Erməni tarixçilərin uydurmaları və reallıq
Ən dəhşətlisi odur ki, vaxtilə aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan hazırda monoetnik erməni şəhərinə çevrilib
İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir.
Erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olmuşdur. Orta əsrlərdə artıq şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından sonra İrəvan şəhərinin ərazisi genişlənərək Erebuni qalasının yerləşdiyi Qanlı təpəni öz içərisinə almışdır. Urartululara aid mixi yazılardan aydın olur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır. İrəvanın Urartu çarı I Argişti tərəfindən e.ə. 782-ci ildə əsası qoyulan Erebuni şəhəri ilə eyniləşdirilməsi tarixin saxtalaşdırılmasının bariz nümunəsidir.
İrəvanın adının guya “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Sən demə, dünyanı su basarkən Nuh peyğəmbərin düzəltdirdiyi gəmi ermənilərin Ararat adlandırdıqları dağın zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “Yereval” (yəni ermənicə “Göründü”) olmuşdur. Həmin görünən yer isə guya indiki İrəvan şəhəri imiş.
Məşhur erməni yazıçısı Xaçatur Abovyan “İrəvan şəhərinin qısa tarixi oçerki” məqaləsində yazır: “Erməni yazıçıları XIII əsrin əvvəllərinədək, İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən (milada görə) oranı “kiçik yer” adlandırırlar. Xalq arasında gəzən əfsanəyə görə, guya İrəvan adı erməni çarı Ervandın adından və yaxud yerevil, yerevan, yəni gördü, göründü sözlərindən əmələ gəlib və guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin yerləşdiyi ərazidə görərkən onu belə adlandırmışdır. Bu, tamamilə uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə farslar (yəni Qaraqoyunlu əmirləri) buranı zəbt etdikdən sonra məşhurlaşmışdır. O dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt olunmuş, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçirdi… Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan idarə etmişdir…”
İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar, istirahət parkları inşa edilmişdi. Şəhərə Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına çevrilmişdi. 1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi.
Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılıb, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilib. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirib.
Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
İrəvan şəhəri Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) adlı 4 massivdən ibarət olub. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə olub. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində idi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli hamamı və Susuz karvansarayı da burada yerləşirdi.
Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. Beləliklə, İrəvan şəhərinin qara günləri başlandı.
İrəvan şəhərinin texniki B.Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda şəhərdə 8 məscidin (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, Hacı Cəfər) mövcudluğu göstərilir. Həmin dövrdə İrəvan şəhərində azərbaycanca səslənən küçə adları belə idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.
İrəvanda çoxsaylı karvansaralar da mövcud olub. Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s. azərbaycanlılara məxsus bu karvansaraların hamısı yer üzündən silinib.
1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırımı, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilib. Məscidlərə od vurulub, azərbaycanlıların evləri talan və zəbt edilib.
Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistanın siyasətinin tərkib hissəsi olub. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Göy məsciddə İrəvan şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirbulaq məscidindən başqa qalan bütün məscidlər yerlə yeksan edilmişdi. Dəmirbulaq məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı. Sərdar sarayı, İrəvan qalasının divarları sökülərək daşlarından Sahil bulvarının salınmasında istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayan məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.
İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünüldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünki İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğuna görə, ermənilər onların hamısını yer üzündən silmişlər. İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə rusların işğalından sonra 1828-ci ildə Erivan, ikinci dəfə isə 1936-cı ildə dəyişdirilərək Yerevan (Ереван) adlandırılıb.
Acı reallıq odur ki, vaxtilə aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan, hazırda monoetnik erməni şəhərinə çevrilib.

