Gündəm 

“Sülh mələyi”nin çırpınışları…

“Ədalət qoruyucusu” Fransa hər vəchlə sülh prosesini ləngidir

Fransa anti-Azərbaycan siyasətini rəzil şəkildə nümayiş etdirməkdən usanmır. Fransa parlamenti və Prezident Emmanuel Makronun ölkəmizə bu qədər “töhfə” vermək istəmələri heç də təəccüblü deyil. Azərbaycan isə hər zaman ona böhtan atmaq istəyənlərə tutarlı cavab verib və verməyə də davam edəcək.

Makron administrasiyasının Azərbaycana məlum münasibəti həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, mövcud davranış Fransanın Cənubi Qafqazdakı planları ilə bağlıdır. Fransa daxilində mövcud olan erməni diasporu İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığı qəbul etmir. Digər tərəfdən, Makron administrasiyasının əsas marağı erməni diasporunu əldən buraxmamaq və məhz ondan yararlanmaqla Cənubi Qafqazda kirli maraqlarını təmin etməkdir.

30 il boyunca vasitəçilik adı ilə özünü sülh mələyi kimi göstərən Fransa hökuməti hələ də ermənipərəst mövqeyini davam etdirir. ATƏT-in tərkibində yarıtmaz fəaliyyətindən sonra da, 44 günlük müharibə dövründə də erməni lobbisinin təsiri ilə anti-Azərbaycan siyasətini aparıb.Müharibə günlərində Fransa Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələri BMT-nin gündəliyinə çıxarmağa böyük səy göstərmişdi. Lakin Avropadakı Azərbaycanın suverenliyini tanıyan ölkələrin müdaxiləsi nəticəsində rəsmi Parisin anti-Azərbaycan planının qarşısını almaq mümkün olmuşdu. Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan Respublikasının Milli Məclisi də rəsmi bəyanat vermişdir. Ötən 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Qarabağ münaqişəsinin həllinə hər hansı bir töhfə verməyən, əksinə, status-kvonun sonsuzadək saxlanılmasına böyük canfəşanlıq göstərən Fransa postmüharibə mərhələsində də ənənəvi siyasətindən əl çəkmək istəmir.

Haylar Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq üçün əllərindən gələni etsələr də, buna nail ola bilmədilər. Bu revanşizmin nəticəsidir ki, artıq Fransanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) Laçın yolunda maneəsiz giriş-çıxışın təmin olunması və Qarabağda yaşayan ermənilərin “blokadası” ilə bağlı qətnaməni müzakirəyə çıxarması gözlənilir. Fransanın belə bir qətnaməni BMT TŞ-də gündəliyə çıxarması məlum olduqdan sonra Xankəndidə separatçılar Xankəndi-Ağdam yolunun açılması ilə paralel Laçın yolunun da maneəsiz açılmasını şərt kimi irəli sürdülər. Haylar Azərbaycanla hərbi-diplomatik sferada mübarizədən çəkindikləri üçün havadarlarının əli ilə təzyiq göstərməyə cəhd edirlər.

Bir müddət əvvəl Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN verdiyi bəyanatda Laçın dövlət sərhədi ilə bağlı növbəti qərəzli mövqeyi sərgiləmiş oldu. Fransa əgər qeyd edildiyi kimi, “ədalət qoruyucusu”dursa anti-Azərbaycan siyasətini dayandırmalı və Azərbaycanın təhlükəsizlik məqsədilə öz sərhədlərinə nəzarət etmək hüququnu tanımalıdır. Laçın sərhəd-buraxılış məntəqəsinin quraşdırılması tamamilə qanuni və zəruridir. Azərbaycan suveren dövlət kimi, öz sərhədlərindən keçən hər kəsə, eləcə də onların daşıdığı hər şeyə nəzarət etməlidir.

Bu gün Ermənistan üçün sülh canfəşanlığı edən Fransa yaxın keçmişdə Əlcəzairdə milyonlarla müsəlmanı qətlə yetirməsindən, özünün tarix boyu maraqları olduğu Nigerə müdaxilədən narahat görünmür. Əlcəzair və başqa dövlətlər bundan narahatlığını dilə gətirsələr də, rəsmi Paris heç də  təəssüflənmir.

Bu bir daha göstərir ki,Fransa hökumətini qətiyyən humanitar məsələlər maraqlandırmır. Əgər rəsmi Parisi insan taleyi maraqlandırsaydı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, 900 yaşayış məskəninin yer üzərindən silməsinə etiraz edərdi.

Fransanın bu mənfur addımı təşkil etməkdə məqsədi bölgədə vəziyyəti daha da gərginləşdirmək, Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını və Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını əngəlləməkdir.

Azərbaycan isə Fransadan fərqli olaraq sülhün tərəfdarı qismində çıxış edir. Qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istimədiyimizi önə çəkir, sülh sazişinin tezliklə imzalanmasına çalışır. Bunun üçün isə real şərtlər ortadadır -əsassız iddialardan əl çəkilməli, sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərilməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Nəticədə onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər.

Daha çox xəbərlər