Gündəm 

Paşinyan müharibə istəyirmi?

Ermənistanda siyasi vəziyyətin gərginləşməsi növbəti hakimiyyət çevrilişi ilə nəticələnə bilər

Ermənistanın qeyri-konstruktiv mövqeyi, baş nazir Nikol Paşinyanın ikiüzlü siyasəti, bir-birini təkzib edən bəyanatları, son günlər şərti sərhəddə ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulması, Qarabağda separatçılar üzərindən qurulmağa çalışılan oyunlar və nəhayət, beynəlxalq aktorların regionda toqquşan maraqları Cənubi Qafqazı yenidən qanlı müharibəyə sürükləyə bilər. Çünki Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq rəsmi İrəvan hər vəchlə vəziyyəti gərginləşdirməyə davam edir. Son proseslər düşmən ölkənin siyasi rəhbərliyinin əslində danışıqlar nəticəsində əldə edilmiş razılaşmalara nəinki səmimi yanaşmadığını, əksinə onu pozmağa çalışdığını göstərir. Paşinyanın sentyabrın 2-də Qarabağın “müstəqilliyinin” ildönümü münasibətilə verdiyi bəyanat da təsdiq edir ki, Ermənistan işğalçılıq siyasətindən və Azərbaycana qarşı ərazi iddialarından əl şəkməyib. Halbuki bəyanatında “Dağlıq Qarabağın (Qarabağ iqtisadi rayonu-red) ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri dönməz şəkildə həll olunmayana qədər əsassızdır” kimi sərsəm fikirlərə yer verən erməni baş nazir bir müddət əvvəl, iyulun 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Belçikanın paytaxtı Brüsseldə baş tutan sonuncu görüşü zamanı növbəti dəfə ölkəsinin anklavlar və Qarabağ iqtisadi rayonu da daxil olmaqla Azərbaycanın 86.6 kv.km-lik ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan etmişdi. Münasibətlərin normallaşması, sülh müqaviləsinin şərtlərinin razılaşdırılması məqsədilə sözügedən formatda aparılan danışıqlar zamanı Paşinyan, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyasının və demarkasiyasının 1991-ci tarixli Alma-Ata Bəyannaməsinə uyğun həyata keçirilməsi ilə bağlı da müsbət mövqe nümayiş etdirmişdi. Daha dəqiqi, tərəflər bu barədə əvvəldən də ilkin razılığa gəlmişdilər. Ancaq Belçika paytaxtındakı görüş bunun bir daha təsdiqlənməsi baxımından əhəmiyyətli idi. Brüssel görüşündən bir həftə sonra isə Paşinyan tamamilə fərqli ampluada olduğunu nümayiş etdirməyə başladı. İyulun 24-də Fransanın “Le Monde” qəzetinə müsahibəsində o, Qarabağda bölgənin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlər törədilməsi yolu ilə yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət”adlandırdı. Bəs qısa müddətdə nə baş verdi ki, Ermənistanın baş naziri öz mövqeyini dəyişərək açıq şəkildə vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatçı fikirlər səsləndirir? Düşmən ölkədə gündən-günə artan müharibə ritorikası nə ilə nəticələnə bilər?

Hazırda Ermənistan böyük güc mərkəzlərinin öz təsir dairələrini müəyyənləşdirmək uğrunda bir-birləri ilə “hesab çəkdiyi” poliqona çevrilib. Hələ vaxtilə bəzi erməni siyasi analitiklər bu təhlükənin getdikcə yaxınlaşdığını, baş verəcəyi təqdirdə Ermənistan üçün ağır nəticələrə səbəb olacağını proqnozlaşdırırdılar və indi həmin məqam yetişib. Qərbin “adamı” olan Nikol Paşinyanın Ermənistanı xüsusilə Rusiya ilə münasibətdə “nankor övlad” durumuna düşürməsi, balanslaşdırılmamış siyasi kurs yürütməsi ölkədə vəziyyəti son dərəcədə gərginləşdirib. Hadisələrin belə inkişafı Paşinyan üçün yaxşı nəticələnməyə bilər. Çünki bir az da kənar dairələrin təsiri ilə daxildə artan narazılıq dalğası onun baş nazir kreslosunu laxlatmaqdadır, Ermənistanda növbəti hakimiyyət çevrilişi ehtimalı artıb. Qarabağdakı qondarma qurumun “prezidenti” Araik Arutyunyanın istefasından sonra düşmən ölkədə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq ssenarisi quranlar daha da fəallaşıblar və erməni baş nazirin “quyruğu tələdə sıxılıb”. Hərdən sadəlövh təsiri bağışlasa da əslində qaz kimi ayıq olan Paşinyan yaxınlaşan təhlükəni yaxşı sezir. Odur ki, sələflərinin həmişə belə məqamlarda istifadə etdikləri “Qarabağ kartını” bu dəfə o, işə salmaqla daxili auditoriyanı sakitləşdirməyə çalışır. Paşinyanın qısa vaxt ərzində öz mövqeyini dəyişməsinin, əvvəlki fikirlərini inkar edən ziddiyyətli bəyanatlar verməsinin əsas səbəbi də, məhz, budur.

İkincisi, erməni lobbisinin təzyiqləri və ermənipərəst Fransanın təhriki nəticəsində ölkədə revanşizm meyillərinin artması Paşinyanı “yeni reallıqlar” yaratmağa və ondan danışıqlar prosesində mövqeyini gücləndirmək üçün istifadə etməyə şirnikləndirib. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin mütəmadi şəkildə pozulmasının da bu amilə xidmət etməsi ehtimalı böyükdür. İndiki vəziyyətdə sərhəddə yaranmış gərginlik hər bir halda Paşinyanın işinə yarayır. Əgər təsadüfən Ermənistan ordusu son silahlı toqquşmalarda hansısa cüzi hərbi üstünlük əldə edə bilsəydi, ki bu ehtimal sıfıra bərabərdir, Paşinyan sülh danışıqlarının növbəti raunduna əli güclənmiş çıxa bilərdi. Ehtimal ki, Azərbaycan Ordusunun qüdrətinə bələd olan erməni baş nazirin özü də bunun baş verəcəyinə inanmırdı və elə indi də inanmır. Ancaq o, bununla ən azından erməni ictimaiyyətini “biz nəsə etməyə çalışdıq, ancaq “düşmən” güclüdür, yenidən müharibə başlasa daha pis vəziyyət yaranacaq” faktı qarşısında qoymaqla ona edilən hücumları neytrallaşdırmağa çalışır. Paşinyan müharibə xofunun ermənilərin canından hələ də çıxmadığını yaxşı bilir, bu amil öz postunu qorumaqda onun işinə yaraya bilər.

Ölkədə müharibə ritorikasının artmasına gəlincə, burada yenə də kənar qüvvələrin, xüsusilə Fransa və İranın təsiri böyükdür. Fransa birbaşa, İran isə Hindistandan göndərilən hərbi yüklərin ərazisindən keçirərək çatdırılmasını təmin etməklə Ermənistanı silahlandırmağa çalışır. Son zamanlar yeni silahların alınması ilə bağlı yayılan xəbərlər dolayısı ilə Ermənistanda revanşist qüvvələrin fəallaşmasına, sadəlövh ermənilər arasında “yenidən müharibə etsək bu dəfə qalib gələrik” eyforiyasının yaranmasına səbəb olur. Ancaq ordumuzun erməni təxribatlarının qarşısını qətiyyətlə alması və düşmən tərəfin itkiləri həmin eyforiyanın yerini çox tezliklə ruh düşkünlüyünə verəcəyini qaçılmaz edir. Azərbaycan Silahlı Qüvvələrinin bütün növ hərbi birləşmələri, əsas da xüsusi təyinatlılarımız, komandolarımız düşmənə haqq etdiyi dərsi verməyə hər zaman hazır və qadirdir.

 

Daha çox xəbərlər