Nazir müavini: Məktəblərdə psixoloq ştatı nəzərə alınmalıdır
Məktəblərə ixtisaslı psixoloqların cəlb edilməsi gündəmdədir. Çünki bəzi hallarda məktəblərdə çalışan psixoloqlar öz ixtisası ilə çalışmayan kadrlardır.
ARANTV.AZ-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev nazirlik tərəfindən media üçün keçirilən təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” qanunla bağlı çıxışı zamanı bildirib.
O qeyd edib ki, məktəblərdə psixoloq ştatı nəzərə alınmalıdır. Bunun üçün də meyarlar müəyyənləşməlidir.
İdris İsayevin sözlərinə görə, hər bir sinifdə şagird sıxlığı var:
“Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir. Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq”.
“Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji fəaliyyətlə məşğul olur, Azərbaycandakı təhsil müəssisələrinin sayı isə 4500-dir. 360-yaxın müəssisədə təhsilalanlara ümumi təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsil verilir. Əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır”, – deyə nazir müavini qeyd edib.oxu.az

