“Yaşıl enerji”: Perspektivlər nə vəd edir?
Qlobal iqtisadiyyatda yeni mərhələ – “yaşıl enerji” dövrü öz yerini möhkəmlətməkdədir. Aparılan araşdırmalara görə, alternativ mənbələrdən enerji istehsalı növbəti beş ildə 50 faiz artaraq 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək.
Enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, ölkəmiz bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Azərbaycan dövlətinin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, respublikamız bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir.
Ölkəmizdə 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Azərbaycan növbəti illərdə bərpa olunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək olan hədəf bərpa olunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir. Son illərdə respublikamız artan potensialdan istifadə edərək bu sahədə istehsal gücünü genişləndirməyə çalışır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad ediləndən sonra bu ərazilərdə “yaşıl texnologiya”ların tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, genişhəcmli işlərin icrasına başlanılıb.
Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin gerçəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam da imzalanıb.
Adları çəkilən iqtisadi rayonlarda bərpaolunan enerji potensialının gerçəkləşməsini bu ərazilərin əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, həmçinin “yaşıl enerji” mənbələrindən, o cümlədən günəş, külək və su resurslarından geniş istifadəyə münbit zəmin şərtləndirir. Prezident İlham Əliyevin düşməndən təmizlənən torpaqlarımızın bərpa olunan zəngin enerji potensialını nəzərə alaraq o əraziləri “yaşıl enerji” zonası elan etməsi də məhz həmin amillə bağlıdır. Elə Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir: “Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”.
Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, aparılan bərpa-quruculuq işlərində “yaşıl texnologiya”ların tətbiqinə üstünlük verilir.
Qarabağda külək enerjisinin istehsalı da planlaşdırılır. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300–500 meqavat həddində qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialının hesablanacağı nəzərdə tutulur.
Bütün bunlardan başqa, Kəlbəcər və Şuşada termal su ehtiyatları var. Qarşıda duran vəzifələrdən biri də həmin mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir. Qarabağ bölgəsində, həmçinin daş kömür yataqları mövcuddur. Məsələn, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir.
İşğaldan azad olunan ərazilər su ehtiyatlarının zənginliyi ilə də seçilir. Ümumilikdə, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi məhz həmin sahələrdə formalaşır. Bununla yanşı, sözügedən torpaqlarda 14 çay və 9 su anbarı yerləşir. Bu ərazilərin yerüstü və yeraltı su ehtiyatlarından həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün zəngin potensial var.
İşğaldan azad edilən torpaqların mövcud su ehtiyatları burada alternativ, təmiz elektrik enerjisinin istehsalı üçün də yaxşı imkanlar yaradıb. Ötən müddətdə həmin ərazilərdə 30-a yaxın su elektrik stansiyası bərpa edilib. Yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237 meqavat gücündə 38 yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması nəzərdə tutulub.
Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində hazırda inşası davam etdirilən və qoyuluş gücü 200 meqavat olan “Xudafərin” və 80 meqavatlıq “Qız Qalası” su elektrik stansiyaları da regionun mühüm enerji obyektləri sırasındadır. Həmin obyektlərin isə 2–2,5 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, regionun Tərtərçay, Bərgüşadçay, Həkəri çayları və bu çayların qollarında kifayət qədər böyük enerji istehsal güclərinin yaradılması mümkündür. Artıq 30 meqavatlıq Bərgüşadçay və 43 meqavatlıq Həkəriçay kiçik SES-lərin inşası ilə bu çayların hidroenerji potensialından da istifadə edilməsi nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da “yaşıl enerji” marafonuna qoşulub. Qədim diyarımızda “yaşıl enerji zonası”nın inkişafı üçün müvafiq konsepsiya hazırlanıb. Prezident İlham Əliyev tərəfindən Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qarşıya mühüm vəzifə kimi qoyulub.

