Böyük regional və beynəlxalq əhəmiyyətli layihə – Zəngəzur dəhlizi
Bu gün Azərbaycanın əsas geostrateji hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. 44 günlük Vətən müharibəsində Qələbədən sonra siyasi gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bundan sonra bütün regionun inkişafını şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilir. Ümumiyyətlə, bu dəhlizin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişində əhəmiyyətli rol oyanayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. 15 QHT rəhbərinin imzaladığı sənəddə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur blokada şəraitində yaşayır. Naxçıvan əhalisi blokadaya görə 15 ilə yaxın qazsız qalıb, hətta elektrik enerjisi olmayıb. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilib. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəmir yolunun keçdiyi Zəngəzur dəhlizi 1992-ci ildən birdəfəlik bağlanıb. Lakin ötən müddətdə beynəlxalq birlik Naxçıvanın dinc sakinlərinin problemlərinin, eyni zamanda, blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib?
Sənəddə beynəlxalq birliyin nəzərinə çatdırılır ki, son günlərdə “humanitar böhran” şousu ilə Ermənistandan Qarabağa nəzarətsiz dəhliz tələb edən Ermənistan və onun himayədarları işğalçı dövlətin 31 ildir ki, Naxçıvanı blokadada saxladığını tamamilə unudur. 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına əməl etmir, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir tədbir görmür. Müraciətdə də yer aldığı kimi, Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməlidir. Çünki bu dəhlizin böyük regional və beynəlxalq əhəmiyyəti var.
Belə ki, Zəngəzur dəhlizi ilə həm də Avropyaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi, bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir. Ən önəmlisi odur ki, bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.
Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək. Bu dəhliz, həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu ilə hərəkəti reallaşdıracaq. Şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və qardaş ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Aydındır ki, bu, təkcə Azərbaycan, Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də sərfəli yoldur. Təbii ki, bu gün Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə bağlantıları yoxdur. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün daha xeyirlidir. Belə ki, təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan, tarixi ərazisində yerləşən Zəngəzur dəhlizinin bərpasına çalışan Azərbaycanın bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan amil isə Qarabağın və Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin sürətlənməsi, Zəngilanda, Füzulidə açılan və Laçında tikintisi 2024-cü ildə başa çatdırılacaq Beynəlxalq Hava limanlarıdır. Bütün bunların fonunda sözügedən dəhlizin açılmasını istəyən və bu xüsusda əməli addımlar atan ölkələrin sayı getdikcə artmaqdadır. Xüsusən də aparıcı Qərb dövlətləri, eyni zamanda Çin və Rusiya Zəngəzur dəhlizi məsələsində indi daha çox maraqlıdırlar.
Trans-Avrasiya Yük Daşımalarının Beynəlxalq Koordinasiya Şurasının baş katibi Genadi Bessonov mətbuata müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi müxtəlif seqmentlərdən ibarət olmaqla, Çin ilə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır. Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Azərbaycanın həyata keçirməkdə israrlı olduğu Zəngəzur dəhlizinin də Çin tərəfindən dəstəklənməsi təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq.

