Yuxuda davamlı olaraq xoruldamaq bir sıra xəstəliklərin göstəricisi ola bilər
İnsanların böyük bir qismi yaşından, cinsindən asılı olmayaraq yuxuda xoruldayır. Gecə xorultusunun yaranmasında məntiq orqanizmin bir növ gecə istirahət etməsidir. Bu zaman orqanizmin bütün hissələri kimi yumşaq damaq da istirahət edir. Bu halda yumşaq damaq dilin kökünə yaxınlaşır. Lakin ümumiyyətlə xorultu bir çoxlarını narahat edən və maraqlandıran problemdir.
ARANTV.AZ yuxuda xoruldamağın səbəbləri, problemin həlli istiqamətində müalicə metodları ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı həkim-terapevt Ruhiyyə Yusifova deyib: “Ən təhlükəli xoruldama tənəffüsdə fasilə şəklində davam edən yüksək səslə xoruldamaqdır. Yüksək səslə xoruldamaq yalnız həmin şəxsin yaxınlarının istirahətinə maneə deyil, eyni zamanda, yuxu zamanı tənəffüsün qısamüddətli dayanması səbəbindən insanın özünü də ciddi narahat edir. Yuxuda davamlı olaraq xoruldamaq digər bir sıra xəstəliklərin göstəricisi ola bilər. Hipertoniya, ürək-damar xəstəlikləri, qalxanabənzər vəzin patologiyası, adenoid (burun və boğazda artıq ət), badamcıqların iltihabı kimi problemlərdən əziyyət çəkən şəxslər adətən yuxuda xoruldayırlar. Xüsusilə, boğazında və ya badamcıqlarında müəyyən xəstəliklər olan şəxslərdə bu proses daha çox müşahidə olunur. Övladlarında yüksək səsli xoruldamaq halı müşahidə edən valideynlər diqqətli olmalıdır. Bu simptomlarla yaşayan uşaqda bir müddət sonra ürəkdə mitral qapaqların pozulması yarana bilər. Böyüklərdə isə bəzən xoruldamaq müəyyən sağlamlıq problemi ilə bağlı olmur. Sonradan qazanılan pis vərdişlər – tütün məhsullarından istifadə, spirtli içkilərin istehlakı xorultu yaradır”.
Burun tənəffüsünün pozulması qulaqda eşitmə problemləri yarada bilir
Həkim-otorinolarinqoloq Zemfira Hümbətovanın sözlərinə görə, valideynlər uşaqda xorultu var dedikdə yalnız adenoid haqqında düşünürlər. “Doğrudur, adenoid xorultuya səbəb olur, lakin həmişə xorultunun səbəbi adenoid deyil. Əksər valideynlər çıxış yolu kimi əməliyyatı görür. Ya təcili əməliyyat elətdirir, ya da gələcəkdə əməliyyat etdirmək məqsədilə müayinə və müalicəni arxa plana salır. Adenoid kəsildikdən sonra belə xorultu bir müddət sonra yenə davam edir”, – deyə mütəxəssis bildirib.
Z.Hümbətova adenoidi təsdiqləmək üçün radioloji müayinəyə ehtiyac olduğunu deyib: “Bir nüansı da qeyd edim ki, burun tənəffüsünün pozulması qulaqda eşitmə problemləri də yaradır. Burun və onun əlavə ciblərinin iltihabi xəstəliklərinin (haymorit, frontit, etmoidit, sfenoidit) də uşaqlarda gecə xoruldumalarına səbəb ola bilər. Bu, digər səbəblərdən də baş verə bilər. Yuxarı tənəffüs orqanlarının inkişaf anomaliyaları, damaq badamcıqlarının hipertrofiyası, bronxial astma, uşaqlarda artıq çəki də təsir edən amillər sırasına daxildir. Bu zaman uşağı zəruri müayinələrdən keçirmək, səbəbin müəyyən edilməsi və onun aradan qaldırılması üçün düzgün müalicə metodlarının tətbiq olunması çox vacibdir. Bunlar xoruldamanın qarşısını tam almasa da, aradan qaldırılmasına müsbət təsir göstərir. Eyni zamanda, uşağın yatdığı otaqda hava rejiminə nəzarət edilməlidir”.
Statistikaya görə, hər 3 adamdan biri xoruldayır
Həkim-otorinolarinqoloq Elnur Əkbərov bildirib ki, rəsmi statistikaya görə, yer üzündə hər 3 adamdan biri xoruldayır: “Yaşlı insanların 60, gənclərin 15, uşaqların isə 5 faizi xoruldayır. Xoruldamağın əsas səbəblərinə burunla nəfəsalmada çətinlik, badamcıqların iltihabı, bəzi dərmanların qəbulu, artıq çəki, qalxanvari vəzinin funksiyasının pozulması daxildir. Xüsusilə, burunla nəfəsalmada yaranan problemlər xorultuya səbəb olur. Hər 4 xoruldayan insandan birində burunla nəfəsalmada çətinlik var. Allergik rinit, adenoidit, tonzillit, burun çəpərinin əyriliyi, burun polipləri kimi xəstəliklər xorultunu yaradan səbəblər sırasındadır. Bəzən artıq çəki də bu problemi yaradan faktorlardan biridir. Hətta artıq çəki xorultunu 8-12 dəfə artırır. Qırtlağın ətrafında piy toxumalarının artması nəticəsində havanın ötürülməsində məsafə daralır. Nəfəsalmada əzələlər boşalır, nəfəs yollarının divarları bir-birinə yaxınlaşır. Divarlar hərəkətə gəlir və xorultuya bənzər səs yaranır. Belə olan halda çəkini normada saxlamaq və imkan daxilində arıqlamaq lazımdır. Kök insanlarda hətta yuxuda nəfəsin dayanması da müşahidə olunur. Sadalanan səbəblər içərisində olmasa da, alkoqol və tütün məhsullarının qəbulu boğaz əzələlərinin boşalmasına zəmin yaradır, nəticədə yuxuda xorultu yaranır.
Alkoqol və siqaretdən imtina tez bir zamanda xorultudan yaxa qurtarmağa imkan verir”, – deyə E.Əkbərov bildirib.
Mütəxəssislərin sözlərinə görə, xorultu infarkt və insultun yaranma ehtimalını yüksəldir. Yuxuda xoruldayan insanların çoxu bu problemlə uzun müddət yaşayır və heç bir diskomfort hiss etmir. Lakin nəzərə alınmalıdır ki, xoruldama nəticəsində qan dövranı pozulması yaranır, bu da infarkt və insultun yaranma ehtimalını yüksəldir. Sözügedən problemə kifayət qədər ciddi yanaşmaq lazımdır. Əgər azyaşlı uşaqlarınızda bu hal tez-tez təkrarlanaraq, narahatlıq yaradırsa, ilkin səhiyyə xidməti müəssisələrindəki həkim-pediatrlara və həkim-otorinolarinqoloqlara müraciət etməyiniz məsləhətdir.

