Cəmiyyət 

“Yeraltı müharibə”nin torpaq üzərində saçdığı dəhşət

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları aparılır. İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir.

Sonuncu dəfə sentyabrın 19-da bir ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tankəleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində iki mülki şəxs həlak olub.

Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək şəhadətə qovuşub. Bununla da 44 günlük Vətən müharibəsindən indiyə qədər, ümumilikdə, mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra artıq dəfn edilmiş qondarma rejimin bu ərazilərdə əlavə minalar basdırdığı üzə çıxıb. 480 kilometrdən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursat deyil.

2020-ci ildə baş verən 44 günlük müharibədən dərhal sonra Azərbaycan əvvəllər işğal olunmuş ərazilərdə – 1200 kilometrdən artıq təmas xətti boyunca Ermənistanın yerləşdirdiyi minaların gözlənilən təhlükəsi ilə üz-üzə qaldı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatdan sonra 310-dan çox mina partlayışı qurbanımız var. Humanitar minatəmizləmə böyük insan və maliyyə resursları tələb edir və yenidənqurma prosesinə mane olur. Yollar boyunca, tarlalarda və hətta qəbiristanlıqlarda yerin səthindən bir neçə santimetr aşağıda yerləşdirilmiş minalar dəhşət saçır. Əlavə edilmiş xəritədən göründüyü kimi, 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində biz aşkar etdik ki, artıq tarixin arxivinə getmiş qeyri-qanuni rejim, təqribi hesablamalara görə, 480 kilometrlik təmas xətti boyunca əlavə yarım milyon mina basdırıb.

Əvvəllər yerləşdirilən minalar az imiş kimi, Ermənistan və qanunsuz rejim ərazimizə əlavə “gizli qatillər və ölüm toxumları” yerləşdiriblər ki, onların təmizlənməsi çox böyük səy tələb edir. 2023-cü il aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılana qədər İrəvan Ermənistan Respublikasında yenicə istehsal olunmuş minaları Qarabağa çatdırmaq üçün Laçın yolundan istifadə edirdi. İnsanların həyatını xilas etmək üçün Ermənistan humanitar məsələlərdə ayrı-seçkiliyə yol verilməməsi prinsipinə uyğun olaraq, yeni minalanmış ərazilərin xəritələrini təqdim etməli, humanitar minatəmizləmə məsələlərində Azərbaycana kömək etməlidir.

Minalar “müharibə silahı” kimi istehsal edilsə də, əslində, mina qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi gündəlik həyatlarını davam etdirən, su gətirən, məktəbə gedən və ya tarlalarından məhsul toplayan günahsız insanlar, o cümlədən, qadınlar və uşaqlardır.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev də oktyabrın 1-də verdiyi açıqlamada Ermənistanın hələ də mina xəritələrini vermədiyini, təqdim olunan xəritələrin isə həqiqəti əks etdirmədiyini bildirib. Ən son məlumata görə, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb. Statistikaya əsasən, 2020-ci ilin noyabrından bu ilin sentyabrın 1-dək 95318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93410 mina və partlamamış hərbi sur­sat tapılaraq zərərsizləşdirilib.

Onu da bildirək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir. Belə ki, lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.

Haylar bilməlidirlər ki, müdrik, namuslu və zəhmətkeş Azərbaycan xalqı bu çətinliyin də öhdəsindən gələcək, tarixən cənnət adlandırılan, məhsuldar, barlı-bərəkətli Qarabağ torpağı yenə əvvəlki günlərinə qayıdacaq. Bu gözəl diyar minalardan tam təmizlənəcək, yenə də insanlar burada qurub-yardacaq. Xain hayların etdiyi pisliklər isə insanlıq adına utanc olmaqla bəşəriyyətin tarixində qara ləkə kimi qalacaq.

Daha çox xəbərlər