Müqəddəs arzu…
İkinci Qarabağ müharibəsində 30 il düşmənə əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda qan tökən minlərlə qəhrəmandan biri də Masallı rayonu, Mahmudavar kəndində dünyaya göz açan Röyad Famil oğlu Məmmədovdur. Röyad 20 yaşında şərəfli ölümü ilə milyonların ürəyində özünə əzəmətli abidə ucaldıb. İndi Röyadın adı bütöv bir xalqın qəhrəmanlıq simvolunu dönüb. Həm də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün bu, Vətən oğlu Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda», «Cəsur döyüşçü», eləcə Füzulinin, Xocavəndin, Şuşanın azadlığına görə medalları ilə təltif edilib.
Masalının Vətən sevdalı oğlu orta məktəbi 2018-ci ildə bitirib Bakı şəhərində, Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olub. Bir ay burada təhsil aldığı vaxtda el təəssüfünü çəkən, dünyanın xeyirxahlığına can atan, xalqına, Vətəninə sədaqətli bir oğul kimi ürəklərə yol alır. Məhz bu keyfiyyətlərinə görə erməni dığaların işğalı altında inləyən, əsir Qarabağın harayı onu rahat buraxmır. Odur ki, təhsilini yarımçıq qoyub yağı düşməndən qisas almaq məqsədilə ordu sıralarına yola düşür və 2020-ci ilin aprel ayına qədər Tovuz rayonunda yerləşən «N» saylı hissədə Azərbaycanın müqəddəsliyinə tapınmaqla onun keşiyində durur. Eləcə məqamı gələndə düşmənlə döyüşə getməyə tam hazır olur.
Minlərlə qeyrətli Vətən oğlunun arzusu 27 sentyabr 2020-ci ildə gerçəkləşir. Polad biləkli igidlər əlinə silah götürüb düşməndən əsir düşən Vətən torpaqların qisasını almaqdan ötrü ön cəbhədə haqq savaşımıza atılırlar. Röyad da ən ağır müharibə meydanlarında dəfələrlə düşmən üzərində qələbə qazanır . Füzulinin alınması uğrunda böyük hünər göstərir və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Onun döyüş əzmi, qələbəyə yenilməz inamı Şuşa döyüşlərində də görünür. Vətənini canından əziz tutmaqla ölüm-dirim savaşında əsl cəngavər tək vuruşaraq dığalara ağır itkilərlə cavab verir. Noyabrın 8-də Laçından Şuşaya gedən yolu ələ keçirmək uğrunda son nəfəsinə qədər vuruşub, düşməndən qisasını alandan sonra şəhidlik zirvəsinə ucalır. Qalxdığı ali mərtəbədə şanlı qələbəmizlə ruhu şad olur. Elə Röyadın ən müqəddəs arzusu Vətən torpaqları azad görmək idi…
Bəli, Masallı camaatı heç zaman Vətən naminə canını qurban vermiş şəhid övladını unutmayacaq və zaman-zaman onun qisa, olduqca şərəfli həyat yolu gələn nəsillərə nümunə olacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

