Gündəm 

Xankəndi bizim şərtlərimizi qəbul etməyə məcburdur

Çünki həm haqlıyıq, həm də güclü…

Separatçıların lideri Araik Arutyunyanın  «istefa» verməsi o deməkdir ki, yaxın zamanlarda həm Ermənistanda, həm də Xankəndidə qarşıdurmaların miqyası genişlənəcəkdir. Hətta buradakı  siyasi  və hərbi qruplaşmalar arasında iç savaşın başlaması ehtimalı da var. Bir sözlə, indi Xankəndidə sözün həqiqi mənasında it yiyəsini tanımır. Görünən odur ki, Azərbaycan dövlətinin Ermənistanın Laçın-Xankəndi yolunda düzənlədiyi «humanitar şou»ya qarşı qətiyyətli mövqe sərgiləməsi  ermənilərdə ciddi ümidsizlik yaradıb və növbəti məğlubiyyətin  və bölgədə yarana biləcək yeni savaşın məsulliyətini  Araik və onun ətrafı öz üzərinə götürmək istəmir.  Düzdür, Araik istefa verməklə canını qurtara bilməyəcək  və gec- ya tez Azərbaycan qanunları  ilə mühakimə olunacaq.

Bundan başqa, Fransanın Ermənistana ciddi dəstək göstərməsi və İrəvanda  anti-Rusiya əhval ruhiyyəsinin artması Paşinyanın sonunu gətirəcək  amilə çevrilib. Belə ki, Rusiya rəhbərliyi artıq Paşinyan hakimiyyətinin devrilməsi üçün bütün vasitələrdən istifadə edir. Araikin istefası isə bu ssenarinin başlanğıcıdır.

Rusiyada da yaxşı anlayırlar ki, rəsmi İrəvan onlardan xeyli   uzaqlaşıb, Əvəzində Qərbə yaxınlaşmaq üçün dəridən-qabıqdan çıxır. Hətta haylar ötən illərdə  Kremlin inhisarında olan Kollektiv Təhlükəsizlik Müqavailəsi Təşkilatından  (KTMT) çıxmağa cəhd etdilər.

Həmçinin Paşinyan  hakimiyyətini qorumaq üçün aradabir revanşistlərin istəyinə uyğun açıqlamalar verir və vətənpərvərlik, milliyyətçilik hissinin  cuşa gəldiyini göstərmək istəyir.  Məsələ ondadır ki, o, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə müxtəlif platformalarda, hətta beynəlxalq tiribunalardan  rəsmən bəyan edib. Üstəlik, həmin bəyanatlarında Qarabağın Azərbaycana məxsus olduğunu da birmənalı şəkildə vurğulayıb. İndi isə Paşinyan bütün bunlardan imtina etməyə can atır. O, son açıqlamasında vurğulayıb ki, Azərbaycan-Ermənistan yekun sülh sazişində mütləq Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi barədə xüsusi maddə yer almalıdır. Əks halda, sülh sazişinin imzalanması mümkün olmayacaq. Təbii ki, Nikol Azərbaycanın  sülh sazişində belə məntiqsiz və beynəlxalq hüquq normalarına zidd maddənin yer almasına imkan verməyəcəyini də anlayır.

Görünən odur ki, erməni baş nazir hazırda istəsə də, istəməsə də, radikal-revanşist qüvvələrin sıralarına doğru keçməyə başlayıb. O, Rusiyanın Ermənistanda dövlət çevrilişi planlarını yalnız bu yolla  poza biləcəyini düşünür. Vurğulamaq lazımdır ki, hazırda Ermənistan cəmiyyətində, o cümlədən də Azərbaycanın Qarabağ regionunda olan separatçı-terrorçular arasında Rusiyanın təsiri əvvəlkindən genişdir. Onlar ümid edirlər ki, Moskavnın  himayəsindəki «Qarabağ klanı»nın liderləri  Koçaryan-Sarkisyan tərəfdaşları güclənərək hakimiyyətə gələcəklər. Bununla da Rusiya ilə həqiqi müttəfiqlik davam edəcək.

Elə ona görədir ki, qarabağdakı separatçıları «sonadək davam», «fasiləsiz mübarizə» və s. tipli şüarlarla müşayiət olunan revanşist çağırışlarının tonunu  artırıblar. Xüsusilə Nikolun kadrı hesab edilən Araik Arutyunyan hakimiyyətdən  uzaqlaşdırılandan sonra separatçılar daha da aktivləşiblər. Hazırda Ermənistanın sabiq prezidentləri Robert Koçəryanla Serjik Sarkisyanın, hətta  Araikin sələfləri Bako Saakyan və Arkadi Qukasyanın birləşərək  Rusiyanın Xankəndinə ezam etdiyi Ruben Vardanyanla işbirliyinə başlamalarının məqsədi Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqdır.

Onlar bununla  Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinə yönəlmiş prosesi birdəfəlik  dayandırmağa ,  Zəngəzur dəhlizi layihəsinin reallaşmasına hər vəchlə mane olmağa çalışırlar. Lakin Paşinyan da hakimiyyətini elə-belə əldən  verən  deyil. Onun həm hakimiyyət hərisliyi, həm də hakimiyyətdən sonra qarşılaşacağı ağır vəziyyət məcbur edir ki, müxalifətə qarşı sərt üzünü göstərsin. Siyasi ekspertlərin fikrincə, Ermənistan artıq vətəndaş müharibəsinə hamilədir.

Biz yazının əvvəlində yazmışdıq ki, hazırda Xankəndidə it  yiyəsini tanımır. Ancaq sonunda isə yazırıq ki, artıq orada itin yiyəsini tanımasının vaxtı çatıb.  Nə qədər çabalasalar da, nə qədər hürsələr də onların da, o torpaqların da sahibi bizik. Haylar bizi tanımağa məhkumdurlar. Çünki biz həm haqlıyıq, həm də güclüyük.

Daha çox xəbərlər