Cəmiyyət 

Kütləvi soyqırımı törədən ermənilər niyə cəzalandırılmır?

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlar onu deməyə əsas verir ki, ermənilər bu cinayəti  məqsədli şəkildə həyata keçirmişlər. Belə məzarlıqlar bölgədə kifayət qədərdir.

Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən,  Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilmişdir. Bu proses bəzi səbəblərdən hələ ki, tam şəkildə başa çatdırılmamışdır.  Belə ki, ərazilərin minalardan tamamilə təmizlənilməməsi prosesi, əngəl törədir. Lakin minalardan  təmizlənən ərazilərdə aparılan axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkar edilmişdir. Belə bir cinayət hadisəsi beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir. Bu, barbar erməni xislətinin daha bir sübutudur.

Belə ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Kəlbəcər rayonunun Başlıbel kəndində məzarlıq aşkar olundu. Torpağa basdırılan skeletləşmiş 12 nəfərin meyitinin qalıqları tapılmışdır. 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndinə hücumu zamanı kəndi tərk edə bilməyən 62 nəfər mağaralara sığınmışdır. Aprelin 18-də ermənilər kənd sakinlərinin sığındığı mağaraları aşkar edərək atəşə tutmuşlar. Nəticədə, 12 nəfər güllələnərək öldürülmüş,14 nəfər isə girov götürülmüşdür.  Tapılan 12 nəfərin cəsədini digər mağaralarda gizlənən kənd sakinləri gecə vaxtı gizlin şəkildə dəfn etmişlər. Kəlbəcər rayonunun daha bir ərazisində, Ballıqaya deyilən yerdə də kütləvi məzarlıq aşkarlanmışdır.

Ermənilərin amansızlıqla qətlə yetirərək kütləvi şəkildə basdırdıqları soydaşlarımızın sayı kifayət qədərdir. Belə məzarlıqlardan biri Xocavənd rayonunun Edilli kəndində və Füzuli ərazisində aşkar edilmişdir. Kütləvi məzarlıqda basdırılan  insanların xüsusi amansızlıqla qətlə yetirilməsi onlar aşkar edilən zaman bir daha aydın olmuşdur. Belə ki, paltarlı basdırılan bu insanların cəsədlərinin üzərində müxtəlif zorakılıq əlamətlərini görmək olur. İnsanlar əl-ayaqları məftillərlə sarınmış,  kürəklərinə bəzi məişət əşyaları, bıçaq, balta sancılmış formada dəfn olunmuşlar. Edillidə aşkarlanan kütləvi məzarlıqda işğal dövründə girovluqda saxlanılan 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşi aşkar edilərək 3 metr dərinlikdən çıxarılmışdır.

Başqa bir məzarlıq isə Xocalı rayonu ərazisində Fərrux yüksəkliyində aşkar edilmişdir. Aparılan araşdırmalardan sonra məlum olmuşdur ki, bu yüksəklikdə tapılan naməlum insan meyitləri Birinci Qarabağ müharibəsində ağır döyüşlərin getdiyi bir vaxtda ermənilərin işğalı zamanı şəhid olan Azərbaycan əsgərlərinə aiddir. Onu da qeyd edək ki, Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə 62 nəfər, Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər hərbçimiz itkin düşmüşdür. Ancaq Qarabağ ərazisində olan məzarlıqlar bunlarla bitmir. Araşdırmalar göstərir ki, ərazidə kütləvi məzarlıqların sayı çoxdur. Şuşanın Daşaltı kəndində 1992-ci ildə baş verən uğursuz Daşaltı əməliyyatı zamanı həyatını itirmiş 90 nəfərdən 30-u itkin düşmüş sayılır. Ehtimal olunur ki, tapılan məzarlıqdakı insan cəsədləri həmin döyüşdə əsir düşən hərbçilərə məxsusdur. Yaxın günlərdə isə Şuşa həbsxanası yaxınlığında qazıntı işləri aparılarkən daha bir kütləvi məzarlıq aşkar edilmişdir. Məlum olub ki, buradakı insan sümükləri həbsxanada saxlanılan 4 azərbaycanlı əsirə aiddir.

Həmçinin Avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid edilən sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb. Şuşa həbsxanası ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da həmin şəxslərə bu üsulla işgəncə verildiyini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olub. Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə də təsdiqlənib: “Ümumilikdə, azad edilmiş ərazilərimizdə bu günədək çoxsaylı kütləvi məzarlıqlar üzə çıxıb, 500-ə yaxın insan qalıqları tapılıb. Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir”.

Təəssüf ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistana kütləvi məzarlıqların yerinin göstərilməsi barədə müraciət etsə də, hələ ki, bu məsələ də öz həllini tapmayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev “X”də paylaşım edib. H. Hacıyev qeyd edib ki, Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir.

Doğrudan da erməni xisləti,  xainliyi və vəhşiliyi yenə də özünü büruzə verir. Bu kimi kütləvi məzarlıqlar olduqca çoxdur. Təkcə Birinci Qarabağ müharibəsi dövründə 3890 nəfər itkin düşüb. Həmin insanlardan əsir və yaxud girovluqda saxlananlar  da ola bilər. Lakin qarşı tərəf bütün beynəlxalq hüquq normalarına zidd çıxaraq məsələ ilə bağlı heç bir məlumat vermir. Onlar özləri də çox yaxşı bilirlər ki, əsir və girovlara qarşı amansız davranmış, onlara  görünməz işgəncələr vermişlər. O dövrdə ermənilər ölmüş əsir və girovları torpağa basdırmaqla izi itirdiklərini düşünürdülər.  Ancaq dövr,  zaman gəldi. Azərbaycan öz haqq savaşından qalib çıxaraq ərazilərini düşmən işğalından azad  etdi. İndi erməni vəhşilikləri bütün dünyanın gözü qarşısında üzə çıxarılır. Bu günlərdə Türkiyə Respublikasından gəlmiş bir qrup media nümayəndəsi Şuşa şəhərində olublar. Onlar erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Şuşa şəhərindəki həbsxanada azərbaycanlıları kütləvi basdırdıqları məzarlığa baş çəkib bu vəhşiliklərə öz gözləri ilə şahidlik ediblər. Əlbəttə ki, ölkəmiz güclü, qüdrətli dövlət kimi erməni vəhşilərindən bütün terror əməllərinin hesabını soruşmaqda israrlıdır. Ermənilərin bu əməlləri beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyasının, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli l Əlavə Protokolun müddəalarının kobud şəkildə pozulmasıdır.

Aşkar olunmuş kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətini bir daha sübut edir. Nə qədər beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı qəsdən törədilmiş sülh və insanlıq əleyinə cinayətlərə, müharibə cinayətlərinə beynəlxalq hüquq normaları əsasında yanaşmağa və qətiyyətli mövqe nümayiş etdirməyə çağırış edilsə də, beynəlxalq təşkilatlar hələ də susurlar. İnsanlıq faciəsi törədən, beynəlxalq humanitar hüquq normalarını pozan ermənilər cəzalandırılmır. Lakin gün gələcək erməni vandalları bu cinayətlərə görə mütləq cavab verməli olacaqlar.

Daha çox xəbərlər