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Bu mənada Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı, müstəsna əhəmiyyət kəsb edir. Üçmərtəbəli, 90 çarpayılıq xəstəxanada əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Bura müraciət edənlər Yaponiya, Koreya, İtaliya və Türkiyə istehsallı modern avadanlıqla dəqiq müayinə olunacaqlar. Tibb müəssisəsində bütün zəruri xidmətlər üzrə şöbələr fəaliyyət göstərəcək. Ərazidə əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı binalar da inşa olunub. Əhalinin müasir tibbi xidmətlə əhatə edilməsi, müayinə və müalicələrin etibarlı olması, gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün ardıcıl surətdə tədbirlər həyata keçirilir. Sosial layihələrin icrası dövlət başçısının daimi diqqətində, ciddi nəzarətindədir.
Dövlət başçımız həmin gün Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional Dayanıqlı və Operativ Sosial Təminat (DOST) və peşə hazırlığı mərkəzlərinin açılışında da iştirak edib. Artıq 5 ildir fəaliyyət göstərən DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu baxımdan təsadüfi deyil ki, mövcud DOST mərkəzlərində indiyədək 1 milyon yarımdan çox insana məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 növ xidmət göstərilib: məmnunluq dərəcəsi 98,2 faizdir.
Bərdədə DOST Mərkəzinin açılışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin verdiyi məlumata görə, qarşıdakı 3 ildə belə xidmət sahələrinin sayının 17-yə, filialların isə 55-ə çatdırılması planlaşdırılır. Yeni açılan mərkəz dördmərtəbəli, yaraşıqlı binadan ibarətdir. Burada 123 işçi çalışacaq. Eyni zamanda, “Könüllü DOST” proqramı üzrə 50 gənc fəaliyyət göstərəcək. Mərkəz 770 mindən çox əhalisi olan 9 rayona, həmin ərazilərdən sosial müdafiəyə ehtiyacı olan 170 min nəfərə xidmət edəcək. Gün ərzində orta hesabla 650–700 vətəndaşın rahat qəbulu təmin ediləcək.
Ölkənin regionlarında yaradılan peşə hazırlığı mərkəzləri də sosial rifaha xidmət edən ünvanlardır. Bu baxımdan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin işə başlaması əmək bazarının tam təminatını reallaşdıracaq. Burada emalatxanalar, siniflər və instruksiya otağı, Karyera Planlaması Mərkəzi mövcuddur. Təlimlər 48 peşə üzrə aparılacaq. Mərkəzdə 20 nəfərlik heyət işləyəcək. Bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Bakı, Göyçay və Gəncədə də peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə, mərkəzlərdə 175 peşə və ixtisas üzrə tədris aparılır, 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. DOST konsepsiyasına uyğun olaraq, yeni mərkəzlərin yaradılması üzrə növbə Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxınındır.
Son beş ildə ölkəmizdə 1 milyondan çox şəxsə məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsinin üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən gen-bol yararlanıb.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirlərindən söhbət açarkən qeyd etmək yerinə düşər ki, artıq 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2 min 257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq münasibətləri qurulub. Şuşaya köçürüləcək 19 mindən çox şəxs öyrənilib, 56 nəfərin məşğulluğu təmin edilib.
Görünən odur ki, Azərbaycanın bütün bölgələrində sakinlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə geniş tədbirlər planı mərhələli şəkildə həyata keçirilir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi isə aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir.

